TURAN YAZGAN – TÜRK DÜNYASININ YADDAŞINDA ƏBƏDİ YAŞAYAN BÖYÜK MÜƏLLİM
Bir ömrün Türk dünyasına həsr olunmuş işıqlı hekayəsi…
Türk millətinin minillik tarixində elə şəxsiyyətlər var ki, onlar yalnız yaşadıqları dövrün deyil, gələcək nəsillərin də yolunu işıqlandırırlar. Əməlləri ilə tarix yazır, düşüncələri ilə gələcəyi görür, yaratdıqları mənəvi irslə millətin yaddaşında əbədi yaşayırlar. Onların böyüklüyü tutduqları vəzifələrlə deyil, millətinə verdikləri dəyərlə ölçülür.
Mənim həyatımda belə unudulmaz şəxsiyyətlərdən biri Türk Dünyası Araşdırmaları Vəqfinin qurucusu, böyük türk aydını, görkəmli maarifçi, əziz Turan Yazgan hocamızdır.
Türk dünyası deyəndə, bu dünyaya təmənnasız xidmət deyəndə gözlərimin önünə gələn ilk simalardan biridir Turan hoca. Onu tanımaq, onunla eyni idealları bölüşmək, illərlə fəaliyyətini yaxından izləmək həyatımın ən qiymətli mənəvi qazanclarındandır.
Turan hoca haqqında danışmaq mənim üçün həm də ömrümün Türk dünyasına həsr etdiyim illərinə, o illərin mübarizəsinə, ümidlərinə və unudulmaz xatirələrinə qayıtmaqdır.
Gələcəyi onilliklər əvvəl görən böyük türk aydını
Hələ Sovet İttifaqının mövcud olduğu, Türk dünyasının böyük bir hissəsinin dəmir pərdələr arxasında yaşadığı bir dövrdə, 1980-ci ildə Türkiyədə Türk Dünyası Araşdırmaları Vəqfini yaratmaq adi təşəbbüs deyildi. Bu, böyük uzaqgörənliyin, milli düşüncənin və gələcəyə sarsılmaz inamın ifadəsi idi.
O zaman çoxlarının bir-birindən ayrı coğrafiyalar kimi gördüyü türk ellərini Turan hoca ortaq tarixin, dilin, mədəniyyətin və gələcəyin parçaları kimi görürdü. Türk dünyasında baş verən hadisələri Türkiyə ictimaiyyətinə tanıtmaq üçün nəşrlər hazırlayır, elmi araşdırmalar aparır, əlaqələr qururdu.
1991-ci ildə Sovet İttifaqı dağılıb türk respublikaları müstəqilliklərini qazandıqda Turan hoca sanki illərlə gözlədiyi tarixi fürsətin yetişdiyini gördü. Yeni müstəqillik qazanmış türk dövlətlərinə ilk mənəvi və maarif körpülərini uzadan insanlardan biri oldu. Məktəblər açdı, təhsil layihələri yaratdı, gənclərin yetişməsinə bütün varlığı ilə çalışdı.
Çünki Turan hoca yaxşı bilirdi ki, Türk dünyasının birliyi yalnız siyasi qərarlarla deyil, məktəbdə, uşaqların qəlbində, gənclərin düşüncəsində qurulmalıdır.
Onun çıxışları bu gün də gözlərimin önündədir. Otuz il əvvəl türk dövlətlərinin gələcək birliyindən, ortaq iqtisadi və siyasi gücündən, geniş coğrafiyasından, zəngin insan potensialından elə danışırdı ki, sanki bu günləri artıq görürdü.
Bugünkü Türk Dövlətləri Təşkilatının ifadə etdiyi birlik idealını o, onilliklər əvvəl böyük inamla müdafiə edirdi.
Bəzən düşünürəm: Kaş Turan hoca bu günləri görəydi!
Türk dövlətlərinin eyni masa ətrafında toplaşdığını, ortaq gələcəkləri haqqında qərarlar qəbul etdiyini, Türk dünyasının beynəlxalq siyasətdə getdikcə daha güclü mövqeyə yüksəldiyini görəydi!
Əminəm ki, ömrünü həsr etdiyi bu birliyin bugünkü mənzərəsini görsəydi, ən çox sevinən insanlardan biri olardı.
Bir millətin gələcəyini uşaqlarda görən müəllim
Turan hocanın xidmətləri içərisində qəlbimdə xüsusi yer tutan işlərindən biri Türk dünyasının uşaqlarını bir araya gətirməsi idi.
Onun təşkil etdiyi Türk Dünyası Uşaq Şölənləri sadəcə bayram tədbirləri deyildi. Bunlar gələcək Türk birliyinin ən səmimi təməlləri idi.
Yakutiyadan, Sibirdən, Altaylardan, Qaraçay və Noğay ellərindən, Qırğızıstandan, Qazaxıstandan, Türkmənistandan, Azərbaycandan, Kərkükdən, Bayırbucaqdan və daha neçə-neçə türk coğrafiyasından uşaqları Türkiyəyə dəvət edirdi.
O uşaqlar İstanbulda türk ailələrinin evlərində qalır, Türkiyəni tanıyır, bir-birləri ilə dostlaşır, ortaq dilin və mədəniyyətin nə demək olduğunu yaşayaraq öyrənirdilər.
Bir-birindən uzaq düşmüş türk ellərinin uşaqları ilk dəfə görüşür, eyni kökdən gəldiklərini anlayırdılar. Turan hoca onların qəlbinə illər keçsə də yaşayacaq bir sevgi toxumu əkirdi.
Turan hoca dövlətlər arasında körpü qurmazdan əvvəl könüllər arasında körpü qururdu.
Türk dünyası qadınlarını bir araya gətirən böyük təşəbbüs
Turan hocanın unudulmaz xidmətlərindən biri də 1999-cu ildə İstanbulda təşkil etdiyi Türk Dünyası Qadınlar Qurultayı idi.
Türk dünyasının müxtəlif bölgələrindən qadınları bir araya gətirmək, onların tanış olmasına, bir-birlərinin fəaliyyətini öyrənməsinə şərait yaratmaq o dövr üçün son dərəcə əhəmiyyətli təşəbbüs idi.
O, qadınların Türk dünyasının gələcəyində oynayacağı rolu çox gözəl anlayırdı. Bilirdi ki, bir millətin dilini, mədəniyyətini, mənəvi dəyərlərini gələcəyə daşıyan ən böyük qüvvələrdən biri qadındır, anadır, müəllimdir.
Ömrümün böyük bir hissəsini Türk dünyasında qadın hərəkatına həsr etmiş bir insan olaraq onun bu təşəbbüslərinin dəyərini çox yaxşı bilirəm.
Türk dünyasını daha yaxından tanımağımda, bu geniş coğrafiyanın insanları, xüsusilə qadınları ilə əlaqələrimin qurulmasında Turan hocanın böyük əməyi var. Bunu hər zaman minnətdarlıqla xatırlayıram.
Turan hoca yalnız böyük müəllim, fikir adamı deyildi. O, bizim ailəmizin də çox əziz, doğma dostu idi.
Həyat yoldaşı Gülən xanımla birlikdə evimizin ən hörmətli qonaqlarından olardı. Turan hoca Azərbaycana gələndə evimiz sanki türk aydınlarının görüş yerinə çevrilərdi.
Azərbaycanda milli düşüncəyə, türkçülük məfkurəsinə bağlı ziyalılar, türk milliyyətçiləri onun söhbətlərini dinləməyə, fikirlərindən bəhrələnməyə bizim evimizə toplaşardılar.
Sabir bəylə saatlarla oturub Türk dünyasından, türk millətinin tarixindən, gələcəyindən, milli birliyin əhəmiyyətindən danışardılar. O söhbətlərin nə vaxt başladığını bilərdik, amma nə vaxt bitəcəyini bilməzdik. Çünki onların hər ikisini birləşdirən böyük bir sevda vardı: Türk dünyasının birliyi, türk millətinin güclü gələcəyi.
Mən o günləri bu gün də böyük sevgi və kövrəkliklə xatırlayıram. Evimizdə yalnız dostlar görüşmürdü. Orada fikirlər bölüşülür, ideallar müzakirə olunur, Türk dünyasının gələcəyi haqqında böyük arzular qurulurdu.
Bu gün düşünürəm ki, o məclislərdə danışılanların çoxu artıq Türk dünyasının gerçəkləşən gələcəyinı çevrilib.
Turan hocanın Azərbaycanla bağlı xidmətləri də ayrıca bir tarixdir.
Azərbaycanda Atatürkün adını daşıyan liseyin yaradılması, iqtisadiyyat və idarəetmə sahəsində təhsil təşəbbüslərinin həyata keçirilməsi onun ölkəmizə verdiyi böyük dəyərin ifadəsi idi.
O, Azərbaycanın müstəqilliyini, güclənməsini, savadlı və milli düşüncəli gənclər yetişdirməsini bütün Türk dünyasının gələcəyi üçün vacib sayırdı.
Turan hoca böyük Atatürkçü idi. Mustafa Kamal Atatürkün milli dövlətçilik, müasir təhsil və milli şüur ideallarını öz həyatında yaşadırdı.
Türk millətinin tarixini, coğrafiyasını, mədəniyyətini dərindən bilirdi. Ancaq onu fərqləndirən yalnız biliyi deyil, bildiklərini həyata keçirmək iradəsi idi.
Turan hocanı xatırlayanda gözlərimin önünə möhkəm xarakterli, prinsiplərindən dönməyən, heç kimin qarşısında əyilməyən bir insan gəlir.
Xüsusilə Fətullah Gülən hərəkatının Türk dünyasında genişlənməyə çalışdığı illərdə Turan hoca bu fəaliyyətlərə qarşı açıq mövqe ortaya qoyan, təhlükələri görən və xəbərdarlıq edən aydınlardan biri idi.
Onun rəhbərlik etdiyi vəqfin fəaliyyətinə maneələr yaradılması, gördüyü işlərin çətinləşdirilməsi ilə bağlı yaşadığı mübarizələri yaxından xatırlayıram. Bütün bunlara baxmayaraq geri çəkilmədi, öz məfkurəsindən və millətinə xidmət yolundan dönmədi.
Sonrakı illərdə Türkiyədə FETÖ ilə bağlı ortaya çıxan hadisələr onun vaxtilə səsləndirdiyi xəbərdarlıqların ciddiliyini bir daha gündəmə gətirdi.
Ergenekon prosesləri dövrünü də yaxşı xatırlayıram. Həmin illərdə adlarımızın müxtəlif materiallarda çəkilməsi, yaşanan siyasi və hüquqi gərginliklər yaddaşımdan silinməyib.
Turan hocanın o günlərdəki duruşu mənim üçün böyük xarakter nümunəsi idi.
O, İstanbul Universitetinin hörmətli professoru, yüzlərlə tələbənin müəllimi, Türk dünyasının hər yerində tanınan, sevilən şəxsiyyət idi.
Onun əsl gücü inandığı həqiqətin arxasında sona qədər dayanmağı bacarmasında idi.
Əziz hocam, ən çox da o doğma səsiniz üçün darıxıram…
İnsan həyatında elə insanlar olur ki, onların yoxluğu illər keçdikcə daha dərindən hiss edilir. Turan hoca mənim üçün belə insanlardan biridir.
Onunla bağlı çox gözəl xatirələrim var. Amma bu gün ən çox özlədiyim onun mənə hər dəfə özünəməxsus mehribanlığı ilə “Tənzilə Sultan!” deyə xitab etməsidir.
Həftədə iki-üç dəfə telefonla arayardı. Telefonun o başından eşitdiyim doğma səsində nə qədər sevgi, hörmət, səmimiyyət vardı!
İnsanın yaddaşında bəzən böyük hadisələrdən daha çox bir səs, bir söz, bir müraciət yaşayır. Mənim üçün Turan hocanın o doğma xitabı da belədir. O səs mənə həyatımızın çox qiymətli, çox işıqlı bir dövrünü xatırladır.
Turan hoca böyük biliyə, uzaqgörənliyə, sarsılmaz milli düşüncəyə sahib idi. Eyni zamanda dostluğun, sədaqətin, vəfanın qədrini bilən çox işıqlı insan idi.
Mən onun yoxluğuna kədərlənirəm. Xüsusilə ömrünü həsr etdiyi Türk dünyasının bugünkü birliyini, türk dövlətlərinin bir-birinə yaxınlaşmasını görə bilmədiyinə üzülürəm.
Amma bir təsəllim var: bu gün Türk dünyasında yaşanan hər bir müsbət inkişafda Turan hocanın da əməyi, düşüncəsi, yetişdirdiyi insanların payı var.
O, özündən sonra yalnız xatirələr deyil, böyük bir məktəb, bir məfkurə, bir nəsil qoyub getdi.
Əziz Turan hocam!
Siz yalnız məktəblər açmadınız, gələcəyə qapılar açdınız. Yalnız insanları bir araya gətirmədiniz, ayrı düşmüş türk ellərinin könüllərini birləşdirdiniz.
Mən sizi tanıdığım və ailəvi dostluğumuzu paylaşdığım üçün hər zaman qürur duyacağam.
Nə xoş o insana ki, dünyadan köçəndən sonra da millətinin gələcəyində yaşayır!
Ruhunuz şad olsun! Allah sizə rəhmət eləsin, məkanınız cənnət olsun!
Türk dünyası sizi unutmayacaq. Mən də o doğma səsinizi heç zaman unutmayacağam, Turan hocam.
Tənzilə Rüstəmxanlı
Milli Məclisin deputatı




