Tənzilə Rüstəmxanlı: “Əqli mülkiyyətin, eləcə də qeyri-maddi mədəni irsin qorunması sahəsində mühüm işlər görülür”
“Son illərdə dövlətimizin əqli mülkiyyət siyasəti Prezident İlham Əliyevin səyləri nəticəsində zəngin qanunvericilik və normativ-hüquqi bazaya əsaslanır. Əqli mülkiyyətin, eləcə də qeyri-maddi mədəni irsin qorunması sahəsində mühüm işlər görülür. Türk Dövlətləri Təşkilatı çərçivəsində əqli mülkiyyət sahəsində əməkdaşlıq isə türk xalqlarının ortaq mədəni irsinin qorunması, müəllif və ixtiraçıların hüquqlarının təmin edilməsi, həmçinin innovasiyaların və texnoloji inkişafın təşviqinə yönəlib”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı deyib.
T.Rüstəmxanlının sözlərinə görə, TDT-nin əqli mülkiyyət sahəsində əməkdaşlığının əsas məqsədi Üzv Dövlətləri arasında uzunmüddətli və qarşılıqlı faydaya əsaslanan texniki əməkdaşlığın və məlumat mübadiləsinin inkişafını dəstəkləmək, əqli mülkiyyət siyasətlərinin əsas beynəlxalq ölçüləri, hüquqi çərçivələr və siyasət tətbiqləri daxil olmaqla milli yanaşmaların uyğunlaşdırılmasıdır: “Bu baxımdan təcrübə və patent məlumatlarının mübadiləsi, birgə tədqiqatlar, potensialın gücləndirilməsi və maarifləndirici fəaliyyətlər kimi sahələrdə əməkdaşlıq, xüsusilə təhsil, potensialın inkişafı və texniki tərəqqi sahələrində elmi-tədqiqat və təhsil müəssisələri ilə əməkdaşlıq xüsusi önəm kəsb edir. Bu məqsədlər çərçivəsində TDT Türk Dövlətləri üzrə daha ardıcıl, səmərəli və innovasiyanı təşviq edən əqli mülkiyyət mühitinin formalaşdırılmasını hədəfləyir”.




