Ulu Öndərin təməlindən 44 günlük Zəfərə: Birliyin və qüdrətin hekayəsi - Tənzilə Rüstəmxanlı yazır

Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Sonrakı dövrdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırdı.

media-d4fba850_6132_4cb3_b6f4_35a74d979e54_1761911289

Prezident İlham Əliyev Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. Prezident İlham Əliyevin “dəmir yumruq” ifadəsi təkcə hərbi gücün simvolu deyildi, həm də milli birliyin, həmrəyliyin rəmzinə çevrildi.

Xalq öz Liderinə inandı, Ordusuna güvəndi və bu inam nəticəsində bütün Azərbaycan bir amal uğrunda birləşdi – torpaqların azadlığı! 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın otuz ildən artıq işğalda saxladığı torpaqlar azad edildi.

Bu, Azərbaycan xalqı üçün misilsiz və tarixi bir Zəfərdir. Şübhəsiz ki, bu, böyük bir bayramdır və ölkəmizin ən şərəfli səhifələrindən biridir. 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciət edərək bu tarixi xəbəri elan etdi. Həmin an yalnız bir şəhərin deyil, bütöv Azərbaycanın ruhu və qüruru dirçəldi. Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə 8 Noyabr “Zəfər Günü” elan edildi.

Bu qərar xalqımızın qəhrəmanlığını, dövlətimizin qüdrətini və milli qürurumuzu əbədiləşdirərək gələcək nəsillərə şanlı tarix kimi ötürür. Zəfər gününün önəmi zaman keçdikcə daha da aydın olur. Bu Azərbaycan xalqının qalib xalq, qalib millət olduğunu bütün dünyaya bəyan etməyimizdir.

Zəfər günü Azərbaycan xalqının həyatında intibah dövrünün başlanmasıdır. Zəfər günü Azərbaycan xalqının qalib xalqlar sırasına qoşulduğu bir gündür. Azərbaycan xalqı bundan sonra həyatın bütün sahələrində böyük və möhtəşəm uğurlar silsiləsinə daxil olmuşdur.

Azərbaycan xalqı tamamilə dağıdılmış azad olunmuş ərazilərimizdə yeni həyat qurur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident cənab İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir.

Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Hava qapılarını dünyaya açan Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir.

Biz bu Zəfəri xalqımızın birliyinə, ordumuzun gücünə və şəhidlərimizin müqəddəs ruhuna borcluyuq. Onların hər biri bu günün yazılmasına öz canı ilə imza atdı. Bu səbəbdən Zəfər Günü təkcə bayram deyil, həm də milli qürur və minnətdarlıq günüdür.

Bu qələbə ilə Azərbaycan sübut etdi ki, xalqın birliyi, ədalətli mövqeyi və möhkəm iradəsi qarşısında heç bir güc dayana bilməz. Zəfər Günü hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq, gələcək nəsillərə Vətənə sevgi və qəhrəmanlıq örnəyi kimi ötürüləcək.

Tarixi qələbədən sonra Azərbaycan xalqı yeni bir mərhələyə qədəm qoydu. Bu qalibiyyət istər ölkəyə, istərsə də dünyaya yeni reallıqlar gətirdi. Azərbaycan tarixi ədaləti bərpa edib. Tarixi qələbə bundan sonrakı Azərbaycanı daha güclü və qüdrətli edəcək.

Biz xalq olaraq dünya erməni faşizminə qalib gəldik. Yalnız ərazi bütövlüyü təmin edilmədi, eyni zamanda bölgəyə sülh, əmin-amanlıq, tərəqqi gəldi. Azərbaycanın tarixi zəfəri bütün Türk dünyasının baş ucalığıdır. Zəfər günü münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm.

Bənzər nəticələr

Daha çox