“Dəmir yumruq” milli həmrəyliyin simvolu kimi dünyaya sarsılmaz iradəmizi göstərdi - Tənzilə Rüstəmxanlı yazır

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik milli birlik, Vətənə məhəbbət və bağlılıq, milli-mənəvi dəyərlərimizə hörmət hisslərini özündə təcəssüm etdirir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilk növbədə parçalanmış tarixi-coğrafi taleyə baxmayaraq, azərbaycanlıların vahid milli kimlik, ortaq dəyərlər və ümumi məqsədlər ətrafında birləşə bildiyini nümayiş etdirir.

media-whatsapp-image-2025-12-17-at-21-04-54

1989-cu ildə Araz çayı boyunca sərhədlərin sökülməsi ilə başlanan ictimai-siyasi proseslər bu günün ideoloji əsasını formalaşdırdı. Ulu Öndər Heydər Əliyevin 31 dekabr tarixini rəsmi olaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etməsi isə bu ideyanı dövlət siyasəti səviyyəsinə yüksəltdi və milli həmrəyliyi strateji hədəf kimi müəyyənləşdirdi.

Tarixən müxtəlif səbəblərdən dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş azərbaycanlılar üçün bu gün mənəvi bağların möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qədim və zəngin tarixə malik Azərbaycan xalqı bütün çətinliklərə baxmayaraq öz milli-mənəvi dəyərlərini, dilini, mədəniyyətini və kimliyini qoruyub saxlayıb.

Bu mənada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü hər bir soydaşımız üçün inam, ümid və gələcəyə baxış günüdür. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bilməlidir ki, onun milli-mənəvi varlığını yaşadan güclü, müstəqil və suveren Azərbaycan dövləti vardır.

Ulu Öndər Heydər Əliyevin “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir” fikri bu gün də öz aktuallığını qoruyur və dünya azərbaycanlıları üçün ideoloji istiqamət rolunu oynayır. Məhz bu ideoloji xətt Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir. Onun liderliyi sayəsində dünya azərbaycanlılarının birliyi yeni məzmun qazandı, diaspora işi məqsədyönlü və sistemli şəkildə inkişaf etdi.

“Biz birlikdə güclüyük” çağırışı xalqın iradəsini, inamını və gücünü ifadə edən milli ruhun parlaq təcəssümünə çevrildi. Məhz bu birlik Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımıza tarixi qürur hissi yaşatdı. Milli həmrəyliyin simvolu olan “Dəmir yumruq” sarsılmaz əzmimizi bütün dünyaya nümayiş etdirdi.

Milli birliyin yaratdığı güc sayəsində düşmən məğlubiyyətə uğradıldı, Vətənimizin illərlə davam edən ən ağrılı problemi aradan qalxdı, tarixi torpaqlarımız azadlığa qovuşdu. Bu tarixi Qələbə Azərbaycanda mövcud olan Xalq–Lider vəhdətinin nə qədər sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirdi və bu birliyin gücü hər kəsdə heyranlıq doğurdu.

Beləliklə, Xalq–Lider birliyindən doğan milli həmrəylik tarix yazdı və Azərbaycanın taleyini dəyişən sarsılmaz gücə çevrildi. Milli sərvətimiz olan birliyimiz sübut etdi ki, həmrəyliyimiz ən böyük gücümüzdür. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gələcək nəsillərə ötürülən milli məsuliyyət çağırışıdır.

Birliyimiz, mənəvi bağımız bizi daha güclü, daha dayanıqlı və daha qürurlu edir. Bu əlamətdar gün münasibətilə dünya Azərbaycanlılarını ürəkdən təbrik edir, hər birinə möhkəm cansağlığı, birlik və həmrəylik yolunda uğurlar diləyirəm. Qoy Azərbaycan hər zaman birliyin, gücün və qürurun simvolu olsun!

Bənzər nəticələr

Daha çox