Konstitusiya Günü həm dövlətçiliyimizin, həm də suverenliyin rəmzinə çevrilib - Tənzilə Rüstəmxanlı
Bu gün Azərbaycan Respublikasının Konstitusiya Günüdür. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. Düzdür, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası tərəfindən elan edilən İstiqlal Bəyannaməsi Azərbaycanın ilk Konstitusiya Aktı kimi qəbul edilə bilər. Amma Azərbaycan Cümhuriyyətinin 23 aylıq mövcudluqdan sonra süqut etməsi dövlətin Əsas Qanununun qəbul edilməsinə imkan vermədi. Eyni zamanda Azərbaycanda 1991-ci il oktyabrın 18-də müstəqilik haqqında Konstitusiya aktı var idi, lakin bu, kifayət deyildi.

Ulu Öndərimiz Müstəqil Azərbaycanın Konstitusiya Aktını hazırlamaq üçün komissiya yaratdı, özü də bu komissiyaya rəhbərlik etdi. Azərbaycanın görkəmli hüquqşünasları bu işə cəlb olundu, inkişaf etmiş ölkələrin konstitusiyaları ciddi şəkildə öyrənildi, təcrübələri nəzərə alındı. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən başlıca və mühüm hadisələrindən biri olmaqla yanaşı, Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafında ən böyük və əhəmiyyətli xidmətlərindən biri oldu.
Bu tarixi sənəd müstəqil dövlət quruculuğunun tənizmlənməsini, demokratik inkişafın təşviq edilməsini, vətəndaş cəmiyyətinin bərqərar olunmasını özündə ehtiva etdi, ölkədə mükəmməl və mütərəqqi qanunvericilik bazasının formalaşdırılmasına yol açdı. 1995-ci ildə qəbul olunan Azərbaycan Konstitusiyasının hər bir bəndinə, cümləsinə Heydər Əliyev tərəfindən baxılmışdı və Azərbaycan reallıqlarını özündə əks etdirir.
Ölkə inkişaf etdikcə, zaman keçdikcə konstitusiyada dəyişikliklərə ehtiyac olur. Zamanın sifarişi əsasında qanunlarda və konstitusiyada müəyyən bəndlərdə əlavə dəyişikliklərin edilməsinə ehtiyac duyulur. Bu dəyişikliklər sonuncu dəfə 2016-cı il sentyabr ayında həyata keçilmişdi. Həmin dəyişikliklərlə də konstitusiyamızın daha da təkmilləşməsinə səbəb oldu. Yeni reallıqların tələblərinə cavab verə bilmək və əldə olunmuş uğurları möhkəmləndirilmək məqsədilə Azərbaycan Konstitusiyasında bir neçə dəfə — 2002-ci, 2009-cu və 2016-cı illərdə dəyişikliklər edilib və əlavələr olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə edilmiş əlavələr və dəyişikliklər müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına xidmət edir.
2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin bir günlük antiterror əməliyyatından sonra Azərbaycan Respublikasının bütün ərazisində Konstitusiyamızın hüquqi qüvvəsi təmin olunub. Azərbaycan Konstitusiya gününü Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərlə, ərazi bütövlüyünü tam bərpa etmiş güclü və suveren dövlət kimi qeyd edir. Artıq 12 noyabr — Konstitusiya Günü xalqımız üçün həm dövlətçiliyimizin, həm də qalib Azərbaycanın rəmzinə çevrilib.




