Kəlbəcərin bu günü qələbə ruhunun, torpaq sevgisinin və vətənə bağlılığın rəmzidir - Tənzilə Rüstəmxanlı yazır
44 günlük Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun şücaəti sayəsində Ermənistanın məğlubiyyətilə nəticələndi. 30 il işğal atında qalan torpaqlarımız əsl sahiblərinə geri qaytarıldı. Şübhəsiz ki, burada Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi və diplomatik bacarığı öz sözünü dedi. Döyüş meydanında məğlub olan Ermənistan 2020-ci ilin noyabrında kapitulyasiya aktını imzalamaqla Ağdam və Kəlbəcər rayonlarını bir güllə atılmadan Azərbaycana təhvil verdi.

2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dövlət başçısının müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi müəyyənləşib. Bu gün yalnız tarixi qayıdış günü deyil, eyni zamanda, Azərbaycanın suverenliyinin gücünü, xalqımızın birliyini və iradəsini, şəhidlərimizin müqəddəs xatirəsini, Kəlbəcərin bərpasına başlanılan yeni inkişaf mərhələsini simvolizə edir. Bu gün hər bir azərbaycanlı üçün qələbə ruhunun, torpaq sevgisinin və vətənə bağlılığın rəmzidir.
Kəlbəcər artıq böyük qayıdışın təcəssümünə çevrilib. Bura qayıdan hər bir vətəndaş tikinti və quruculuqda iştirak etməklə həm tarixə, həm də gələcək nəsillərə öz töhfəsini verir. Azərbaycan dövləti Kəlbəcəri yalnız bərpa etmir, onu müasir və inkişaf etmiş bir region kimi yenidən qurur. Bu isə gələcək illərdə bölgənin sosial-iqtisadi inkişafının daha da sürətlənəcəyinə zəmin yaradır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” ərazinin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulmasını nəzərdə tutur. Şəhər əhalisinin sayı 17 000 nəfərə çatdırılacaq, yaşayış fondu 488 min m² təşkil edəcəkdir. Burada ortamərtəbəli çoxmənzilli və inzibati binalar, ətrafda isə fərdi yaşayış evləri tikiləcəkdir. Həmçinin, 4 məktəb, 4 uşaq bağçası, 2 xəstəxana, İşğal və Zəfər muzeyləri, mehmanxanalar, müxtəlif ictimai-iaşə obyektləri və idman meydançalarının tikintisi planlaşdırılır.
Kəlbəcərin yenidənqurulması yalnız fiziki bərpa deyil, həm də milli yaddaşın və mədəni irsin qorunmasıdır. Dağıdılmış şəhər və kəndlərin yerinə yeni binalar, məktəblər və ictimai obyektlər tikilir, tarixi məkanlar bərpa olunur. Hər yeni bina, hər təməl Azərbaycanın güclü, ləyaqətli və müstəqil dövlət kimi inkişafının əyani sübutudur.
“Böyük Qayıdış” proqramı çərçivəsində şəhərdə minlərlə insan yeni mənzillərdə yaşayacaq və bu, həm fiziki bərpa, həm də mənəvi dirçəlişin təcəssümüdür. Dövlət və xalq birliyi sayəsində şəhər yenidən həyat dolu məkana çevrilir. Buradan yayılan hər addım gələcək nəsillərə milli qürur və dövlətçiliyin əbədi simvolu kimi ötürülür.
25 noyabr – Kəlbəcər şəhəri günü həm tarixi irsin, həm işğaldan azad olunmuş torpaqlarda müasir quruculuğun təzahürü kimi mühüm önəm kəsb edir. Bu şəhər artıq gələcəyin inkişaf perspektivi ilə diqqət çəkən bir məkana çevrilib. Azad Kəlbəcərdə son altı ildə görülən işlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən sonra bu torpağa ilk səfəri zamanı etdiyi “Bu da gözəl Kəlbəcər dağları, hər tərəf dağ, çay, meşə, cənnətməkan. Cənnətə də çevriləcəkdir” çağırışının reallıqda təsdiqidir.




