Milli maraqların əsas tutularaq balanslaşdırılmış və çoxtərəfli əməkdaşlıq siyasəti - ŞƏRH

Müasir dünya siyasi düzənində dövlətlər öz maraqlarını təmin etmək və beynəlxalq arenada mövqelərini möhkəmləndirmək üçün çoxvektorlu əməkdaşlıq siyasəti həyata keçirir. Azərbaycanın xarici siyasət doktrinası da uzun illərdir ki, milli maraqların əsas tutularaq balanslaşdırılmış və çoxtərəfli əməkdaşlığa əsaslanan bir model üzərində qurulub. Bu siyasət təkcə iqtisadi maraqlarla məhdudlaşmır, həm də siyasi təhlükəsizlik, beynəlxalq nüfuz və diplomatik balansın qorunması baxımından dərin məna daşıyır.

media-interpress_682cced59c6667f6cd5e2b0efb826794_xs6wneaygmhq7p1tkj84

Ölkəmizin Asiya ölkələri əlaqələrinin genişləndirilməsi və bu konteksdə Laos Xalq Demokratik Respublikası ilə münasibətləri xüsusi strateji önəm daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat və iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan ilə Laos arasında siyasi dialoqun inkişaf etdirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından diqqət çəkir.

Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan və Laos arasında siyasi münasibətlər yaxşı səviyyədədir. Bununla yanaşı, iqtisadi əlaqələrin mövcud imkanlara uyğun genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması və investisiya sahəsində yeni layihələrin həyata keçirilməsi üçün geniş perspektivlər mövcuddur.

Ölkə başçısı çıxışı zamanı iki ölkə arasında münasibətlərin hər bir aspektinə toxunaraq, inkişafın nəinki iqtisadi sahədə, eyni zamanda ticarət, təhsil (sovet dövründə Laosdan olan tələbələrin Azərbaycanda təhsil alması ənənəsinin bərpası), kənd təsərrüfatı, turizm, investisiya və mina təhlükəsi ilə mübarizə sahələrində əməkdaşlığın bundan sonrakı müsbət dinamikasını vurğulayıb.

Azərbaycan–Laos münasibətlərini regionlararası əməkdaşlığın uğurlu nümunəsi kimi adlandırmaq olar. Müxtəlif mədəniyyətlərə, coğrafiyalara və tarixi təcrübələrə malik olmalarına baxmayaraq, iki ölkə arasında formalaşmış qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər hər zaman sülhün, təhlükəsizliyin, sabitliyin carçısı olan Azərbaycanın xalqlar arasında münasibətlərin inkişafına verdiyi dəyərin bariz nümunəsidir.

Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektrolu xarici siyasət Azərbaycanın Asiya-Sakit okean regionu ilə, o cümlədən Laosla əlaqələrinin daha da dərinləşəcəyinə və yeni müstəvidə strateji tərəfdaşlığın yaranacağını ortaya qoyur.

Bənzər nəticələr

Daha çox