Tənzilə Rüstəmxanlının “Soyağacım – Sonsuz acım” kitabının təqdimatı keçirilib - FOTOLAR
Bakıda millət vəkili Tənzilə Rüstəmxanlının “Soyağacım – Sonsuz acım” kitabının təqdimatı keçirilib.
Tenzilerustemhanli.az xəbər verir ki, noyabrın 21-də Bakıda, “Iris Hotel Baku”da Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlının “Soyağacım – Sonsuz acım” kitabının təqdimat mərasimi keçirilib.
Milli-mənəvi dəyərlərin, tarixi yaddaşın və soy-kökə bağlılığın ön plana çəkildiyi tədbirdə tanınmış ictimai-siyasi xadimlər, millət vəkilləri, elm və ədəbiyyat nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli, Xalq şairi Sabir Rüstəmxanlı, deputatlar Məlahət İbrahimqızı, Fəzail İbrahimli, Səbinə Salmanova, Qərbi Azərbaycan Televiziyasının rəhbəri, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədr müavini Telli Pənahqızı, professor Firudin Cəlilov, Əlövsət Ağalarov və digər tanınmış ziyalılar iştirak ediblər.
“Soyağacım – Sonsuz acım” kitabı insanın öz keçmişini, mənsub olduğu nəsli və tarixi köklərini tanımasının vacibliyini ön plana çəkir. Əsərdə nəsillərin tarixi yaddaşının qorunması, ata-baba mirasının yaşadılması və milli kimliyin gələcək nəsillərə ötürülməsi əsas ideyalar kimi əksini tapıb.
Kitab yalnız ailə tarixinin araşdırılması deyil, həm də xalqın yaddaşında yaşayan milli-mənəvi dəyərlərin qorunmasına xidmət edən ədəbi-tarixi təşəbbüs kimi diqqət çəkir. Müəllif oxucuları öz ailə tarixlərini araşdırmağa, əcdadlarının izlərini tanımağa və bu irsi yaşatmağa çağırır.
Təqdimat zamanı Qərbi Azərbaycan yaddaşının yaşadılması, ata-baba yurdlarına bağlılığın qorunması və tarixi irsin gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti də vurğulanıb. Bildirilib ki, ailə yaddaşı, şifahi tarix ənənələri və nəsillərarası mənəvi bağlılıq milli kimliyin formalaşmasında mühüm rol oynayır.
Tədbir “Soyağacım – Sonsuz acım” kitabının keçmişlə gələcək arasında mənəvi körpü yaratmaq, soy-kökə bağlılığı gücləndirmək və tarixi yaddaşı yaşatmaq baxımından əhəmiyyətini bir daha ortaya qoyub.




