Xəzərin hər iki sahilində yeni siyasi, iqtisadi, nəqliyyat, enerji və rəqəmsal əməkdaşlıq məkanı formalaşır - ŞƏRH
Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə strateji tərəfdaşlıq, qardaşlıq və qarşılıqlı etimad prinsiplərinə əsaslanan münasibətlər dinamik şəkildə inkişaf edir. Ötən ilin noyabr ayında Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 7-ci Məşvərət görüşündə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə tamhüquqlu iştirakı barədə qərarın qəbul edilməsi münasibətlərin institusional baxımdan yeni mərhələyə keçməsinə şərait yaradıb.

Bu baxımdan Prezident İlham Əliyevin Türkmənistanda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı bu regionun dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi, həm ikitərəfli formatda, həm də ümumilikdə Mərkəzi Asiya kontekstində münasibətlərin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışında qeyd etdi ki, Azərbaycan Mərkəzi Asiyadan enerji resurslarının beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır, bərpaolunan enerji sahəsində də əməkdaşlıq ardıcıl şəkildə genişləndirilir, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın geosiyasi əhəmiyyəti yalnız energetika və nəqliyyat sahələrində birgə layihələrlə məhdudlaşmır.
Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Azərbaycanın tamhüquqlu iştirakı və sədrliyinin ən əhəmiyyətli istiqamətlərindən biri siyasi dialoqun genişləndirilməsidir. Prezident İlham Əliyev çıxışında Türkmənistan Prezidentinin təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi qeyd etdi. Bildirdi ki, qardaş Türkmənistanın ölkəmizə bu hədiyyəsi xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın daha bir təzahürüdür.
Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyətə malikdir. Özbəkistan artıq Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstan Ağdamda Manas adına məktəb inşa edib. Bütün bunlar göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlər artıq ayrı-ayrı ikitərəfli əlaqələrin məcmusu deyil. Xəzərin hər iki sahilində yeni siyasi, iqtisadi, nəqliyyat, enerji və rəqəmsal əməkdaşlıq məkanı formalaşır.
Azərbaycanın bu prosesdə iştirakı həm ölkəmizin milli maraqlarına, həm də daha geniş regionda sabitliyin və iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edir. Prezident İlham Əliyevin uzaqgörən xarici siyasət strategiyası Cənubi Qafqaz və Mərkəzi Asiyanı vahid geoiqtisadi məkana çevirir.
Önəmli məqamlardan biri də budur ki, Azərbaycan 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək. Azərbaycan indiyə qədər hansı beynəlxalq səviyyəli, çoxtərəfli formatlara sədrlik edibsə, böyük faydalar verib. İndi isə Azərbaycanın sözügedən Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı və qarşıdakı ildə sədrliyinin təmin edilməsi həm bu platforma üçün, həm də Azərbaycan üçün böyük əhəmiyyət daşıyacaq.




