Tənzilə Rüstəmxanlı Türkmənistan Prezidentinin kitabının Azərbaycan dilində nəşrinin təqdimatında iştirak edib - FOTOLAR
Noyabrın 23-də Türkmənistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Fairmont Baku” otelində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun “Türkmənistanın bitərəfliyi – sülh və etimadın işıqlı yolu” adlı kitabının Azərbaycan dilində nəşrinin təqdimat mərasimi keçirilib.
Tədbirdə Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov, xarici işlər nazirinin müavini Samir Şərifov, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, millət vəkilləri, diplomatik korpusun, dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Milli Məclisin deputatı, Azərbaycan–Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tənzilə Rüstəmxanlı da təqdimat mərasimində iştirak edərək çıxış edib.
Tədbirdə kitabın Türkmənistanın sülhə və qarşılıqlı etimada əsaslanan dövlətçilik siyasətini, zəngin tarixi və milli-mədəni irsini öyrənmək baxımından dəyərli mənbə olduğu qeyd edilib.
Əsərin Azərbaycan dilində nəşrinin iki qardaş xalq arasında tarixi və mənəvi bağların möhkəmləndirilməsinə, mədəni əlaqələrin və qarşılıqlı əməkdaşlığın inkişafına töhfə verəcəyi vurğulanıb.




