Azərbaycan-Türkiyə Evinin (ATEV) və Azərbaycan Türk Qadınlar Birliyinin (ATQB) sədri Tənzilə Rüstəmxanlı İlham Əliyevi növbəti dəfə Azərbaycan Prezidenti seçilməsi münasibətiylə təbrik edib.
İnterpress.az xəbər verir ki, təbrik məktubunda deyilir:
“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Heydər oğlu Əliyevə
Möhtərəm Prezident!
Sizi yenidən Azərbaycan xalqının iradəsi ilə Prezidentimiz seçilməyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı arzulayır, Azərbaycanın qüdrətli dünya dövlətləri sırasına çıxarılması, xalqımızın xoşbəxt gələcəyinin təmin olunması naminə dəyərli fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik!
Ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasətini uğurlu şəkildə davam və inkişaf etdirməyiniz sabit və ardıcıl yüksəlişi və yeniləşməni gündəlik həyatımızın reallığına çevirmişdir. Sizin sayənizdə Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən biri və Türk Dünyasının lider dövlətlərindən birinə çevrilmişdir. Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılması üçün həyata keçirilən düşünülmüş tədbirlər müsbət nəticələr verir. İnanırıq ki, on beş illik Prezidentliyiniz dönəmində bir çox taleyüklü məsələni həll etmək qüdrətini göstərərək, Azərbaycanımızın inkişafında mühüm rol oynadığınız kimi yeni Prezidentliyiniz dönəmində də xalqımızın ağrılı yeri olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə Azərbaycanın ərazi bütövlüyü prinsipi əsas alınaraq nail olacaqsınız.
Sizin nümunəvi insani keyfiyyətləriniz gözəl ailə başçısı olmağınızda da təcəssümünü tapmışdır. Azərbaycanın birinci xanımı, ölkəmizin Birinci Vitse-Prezidenti Mehriban Əliyeva, övladlarınız ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, xalqımızı düşündürən problemlərin həllinə kömək göstərirlər. Biz əminik ki, Sizə xas olan siyasi bəsirət və səriştə dövlətimizin müstəqillik yollarında bundan sonra da inamla irəliləməsini təmin edəcəkdir. Bu işdə Sizə yeni uğurlar arzulayırıq.
Dərin hörmətlə, Tənzilə Rüstəmxanlı
Azərbaycan Türkiyə Evinin və Azəri-Türk Qadınlar Birliyinin sədri”