“Ermənistan Silahı Qüvvələrinin (SQ) işğal etdiyi Qarabağ torpaqlarına və buradakı dinc əhaliyə atəş açması, dinc sakinləri qətlə yetirməsi ilk hadisə deyil. Ermənistan belə işlərlə məşğul olur. Ermənistan SQ, Ermənistan terrorçuları tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı vaxtaşırı belə terror aktları həyata keçirilir. Bu da növbəti hadisələrdən biridir.”
Bu fikirləri “Azərbaycan-Türkiyə Evi”nin sədri, “Azərbaycan-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı SalamNews-un İstanbuldakı xüsusi müxbirinə ötən gün ermənilər tərəfindən Füzuli rayonunda törədilən cinayəti şərh edərkən bildirib.
“Çox təəssüf ki, beynəlxalq qurumlar da özlərini Ermənistanın bu cinayətlərini görməməzliyə vurur, erməni silahlıların müharibə qanunlarına riayət etməmələrinə göz yumurlar. Dinc əhaliyə atəş açmaq, ikiyaşlı körpəni qətlə yetirmək və 50 yaşlı qadının həyatını itirməsi gözyumulası fakt deyil. Ümumiyyətlə, müharibələrdə hər zaman uşaqlar və qadınlar daha çox zərər çəkir və bu gün də belə bir fakt ortadadır. Əgər belə bir hadisə Azərbaycan tərəfindən Ermənistana qarşı törədilmiş olsaydı, bu gün susqun, kar, kor olan beynəlxalq qurumlar dünyanı Azərbaycanın əleyhinə qaldırmışdılar ki, Azərbaycan belə bir hadisə törədib. Buna ATƏT, Avropa Şurası, digər beynəlxalq qurumlar da, hüquqi müstəvidə bizimlə danışmağa çalışan qurumun – Minsk Qrupunun həmsədrləri – Fransa, ABŞ və Rusiya da səsini çıxarmır.
Yalnız Türkiyə Xarici İşlər Nazirliyi vasitəsilə hadisəni pisləyən bəyanat yayıb. Əlbəttə, biz bunu yaxşı bilirik ki, Türkiyə Qarabağ mövzusunda həmişə Azərbaycanın yanında olub. Amma bu həmsədrlər bu gün susqundurlar, ayrı vaxt, kefləri istəyəndə Ermənistandan Qarabağa gedirlər və unudurlar ki, Qarabağ Azərbaycan torpağıdır və Ermənistan tərəfindən işğal olunub. Bunu özləri yaxşı bilirlər, amma yenə də Qarabağa Ermənistandan gedirlər. İndi susublar, səsləri çıxmır, bəs, görəsən, o ikiyaşlı körpənin günahı nə idi? O insan deyil? O 50 yaşlı qadının günahı nə idi ki, Füzuli rayonunda – öz evində, öz eşiyində, öz Vətənində yaşa-yaşaya onu qətlə yetirdilər?!
Beynəlxalq qurumların buna susması bəşəriyyətin ən böyük dəyərlərindən danışan həmin qurumların ayıbıdır. Bu, eyni zamanda Ermənistanı dəstəkləyən, onun Qafqazda apardığı işğalçılıq siyasətini dəstəkləyən dövlətlərin də ayıbıdır. Bir körpəni və qadını bu vəziyyətdə qətlə yetirmək insanlığın üzqarasıdır. Bu, belə davam edərsə, çox qurbanlar ala bilər. Bu hadisə Ermənistanın işğalçılıqdan başqa həm də bir qatil obrazını gözlər önünə sərdi.
Düşünürəm ki, əlbəttə, Azərbaycan bunun cavabını verəcək.”