Azərbaycan və Kamboca sülhü, və sabitliyi davamlı inkişafın əsas şərti hesab edir - Tənzilə Rüstəmxanlı

Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir.

media-whatsapp-image-2025-12-17-at-21-04-55

Birmənalı şəkildə demək olar ki, dünya ölkələri Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır. Çünki dövlətimizin sözü də, imzası da etibarlıdır! İmzalanan sənədlərə sədaqət, üzərinə götürülən öhdəliklərin yerinə yetirilməsi və tərəfdaşlıq münasibətlərinə məsuliyyətli yanaşma ölkəmizin beynəlxalq nüfuzunu müəyyən edən başlıca amillərdəndir. Bu sırada Qoşulmama Hərəkatına üzv dövlətlərlə münasibətlər də xüsusi diqqət çəkir.

Azərbaycan və Kamboca sülhü, təhlükəsizliyi və sabitliyi davamlı inkişafın əsas və dəyişməz şərti hesab edirlər. Liderlər tərəfindən bəyan edildiyi kimi sülh və təhlükəsizlik beynəlxalq hüquqa, suverenliyə və ərazi bütövlüyünə hörmət əsasında təmin olunmalıdır. Tarixi sınaqlardan keçmiş və oxşar çətinliklərlə üzləşmiş hər iki xalqın beynəlxalq hüquqa, ədalətə və suverenliyə verdiyi yüksək dəyər onları bir-birinə daha da yaxınlaşdırır.

Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda Kambocanın Baş naziri Hun Manetlə mətbuata birgə bəyanatı zamanı səsləndirdiyi fikirlər bu əməkdaşlığın mahiyyətini aydın şəkildə ifadə edir. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Kamboca mina çirklənməsinin nəticələrindən əziyyət çəkən ölkələrdir.

İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin hələ də ciddi problem olaraq qaldığını diqqətə çatdıran Prezident İlham Əliyev təcrübə, bilik və texnologiya mübadiləsinin, eləcə də təlim tədbirlərinin keçirilməsinin əhəmiyyətini xüsusi qeyd edib.

Azərbaycan və Kamboca arasında müdafiə və regional təhlükəsizlik məsələləri üzrə də müəyyən səviyyədə dialoq və məsləhətləşmələr davam etdirilir. Hər iki dövlət münaqişələr nəticəsində ciddi mina çirklənməsindən zərər çəkdiyi üçün minatəmizləmə sahəsində təcrübə mübadiləsi, texnoloji tərəfdaşlıq və beynəlxalq miqyasda birgə təşəbbüslərin irəli sürülməsi xüsusi aktuallıq kəsb edir.

Kambocanın minatəmizləmə sahəsində qazandığı təcrübə ilə Azərbaycanın işğaldan təmizlənmiş ərazilərdə apardığı genişmiqyaslı minatəmizləmə fəaliyyətinin sintezi hər iki tərəf üçün faydalı əməkdaşlıq imkanları açır. İkitərəfli münasibətlərin gələcək inkişafında iqtisadi əməkdaşlığın xüsusi yeri var.

Cənab Prezidentin bəyanatında ticarət dövriyyəsinin hazırkı səviyyəsinin aşağı olduğu vurğulansa da, bu vəziyyət iki ölkə arasında iqtisadi potensialın məhdudluğu kimi deyil, reallaşdırılmamış imkanların mövcudluğu kimi qiymətləndirilməlidir. Məhz buna görə də tərəflərin ticarət və investisiya əməkdaşlığının praktiki məsələləri ilə məşğul olacaq birgə işçi qrupu yaratması mühüm addımdır.

Yüksəksəviyyəli rəsmi görüşlər, imzalanan yeni ikitərəfli sənədlər və nümayiş etdirilən siyasi iradə Azərbaycan-Kamboca münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu sübut edir. Siyasi dialoqun dərinləşməsi, iqtisadi və investisiya əlaqələrinin genişlənməsi, eləcə də humanitar və minatəmizləmə sahələrindəki praktiki tərəfdaşlıq iki ölkə arasında dostluq münasibətlərinin gələcəkdə daha da möhkəmlənəcəyindən xəbər verir.

Bənzər nəticələr

Daha çox