Azərbaycanın xarici siyasəti strateji maraqlar üzərində qurulub - Tənzilə Rüstəmxanlı yazır
Dövlətimizin başçısının xarici telekanallara, informasiya agentliklərinə verdiyi müsahibələri, beynəlxalq tədbirlərdə nitq və çıxışları dövlətimizin xarici siyasət kursu ilə bağlı mühüm mesajlarla yadda qalır. Bu baxımdan Prezident İlham Əliyevin Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsi də iki ölkə arasında əlaqələrin inkişafı baxımından xüsusi diqqət çəkir.

Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi iki ölkə arasında inkişaf perspektivləri ilə yanaşı uzun illər ərzində formalaşmış dostluq münasibətlərinin bu gün iqtisadi məzmunla zənginləşdiyini ifadə etmiş oldu. Prezident həmçinin qeyd edib ki, hər iki tərəf qarşılıqlı ticarətdə əhəmiyyətli artım üçün böyük potensiala malikdir. Belə ki, Azərbaycan ilə Vyetnam arasında enerji, sənaye, kənd təsərrüfatı, infrastruktur və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün kifayət qədər imkanları var.
Müsahibə iki ölkə arasında münasibətlərin tarixi əsaslarını, mövcud əməkdaşlıq imkanlarını və gələcək inkişaf perspektivlərini əhatə edən mühüm siyasi mesajlarla yadda qaldı. Ölkələrimiz arasında iqtisadi və humanitar əlaqələrin mövcud vəziyyətini və inkişaf perspektivlərini diqqətə çatdıran Prezident İlham Əliyev müsahibəsində bu sahələrdə əməkdaşlığın əsas istiqamətlərinə və əldə olunan nəticələrə geniş toxunub.
İki ölkənin dost xalqlarının bir-birinin zəngin mədəni irsinə və ənənələrinə böyük marağı var. Hazırda Vyetnamda təhsil alan azərbaycanlı tələbələrin sayının artması münasibətlərin humanitar aspektdə inkişaf etdiyini sübut edir, onların gələcəkdə bu ölkənin ictimai və iqtisadi həyatında fəal rol oynayacağına şübhə yoxdur. Ümumiyyətlə, Dünya düzəninin transformasiyası şəraitində dövlətin xarici siyasətinin səmərəliliyi getdikcə daha çox onun ənənəvi geosiyasi məkanından kənarda uzunmüddətli tərəfdaşlıq əlaqələri qurmaq bacarığı ilə ölçülür.
Azərbaycan–Vyetnam münasibətlərinin inkişaf dinamikasına da məhz bu kontekstdən yanaşmaq lazımdır. Bu dinamika Prezident İlham Əliyevin əməkdaşlıq coğrafiyasının genişləndirilməsi və Azərbaycanın Asiya-Sakit okean regionunda mövqelərinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin göstəricisidir.
Vyetnam üçün Azərbaycan Qafqaz, Mərkəzi Asiya və Avropa bazarlarına çıxış imkanı, Bakı üçün isə Hanoy Cənub-Şərqi Asiya ilə iqtisadi inteqrasiyanın mühüm vasitəsidir. Azərbaycanın xarici siyasəti Şərqlə Qərb arasında seçim etmək deyil, öz strateji maraqları məkanını formalaşdırmaq üzərində qurulub. Vyetnamla münasibətlərin inkişafı da məhz bu siyasi kursun məntiqi davamıdır.




