Şuşa – Türk və İslam dünyasının mədəniyyət paytaxtı - Tənzilə Rüstəmxanlı yazır
Vətən müharibəsinin gedişi zamanı Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, “Şuşasız bizim işimiz yarımçıq qalar”. Bu sözlər Azərbaycanın hərbi strategiyasının əsas hədəfini və dövlət başçısının qətiyyətli mövqeyini nümayiş etdirirdi.

44 gün davam edən Vətən müharibəsində ordumuz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər rayonları azad etdikdən sonra əməliyyatların strateji zirvəsi – Şuşa əməliyyatı başladı. 8 noyabr 2020-ci il tarixində Şuşa şəhərinin işğaldan azad olunması Azərbaycan tarixində yeni bir səhifə açdı.
İrəvanda hələ də kabus kimi xatırlanan, erməni əsgərlərin qorxulu yuxusuna çevrilmiş xüsusi təyinatlılarımızın başlatdığı Şuşa əməliyyatının səs-sorağı dünyanın dörd bir yanına yayılıb. Azərbaycan hərbçiləri bir gecədə Şuşa qalasını, sıldırımlı qayaları, aşılmaz dağları fəth etməklə ordumuzun hansı potensialda olduğunu, Vətən, torpaq anlayışının qəhrəman əsgərlərimiz, xalqımızı üçün nə qədər böyük məna kəsb etdiyini bir daha sübut etmiş oldu.
“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Bu tarixi sözlər Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 noyabr 2020-ci ildə Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə səsləndirdiyi qürur dolu bəyanatdır. Bu çağırış həm qələbə sevincinin, həm də illər boyu ürəklərdə yaşayan intizarın sonu idi.
Azərbaycan xalqı bu sözlərlə yalnız bir şəhərin azadlığını deyil, bütöv bir tarixinin, mədəniyyətinin və milli qürurunun bərpasını qeyd etdi. Şuşanın işğaldan azad edildiyi gün – 8 Noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur. Bu gün həm də Şuşa Şəhəri Günüdür.
Şuşa azadlığına qovuşandan sonra orada bərpa, quruculuq və yenidənqurma işlərinə, infrastrukturun bərpasına start verilib və burada ölkə əhəmiyyətli açılışlar həyata keçirilib. Belə ki, hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilməkdədir: yeni məktəb, məscid, xəstəxana və digər əhəmiyyətli obyektlərin, eləcə də yaşayış binalarının inşası aparılır.
Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənəvi cəhətdən də dirçəlir.
Cənab Prezident İlham Əliyevin 2021-ci il 14 yanvar tarixində Şuşada ucaltdığı üçrəngli bayraq yalnız zəfərin deyil, həm də bərpa və dirçəlişin simvolu oldu.
Qısa müddətdə şəhərdə nəhəng infrastruktur layihələri icra edildi – “Zəfər Yolu” salındı, tarixi abidələr bərpa olundu, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün güllələnmiş büstləri yenidən öz yerlərinə qaytarıldı.
Cənab Prezident İlham Əliyevin sərəncamları ilə Şuşa 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı, 2022-ci ildə “Şuşa İli”, 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı elan edildi.
Bu ardıcıl qərarlar Şuşanın milli, mənəvi və beynəlxalq səviyyədə bərpa olunmuş əzəmətinin göstəricisidir. Bu gün Şuşa artıq təkcə Azərbaycanın deyil, bütün türk və islam dünyasının mədəniyyət mərkəzinə çevrilib.




