21 Noyabr 2024, Cümə axşamı - 13:42

Əsas işimiz Azərbaycana qarşı erməni haqsızlığını dünyada ifşa etməkdir – Tənzilə Rüstəmxanlı (MÜSAHİBƏ)

“Bu gün Azərbaycanın ən əsas problemləri – Xocalı soyqırımı və Qarabağ probleminin dünyaya tanıdılması Azəri-Türk Qadınlar Birliyi və Azərbaycan-Türkiyə Evinin əsas vəzifələrindəndir”.

Bunu SalamNews-a müsahibəsində hər iki qurumun rəhbəri Tənzilə Rüstəmxanlı deyib.

– Azəri-Türk Qadınlar Birliyi əsas fəaliyyətini hansı istiqamətdə qurur?

– Azərbaycan-Türkiyə Evi olaraq, həmçinin Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti olaraq əsasən Qarabağ problemi, Azərbaycanın torpaqlarının 20 faizinin işğal altında olmasını, Xocalı soyqırımı, 31 mart azərbaycanlıların soyqırımı kimi Azərbaycanın milli məsələlərini türk dünyasında tanıdılması üçün 25 ildir ki, fəaliyyət göstəririk. 20 ildən çoxdur ki, cəmiyyətimiz qeydiyyatdan keçib.

Həmçinin sözdə erməni soyqırımını ortaya atan ermənilərin Azərbaycan xalqını soyqırıma məruz qoymaları, uydurduqları tarixi yalanlar, tariximizin saxtalaşdırılması, mədəniyyətimizin oğurlanaraq öz adlarına yazılması kimi məslələrlə bağlı elmi konfranslar keçirib Tükiyədə, Azərbaycanda, Avropada, Türk dilli dövlətlərdə müzakirələr aparırıq. Türkiyə-Azərbaycan mədəni əlaqələrinin qurulmasında yaxından iştirak edirik.

– Fəaliyyətinizdə daha hansı məsələlərə toxunursunuz?

– Qadın hüquqları mövzusuna toxunuruq. İlk qadın qurulatıyını 1999-cu ildə türk dünyası araşdırmaları vəqfinin sədrinin rəhbərliyi ilə İstanbulda keçirmişik. Amerika başda olmaqla dünyanın 70-dən çox ölkəsinin qadın nümayəndələri qurultayda iştirak etmişdi.

– Azərbaycan qadınının əsas problemləri hansılardır?

– Dünyada qadınların üzləşdikləri problemlər hansılardırsa, Azərbaycan qadınının da problemi odur. Dünyanın hər yerində qadınlar şiddətə məruz qalır. Bunu qarşısını almaq lazımdır. Əgər cəmiyyət qadına baxışını dəyişərsə, qadın-kişi ayrıseçkiliyi aradan qaldırılarsa, qadınların problemi də həll olmuş olar. Qadın zəifdir deyə ona əl qaldırırsa, bu kişini güclü etməz. Ona görə də, qadına baxış dəyişilməlidir. Qadın ana, bacı kimi görülməlidir. Qadın bərabər hüquqlara malik vətəndaş olaraq görülməlidir.

– Bəs bunların baş verməməsi üçün qadınlar nə etməlidirlər?

– Qadın özünə dəyər verməlidir. Həmçinin qadınam deyə sərhədləri aşmamalıdır. Qadın adına layiq olmalı, addımlarına diqqət eməlidir. Bəzən mən elə xanımlarla rastlaşıram ki, düşünürəm ki, o xanımların qarşısında kişilərin hüquqlarını müdafiə etmək lazımdır.

– Qadınlar sizə əsasən hansı problemlərlə bağlı müraciət edirlər?

– Müraciətlər ən çox şiddət və zorakılıqla bağlı olur. Məhkəmələrdə onları çox süründürürlər. Bir sıra hallarda müraciətlər boşanmalarla bağlı olur. Qadın boşanandan sonra evdən küçəyə atılır, kişi ona evdə yaşamaq hüququ vermir. Biz də qadınların bu və ya digər hüquqlarını müdafiə edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı