Tarix yaratmaq qədər onu yaşatmaq da böyük milli məsuliyyətdir - “44” filmi ilə bağlı düşüncələr
Millətlər yalnız böyük tarix yaratmaqla deyil, yaratdıqları tarixi qoruyub saxlamaqla, onu gələcək nəsillərə ötürməklə və dünyaya tanıtmaqla yaşayırlar. Bir millətin varlığını əsrlər boyu davam etdirməsinin ən mühüm şərtləri onun dili, mədəniyyəti, tarixi yaddaşı və milli kimliyinə sahib çıxmasıdır.
Dilini qoruyan, mədəniyyətini yaşadan, tarixini öyrənən və öyrədən millətlər gələcəyə daha inamla addımlayırlar. Çünki tarix yalnız keçmişdə baş vermiş hadisələrin xronologiyası deyil. Tarix bir millətin yaddaşı, mənəvi gücü, kimliyi və gələcək nəsillərə ötürdüyü ən böyük mirasdır.
Biz böyük türk millətinin bir parçası, Oğuz türklərinin varisləri olaraq zəngin tarixə, qədim dövlətçilik ənənələrinə və böyük mədəniyyətə sahibik. Azərbaycan xalqı əsrlər boyu tarix yaratmış, dövlətlər qurmuş, böyük şəxsiyyətlər yetişdirmiş, dünya mədəniyyətinə mühüm töhfələr vermişdir.
Ancaq təəssüflə etiraf etməliyik ki, biz bəzən tarix yaratmaqda göstərdiyimiz qüdrəti həmin tarixi yazmaqda, sənət əsərlərinə çevirməkdə və dünyaya tanıtmaqda göstərə bilməmişik.

Halbuki tarix yaratmaq qədər onu yaşatmaq, qorumaq və gələcək nəsillərə çatdırmaq da böyük milli məsuliyyətdir.
Dünya xalqlarının təcrübəsinə nəzər salanda görürük ki, böyük millətlər öz tarixlərini yalnız elmi əsərlərdə, arxivlərdə və muzeylərdə yaşatmırlar. Onlar tarixi hadisələri ədəbiyyatın, musiqinin, teatrın və xüsusilə kino sənətinin dili ilə dünyaya təqdim edirlər.
Mədəniyyət bir millətin dünyaya açılan pəncərəsidir. Bəzən bir film, bir roman, bir musiqi əsəri bütöv bir xalqın tarixini milyonlarla insana tanıtmaq gücünə malik olur.
Bu baxımdan qardaş Türkiyənin son illərdə qazandığı təcrübə xüsusi diqqətə layiqdir.
Türkiyə zəngin Osmanlı tarixini, dövlətçilik ənənələrini, tarixi şəxsiyyətlərini və milli mübarizə ruhunu kino sənəti vasitəsilə dünyanın müxtəlif ölkələrinə tanıtmağı bacarıb.
Xüsusilə “Diriliş Ertuğrul” serialı bunun ən uğurlu nümunələrindən biridir. Bu ekran əsəri Türkiyənin sərhədlərini aşaraq dünyanın müxtəlif ölkələrində böyük maraq doğurdu. Türk tarixinin müəyyən dövrləri, Osmanlı dövlətinin yaranması ilə bağlı hadisələr, türk dövlətçilik ənənələri geniş tamaşaçı auditoriyasının diqqətini cəlb etdi.
Əlbəttə, tarixi filmlər elmi- tarix kitablarını əvəz edə bilməz. Lakin onların üstünlüyü tarixi geniş kütlələrə çatdırmaq, insanlarda maraq oyatmaq və milli yaddaşın formalaşmasına təsir göstərməkdir.
Bu gün xüsusilə gənc nəslin kitab oxumağa marağının zəifləməsindən narahat olduğumuz bir dövrdə kino sənətinin imkanlarından daha geniş istifadə etməliyik.

Dünya kinematoqrafiyasının məşhur nümunələrindən olan Mel Gibsonun “Cəsur ürək” filmi də bu mənada düşündürücü örnəkdir.
Filmin mərkəzində bir insanın taleyi dayanır. Ancaq həmin taleyin arxasında bütöv bir xalqın azadlıq mübarizəsi, vətən sevgisi, xəyanətlə üzləşməsi, fədakarlığı və azadlıq uğrunda göstərdiyi iradə əks olunur.
Məhz buna görə də belə filmlər yalnız kino əsəri olaraq qalmır, bütöv bir xalqın tarixinin dünyaya tanıdılmasında mühüm rol oynayır.
Mən uzun illərdir öz-özümə bir sual verirəm: Niyə biz böyük tariximizi, yaşadığımız faciələri, xalqımızın azadlıq mübarizəsini və qazandığımız möhtəşəm Zəfəri dünya səviyyəsində bədii ekran əsərlərinə çevirə bilmirik?
Azərbaycan xalqı otuz ilə yaxın torpaqlarının işğalı ilə üzləşdi. Xocalı faciəsini yaşadı. Yüz minlərlə insan doğma yurdundan didərgin düşdü. Qərbi Azərbaycandan köçməyə məcbur edilmiş soydaşlarımızın taleyində saysız-hesabsız insan faciələri yaşandı.
Bu insanların arasında mənim də yaxınlarım, qohumlarım olub.
Mən onların yaşadıqlarını yalnız kitablardan oxumamışam. O insanların ağrılarını, doğma yurd həsrətini, itirdikləri evlərin, ocaqların, uşaqlıq xatirələrinin onların həyatında necə dərin izlər buraxdığını yaxından görmüşəm.
Hər belə taleyin arxasında bir filmə, bir romana, bir sənədli əsərə çevrilə biləcək böyük bir həyat hekayəsi dayanır.
Bəzən bir insanın taleyi bütöv bir millətin faciəsini dünyaya anlatmaq üçün yüzlərlə siyasi bəyanatdan daha təsirli ola bilir.
Biz Xocalını, Qarabağı, Qərbi Azərbaycandan didərgin salınmış insanların taleyini, şəhid ailələrinin yaşadıqlarını, Vətən uğrunda mübarizə aparan insanların qəhrəmanlığını dünya kinematoqrafiyasının dili ilə anlatmalıyıq.
Çünki bu tarix yalnız bizim yaddaşımızda qalmamalıdır. Onu övladlarımız da bilməli, dünya da tanımalıdır.
Bu düşüncələrlə uzun illərdir Azərbaycan kinosunda Qarabağ həqiqətlərini və xüsusilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfəri layiqincə əks etdirəcək böyük bir ekran əsərinin yaranmasını arzulayırdım.
Nəhayət, dünən Heydər Əliyev Mərkəzində nümayiş etdirilən “44” bədii filminin təqdimat mərasimində iştirak etdim.
Sabir müəllimlə birlikdə getmişdik.
Etiraf edim ki, çox həyəcanlı idim.
Kino sənətinə müəyyən qədər yaxın olan, bu sahənin imkanlarını və çətinliklərini anlayan bir insan kimi məni bir sual düşündürürdü: Görəsən, xalqımızın yaşadığı o böyük mübarizəni, 44 günlük Vətən savaşının ruhunu, tarixi Zəfərin mənəvi böyüklüyünü ekrana gətirmək mümkün olubmu?
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərovun ssenari müəllifi olduğu bu filmi böyük maraqla izləməyə başladım.
Səmimi deyirəm, film məni ilk dəqiqələrdən təsirləndirdi.
Möhtəşəm musiqi kompozisiyası ilə başlayan giriş səhnələri insanı bir anda yaxın tariximizin ən ağır və ən unudulmaz səhifələrinə aparırdı.
Birinci Qarabağ müharibəsi, işğal illəri, xalqımızın yaşadığı faciələr, Xocalı, şəhidlərimizin xatirəsi…
Bütün bunların musiqi, tarixi görüntülər və bədii təsvirlərlə təqdim olunması mənə sənədli və bədii kinonun imkanlarının birləşdirildiyi təsirli bir ekran dili kimi göründü.
Filmin girişində Vətən uğrunda həyatını itirmiş şəhidlərimizin xatirəsinin ehtiramla yad edilməsi, onların fədakarlığının tarixi yaddaşımızın ayrılmaz parçası kimi təqdim olunması xüsusi təsir bağışlayırdı.
Mənim üçün bu giriş yalnız filmin başlanğıcı deyildi. Bu, sanki bir millətin ağrılı keçmişindən onun qürurlu Zəfərinə doğru açılan mənəvi bir yol idi.
Daha sonra hadisələrin 44 günlük Vətən müharibəsinin gedişi boyunca ardıcıllıqla təqdim edilməsi, hər günün ayrıca tarixi məna daşıması, Zəfərə gedən yolun mərhələ-mərhələ göstərilməsi məndə çox güclü təəssürat yaratdı.
Hər günün öz ağırlığı, öz məsuliyyəti, öz mübarizəsi vardı.
Bu günlərin hər biri sadəcə hərbi əməliyyatların xronologiyası deyildi. Onların arxasında Vətənə bağlılıq, torpaq sevgisi, milli birlik, fədakarlıq və böyük bir qayıdış arzusu dayanırdı.
Film boyunca mənə elə gəldi ki, biz o 44 günü yenidən yaşayırıq.
O günlərin həyəcanını, xalqımızın bir yumruq kimi birləşməsini, hər xəbəri necə böyük ümidlə gözlədiyimizi, hər azad edilən kəndin, şəhərin adını necə böyük sevinc və qürurla qarşıladığımızı yenidən xatırlayırdım.
Bütün bunlar mənim üçün sadəcə ekranda canlandırılan hadisələr deyildi. Bunlar öz həyatımızın, milli yaddaşımızın və bir millət olaraq keçdiyimiz ağır, lakin şərəfli yolun parçaları idi.
Filmin ən böyük uğurlarından biri də onun arxasında güclü və peşəkar yaradıcı kollektivin əməyinin hiss olunması idi.
Türkiyənin tanınmış aktrisası Özge Gürelin filmə dəvət olunması və onun canlandırdığı həkim obrazı əsərə xüsusi bir duyğusallıq qatmışdı.
Bu obrazın gözü ilə tamaşaçı müharibənin yalnız döyüş meydanındakı hadisələrini deyil, insan talelərinə təsirini də görürdü.
Bir həkim qadının Azərbaycanın xüsusi təyinatlı qüvvələrində xidmət edən gənc bir hərbçiyə sevgisi, onların arzuları, gələcəyə ümidləri və nəhayət, həmin gəncin Şuşanın azadlığı uğrunda şəhid olması filmin ən təsirli süjet xətlərindən biri idi.
Geridə isə bir övlad qalırdı.
Bu, yalnız bir sevgi hekayəsi deyildi. Bu, müharibənin yarımçıq qoyduğu arzuların, Vətən uğrunda fəda edilən gəncliyin və bir millətin azadlığı naminə ödənilən ağır bədəlin bədii ifadəsi idi.
Məni xüsusilə təsirləndirən məqamlardan biri də Şuşanın azadlığı uğrunda döyüşən xüsusi təyinatlılarımızın göstərdiyi iradənin və fədakarlığın təqdimatı oldu.
O gənclər qarşılarında hansı təhlükələrin dayandığını bilirdilər. Hər addımın, hər saniyənin onları ölümə yaxınlaşdıra biləcəyini anlayırdılar.
Ancaq onların bir məqsədi vardı: Şuşanı azad etmək!
Nəyin bahasına olursa-olsun, o sıldırım qayaları aşmaq, keçilməz görünən yolları keçmək və Şuşaya çatmaq!
Bu səhnələrdə insan yalnız hərbi əməliyyatı deyil, böyük bir milli iradəni görürdü.
Çünki Şuşa yalnız bir şəhər deyildi. Şuşa xalqımızın qüruru, mədəniyyətimizin beşiyi, milli yaddaşımızın və mənəvi dünyamızın ayrılmaz parçası idi.
Şuşaya gedən yol həm də bir millətin öz tarixi yaddaşına, öz mənəvi kimliyinə qayıdış yolu idi.
Filmdə Azərbaycanın müxtəlif bölgələrindən olan gənclərin talelərinin bir-birinə bağlanması da çox təsirli işlənmişdi.
Xüsusilə Lerikdən olan gəncin toyundan sonra yenidən cəbhəyə qayıtması və şəhid olması ilə bağlı səhnələr məni dərindən sarsıtdı.
Bir tərəfdə yeni qurulmuş ailə, gələcəyə ümidlər, sevgi və xoşbəxtlik arzusu…
Digər tərəfdə Vətən qarşısında borc, torpağın azadlığı uğrunda mübarizə və fədakarlıq.
Həmin gəncin şəhid olması, ailəsinin, anasının, babasının göstərdiyi dəyanət, mətanət və qürur insanı dərindən düşündürürdü.
Ancaq mənim yaddaşıma ən çox həkk olunan səhnələrdən biri şəhidin gənc həyat yoldaşının onun tabutunu başı üzərinə qaldırması oldu.
Bu səhnədə mən yalnız həyat yoldaşını itirmiş bir qadının ağrısını görmədim.
Mən orada Azərbaycan türk qadınının əsrlərdən gələn mənəvi gücünü, mətanətini, Vətən sevgisini gördüm.
O qadın mənim üçün tarix boyu ən ağır sınaqlardan keçmiş, övladını, həyat yoldaşını Vətən yolunda itirmiş, lakin milli iradəsini və ləyaqətini qoruyub saxlamış Azərbaycan qadınının obrazı idi.
Bu səhnə bir daha göstərirdi ki, Vətən uğrunda fədakarlıq edən oğullar yetişdirən anaların, həmin oğullarla bir ömür qurmağa hazırlaşan, onların xatirəsini yaşadan qadınların mənəvi gücü bu millətin tarixinin ayrılmaz parçasıdır.
Və nəhayət, filmin finalı…
44 günlük müharibənin bütün həyəcanını, ağrısını, sevincini və qürurunu tamaşaçıya yaşatdıqdan sonra Şuşanın azadlığı ilə tamamlanan hadisələr bizi başqa bir mənəvi zirvəyə gətirdi.
Ekranda qəhrəmanların səhnəyə dəvət olunduğu elan edildi.
Pərdə açıldı.
Və səhnədə yüzdən artıq şəhid anası göründü.
Bu mənzərəni sözlə ifadə etmək çox çətindir.
Zal ayağa qalxdı. İnsanlar onları ayaqüstə alqışladılar.
Mən o anaların arasında tanıdığım simaları gördüm.
Şuşanın azadlığı uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın analarını gördüm. Hadrut Fatehi Camalın anası Filarə xanımı, Birinci Qarabağ müharibəsində iki oğlunu şəhid vermiş, Novruzov qardaşlarının anası Lətifə ananı gördüm.
O anaların hər birinin arxasında böyük bir həyat hekayəsi, böyük bir ağrı, böyük bir fədakarlıq dayanırdı.
Onlar səhnədə dayanmışdılar.
Başları dik, məğrur, qürurlu…
Mən o an düşündüm ki, əslində bu filmin ən böyük qəhrəmanları yalnız ekranda gördüyümüz obrazlar deyildi.
Əsl qəhrəmanlar elə o səhnədə dayanan anaların böyütdüyü, Vətən uğrunda həyatını fəda etmiş oğullar idi.
O anaların qarşısında ayağa qalxmaq yalnız ehtiram əlaməti deyildi. Bu, bir millətin öz qəhrəmanlarına, öz şəhidlərinə, öz tarixinə göstərdiyi minnətdarlıq idi.
Mənim üçün filmin ən təsirli və ən unudulmaz anı məhz bu oldu.
Çünki ekranda gördüyümüz bədii hadisələr bir anda real həyatın özü ilə birləşdi.
O analar bizim tariximizin canlı şahidləri idilər.
Onların övladları isə o tarixi öz həyatları bahasına yazmışdılar.
Filmdən ayrılarkən uzun illərdir düşündüyüm bir suala sanki cavab tapmışdım.
Nəhayət, Azərbaycan kinosunda Qarabağ Zəfərinin böyüklüyünü, xalqımızın yaşadığı faciələri, qəhrəmanlarımızın fədakarlığını və milli birliyimizin gücünü əks etdirən ciddi bir ekran əsəri ortaya qoyulmuşdu.
Bu, mənim film haqqında ilk təəssüratımdır. Əlbəttə, hər bir sənət əsəri kimi bu film də peşəkar kino mütəxəssisləri tərəfindən müxtəlif aspektlərdən təhlil oluna bilər.
Lakin mənim üçün onun ən mühüm dəyəri milli yaddaşımıza, tarixi şüurumuza və Vətən anlayışımıza toxuna bilməsidir.
Düşünürəm ki, “44” filmi Azərbaycanın bütün bölgələrində nümayiş etdirilməlidir. Xüsusilə gənclərimiz bu filmi izləməlidirlər.
Onlar bilməlidirlər ki, bu gün üzərində sərbəst gəzdikləri torpaqların azadlığı uğrunda neçə-neçə gənc həyatının ən gözəl çağında canından keçib.
Onlar bilməlidirlər ki, Vətən yalnız xəritədə göstərilən sərhədlərdən ibarət deyil.
Vətən tarixdir, yaddaşdır, dildir, mədəniyyətdir, şəhidlərin əmanətidir.
Vətən o torpağın altında uyuyan qəhrəmanların xatirəsi, o torpağın üzərində yaşayan insanların mənəvi məsuliyyətidir.
Bu, milli şüurdur. Bu, tarixi şüurdur. Bu, bir millətin öz varlığına və gələcəyinə sahib çıxmasıdır.
Hesab edirəm ki, “44” filmi məhz bu milli və tarixi şüurun formalaşması və yaşadılması baxımından mühüm bir addımdır.
Bu filmin müxtəlif dillərə tərcümə olunaraq, altyazılarla dünyanın müxtəlif ölkələrində nümayiş etdirilməsi də son dərəcə vacibdir.
Qarabağ həqiqətlərini, Azərbaycan xalqının yaşadıqlarını, Vətən müharibəsinin insan talelərinə təsirini dünya tamaşaçısına anlatmaq üçün kino sənətinin imkanlarından daha geniş istifadə etməliyik.
Çünki dünyanın hər yerində insanlar eyni dildə danışmasalar da, insan ağrısını, ana sevgisini, azadlıq arzusunu, Vətən uğrunda fədakarlığı anlaya bilirlər.
Böyük kino sənətinin gücü də məhz bundadır.
Sonda bu filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə səmimi təşəkkürümü bildirmək istəyirəm.
Başda Anar Ələkbərov olmaqla, yaradıcı heyətə, rejissor və aktyor kollektivinə, texniki heyətə, bu böyük işə öz zəhmətini və istedadını sərf etmiş bütün insanlara minnətdaram.
Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə və filmin ərsəyə gəlməsinə dəstək göstərən hər kəsə təşəkkür edirəm.
Bu cür ekran əsərlərinin davamının gəlməsini arzulayıram.
Çünki bizim hələ dünyaya anlatmalı olduğumuz çox böyük tariximiz, çox böyük insan talelərimiz, çox böyük qəhrəmanlıq hekayələrimiz var.
Biz yalnız tarix yaratmış bir millət olaraq qalmamalıyıq.
Biz o tarixi yazan, yaşadan, qoruyan və dünyaya tanıdan bir millət olmalıyıq.
Tarix yaratmaq millətin qüdrətidir. Tarixi qorumaq onun yaddaşıdır. Tarixi gələcək nəsillərə ötürmək isə onun mənəvi borcudur.
“44” filmi mənim üçün bu böyük milli vəzifənin yerinə yetirilməsi yolunda atılmış mühüm addımlardan biridir.
Və inanıram ki, Qarabağ Zəfərini yaşadan belə əsərlər çoxaldıqca, bizim tarixi yaddaşımız da, milli şüurumuz da daha da güclənəcək.
Çünki Vətən uğrunda canından keçənləri yaşatmağın ən böyük yolu onların uğrunda mübarizə apardıqları Vətənin tarixini unutmamaq və unutdurmamaqdır.
Müəllif: Tənzilə Rüstəmxanlı




