MESAM nümayəndə heyəti Azərbaycan Türkiyə Evini ziyarət etdi - FOTOLAR
MESAM-ın 40 illik yubileyi çərçivəsində Bakıda keçirilən tədbirlər proqramı Azərbaycan ilə Türkiyə arasında mədəni əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verib.
Tenzilerustemhanli.az xəbər verir ki, proqram çərçivəsində MESAM sədri Recep Ergülün rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Türkiyə Evini ziyarət edib. Nümayəndə heyəti burada millət vəkili Tənzilə Rüstəmxanlı və Xalq şairi Sabir Rüstəmxanlı ilə görüşüb.
Görüş zamanı Azərbaycan və Türkiyə arasında ortaq mədəni irsin qorunması, müəllif hüquqlarının gələcəyi, süni intellekt dövründə müəlliflərin hüquqlarının müdafiəsi, eləcə də türk dünyasının mədəni birliyinin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qonaqlara Azərbaycan Türkiyə Evinin fəaliyyəti barədə məlumat verilib, iki qardaş ölkə arasında mədəni əlaqələrin inkişafına yönəlmiş layihələr müzakirə olunub.
Bildirilib ki, Azərbaycan ilə Türkiyə arasında münasibətlər yalnız siyasi sahədə deyil, mədəni-humanitar istiqamətdə də uğurla inkişaf edir. Görüşdə “İki dövlət, tək millət” prinsipinin ortaq tarix, dil və mənəvi dəyərlər əsasında daha da gücləndiyi vurğulanıb.




