Türk dünyasının gələcəyi Qəbələdə müəyyənləşdi - Tənzilə Rüstəmxanlı yazır

Azərbaycan növbəti dəfə Türk Dövlətləri Təşkilatının (TDT) rəsmi Zirvə Toplantısına ev sahibliyi etdi. TDT-yə üzv və müşahidəçi ölkələrin liderlərinin iştirakı ilə Qəbələdə keçirilən bu sammit eyni zamanda bir ailənin üzvləri olan dövlət başçılarının görüşü kimi qəbul edilməlidir.

Tənzilə

Əgər Türk dünyasını ailəmiz kimi qəbul ediriksə, deməli, türk dünyasının iqtisadi inkişafı, rifahı, təhlükəsizliyi və beynəlxalq münasibətlərdə nüfuzu da bizim ailə maraqlarımız qədər strateji əhəmiyyət daşıyır. Çünki dövlət anlayışı ailədən başlayır.

Bu AİLƏ artıq sadəcə mədəni və mənəvi bağları qoruyan platforma deyil; o, iqtisadi, siyasi, hərbi və texnoloji inteqrasiyanın aparıcı qüvvəsi, Turan ideyasının müasir modeldə təcəssümü halına gəlib. Amma Türk Dövlətləri Təşkilatı sadəcə ortaq etnik və mədəni bağlarla birləşən dövlətlərin əməkdaşlıq platforması deyil, həm də həm də formalaşmaqda olan yeni qlobal geosiyasi düzənin mühüm güc mərkəzi kimi.

Türk Dövlətləri Təşkilatının Qəbələ Zirvə Görüşü bu reallığın təsdiqi və yeni mərhələyə keçidin simvoluna çevrildi. “Regional sülh və təhlükəsizlik” devizi altında keçirilən bu sammitdən TDT üçün əvvəlcədən də böyük gözləntilər mövcud idi. İlk növbədə, üzv ölkələr arasında iqtisadi inteqrasiyanın dərinləşməsi, ticarət və enerji əməkdaşlığının yeni mərhələyə keçməsi, nəqliyyat və kommunikasiya əlaqələrinin genişləndirilməsi kimi məsələlərin önə çıxacağı proqnozlaşdırılırdı.

Bununla yanaşı, ortaq informasiya məkanı, gənclər və təhsil sahəsində birgə proqramların gücləndirilməsi, eləcə də beynəlxalq təşkilatlarda türk dünyasının vahid mövqedən çıxış etməsi bu sammitin əsas hədəfləri sırasındadır.

Qarşıda duran məsələləri həll etmək baxımından Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü türk birliyinin gələcək inkişaf xəttini müəyyənləşdirmiş oldu və TDT-ni yalnız regional deyil, həm də qlobal miqyasda təsir gücünə malik bir siyasi və iqtisadi platforma kimi daha da önə çıxmasına təkan verdi.

Qəbələdə keçirilən sammit həm də Türk dünyasının yeni mərhələyə keçidinin göstəricisidir. Burada yalnız iqtisadi məsələlər deyil, regional sabitlik, enerji təhlükəsizliyi, müdafiə əməkdaşlığı və informasiya mübarizəsi kimi qlobal mövzular müzakirə olunacaq. Şimali Kipr Türk Respublikasının sammitdə iştirakı isə türk birliyinin coğrafi və siyasi miqyasının genişləndiyini göstərir.

Qəbələ Zirvəsi həm də təşkilatdaxili koordinasiyanın gücləndirilməsi və qərarların icra mexanizmlərinin təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Zirvə görüşlərinin ildə iki dəfə keçirilməsi TDT-nin fəaliyyətinin çevikliyini və operativliyini artıracaq. Bundan əlavə, dövlət başçısının BMT-də TDT-yə müşahidəçi statusunun verilməsi təşəbbüsü həyata keçərsə, bu, təşkilatın beynəlxalq nüfuzunun artmasına və qərarlarının daha geniş platformalarda qəbul olunmasına şərait yaradacaq.

TDT-nin fəaliyyət coğrafiyası getdikcə genişlənir ki, bu da onun beynəlxalq nüfuzunun artmasının göstəricisidir. Bu baxımdan Macarıstanın müşahidəçi üzv kimi fəal iştirakı xüsusi əhəmiyyət daşıyır. Avropa ilə türk dünyası arasında körpü rolunu oynayan Macarıstanın baş naziri Viktor Orbanın Qəbələ Zirvəsində iştirakı da Avropa İttifaqı məkanında TDT-yə olan marağın artdığını göstərir. Türkmənistanın bu proseslərdə fəallığının artması da diqqətəlayiqdir.

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Qəbələyə səfəri ölkənin TDT ilə inteqrasiyaya marağını nümayiş etdirir. Əvvəlki illərlə müqayisədə Aşqabadın bu zirvədə yüksək səviyyədə təmsil olunması türk birliyinin coğrafi miqyasının genişləndiyini göstərir. Türkmənistanın enerji və qaz resursları baxımından təşkilat üçün mühüm tərəfdaş olması TDT-nin enerji təhlükəsizliyi strategiyasına yeni imkanlar açır.

Bənzər nəticələr

Daha çox