Deputat: Ailə institutu uşağın təhlükəsizliyinin əsas təminatıdır

Milli Məclisin plenar iclasında uşaq hüquqlarının qorunmasına dair yeni qanun layihəsi müzakirə edilib. İclasda müasir dövrdə uşaqlara qarşı yaranan yeni risklər, mövcud qanunvericiliyin yenilənməsi zərurəti və uşaqların real müdafiə mexanizmləri diqqət mərkəzində olub.

İnterpress.az xəbər verir ki, müzakirələr zamanı çıxış edən Milli Məclisin üzvü Tənzilə Rüstəmxanlı bildirib ki, indiyədək Azərbaycanda uşaq hüquqları ilə bağlı bir sıra qanunlar qəbul edilib, ölkə beynəlxalq konvensiya və təşkilatlara qoşulub.

Bununla belə, deputat vurğulayıb ki, zaman keçdikcə şərtlər dəyişib və yeni yanaşmaları əks etdirən, müasir tələblərə cavab verən qanunun qəbul edilməsi artıq zərurətə çevrilib.

Tənzilə Rüstəmxanlı qeyd edib ki, təqdim olunan qanun layihəsində bu dəyişikliklər nəzərə alınıb. Onun sözlərinə görə, layihədə ilk dəfə olaraq uşaqlara tətbiq edilən “cismani cəza” anlayışı ayrıca yer alır. Uşaqlara qarşı zorakılıq əlamətlərini aşkar etdiyi halda bu barədə məlumat verməyən valideynlər, eləcə də uşaq müəssisələri hüquqi məsuliyyət daşıyacaqlar.

Deputat vurğulayıb ki, uşaqların bir-birinə qarşı davamlı aqressiv davranışı da zorakılıq forması kimi qiymətləndirilir və bu halların qarşısının alınmasında müvafiq qurumların məsuliyyəti qanunvericilikdə aydın şəkildə müəyyən olunur.

Çıxışında qanun layihəsinin dini inanclara münasibətdə də mühüm yeniliklər ehtiva etdiyini bildirən Tənzilə Rüstəmxanlı qeyd edib ki, sənəddə uşaqların və valideynlərin hüquq və vəzifələri bu sahədə dəqiqləşdirilir. Bu yanaşma uşaqların erkən yaşda radikal dini qrupların təsirinə düşməsinin qarşısını almağa, ailə daxilində ekstremist düşüncələrin “tərbiyə” adı altında ötürülməsinə hüquqi əngəl yaratmağa xidmət edir.

Deputat bildirib ki, qanun layihəsində uşağa valideynin mülkiyyəti kimi deyil, müstəqil hüquq subyekti kimi yanaşılır. O vurğulayıb ki, bu prinsip qorunmadığı təqdirdə, ən mütərəqqi qanunlar belə real həyatda uşaqları effektiv şəkildə qoruya bilməz.

Tənzilə Rüstəmxanlı internet və informasiya şəbəkələri vasitəsilə yayılan təhlükəli əməllərin də uşaqlara qarşı zorakılıq forması kimi tanındığını diqqətə çatdırıb. Eyni zamanda, çətin həyat şəraitində olan uşaqların vaxtında aşkarlanması və sosial müdafiəsi üçün xüsusi mexanizmlərin nəzərdə tutulduğunu qeyd edib.

Deputat əlavə edib ki, Azərbaycanda problem çox vaxt “qanun yoxdur” məsələsində deyil, “qanun var, amma icra edilmir” yanaşmasında özünü göstərir. Bu baxımdan, uşaqları real şəkildə qoruyan şikayət mexanizmlərinin işlək olması və nəzarət orqanlarının müstəqilliyi xüsusi əhəmiyyət daşıyır.

Beynəlxalq vəziyyətə toxunan deputat vurğulayıb ki, özlərini inkişaf etmiş sayan bəzi ölkələrdə uşaqlara qarşı zorakılıqla bağlı yayılan xəbərlər və görüntülər görünməmiş vəhşilik səviyyəsinə çatıb. Bu fonunda Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı ailə dəyərləri, türk əxlaqı və mənəvi irs xüsusi əhəmiyyət kəsb edir.

Tənzilə Rüstəmxanlı çıxışının sonunda bildirib ki, dövlətin əsası ailədir və uşağın qorunmasının ən dəyişilməz yolu ailə sevgisi, valideyn–övlad bağlılığı, böyük-kiçik münasibətlərinin və milli əxlaqın qorunmasıdır. Bu dəyərlər unudularsa, heç bir qanun uşaqların təhlükəsiz və sağlam gələcəyini təmin edə bilməz.

Bənzər nəticələr

Daha çox