Xəbər verdiyimiz kimi, İstanbuldakı Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlunun başçılığı ilə nümayəndə heyəti Bakıya səfərə gəlib.İSTAD nümayəndə heyəti Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının ildönümü münasibətilə keçirilən tədbirlərə qatılmaq üçün gəlib. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib.
İnterpress.az xəbər verir ki, Azərbaycan Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı Türkiyədən gələn qonaqların şərəfinə ziyafət təşkil edib. Ziyafət sonrası qardaş dövlətlər arasında mədəni əlaqələrin inkişafında göstərdiyi xidmətlərinə görə İSTAD sədri Səfər Qaraqoyunluya “Təşəkkür” plaketi təqdim olunub.
ATEV sədri Tənzilə Rüstəmxanlı bildirib ki, Türkiyə ilə Azərbaycan arasında m övcud olan dostluq və qardaşlıq münasibətləri əzəli olduğu kimi əbədi də olacaq: “Türkiyə-Azərbaycan münasibətlərinə heç kim kölgə sala bilməz. Çox sevindirici haldır ki, S.Qaraqoyunlunun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Bakımızda səfərdədir və bizim qonağımızdır. Artıq on illərdir ki, Türkiyədən olan dostlarımız hər il Bakının işğaldan azad olunmasının ildönümü münasibəti ilə ölkəmizə səfər edirlər. Bu dəfə isə Bakıya təşrif buyuran dostlarımız daha böyük bir nümyaəndə heyəti ilə gəlib və gəlişi ilə şərəfləndiriblər. Bu iki dövlət qardaş dövlətdir, və bu qardaşlıq ta əzəldən belə olub. Necə ki, 100 il bundan öncə də, bir çağırışa böyük bir Türk ordusu Bakımızı işğaldan azad etmək üçün köməyimizə gəldi. Biz türk milləti olaraq hər zaman bir-birimizin yanındayıq. Məhz bu gün də bu qardaşlıq hər iki ölkənin dövlət başçıları tərəfindən də aydınlıqla sezilir. Cənab Prezident İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğan arasında olan qardaşlıq münasibətləri onların hər ikisinin dilindən də ifadə olunub. Ona görə də, bu qardaşlıq hər iki dövlət arasında bundan sonra da davam edəcək”.
İSTAD sədri Səfər Qaraqoyunlu isə çıxışında T.Rüstəmxanlıya təşəkkür edib. O bildirib ki, ATEV sədrinin söylədiyi bütün fikirlərə şərikdir. Eyni zamanda, Azərbaycanın Türkiyəyə qardaşlıq münasibəti Türkiyənin də Azərbaycana qardaşlıq münasibəti kimi eynidir: “Tənzilə xanım tamamilə hər bir fikri yerində söylədi. Biz bir millət olaraq hər zaman yanımızdan olmaqdan əlavə, biz şad günümüzdə də, pis günümüzdə tarixən bir-birimizin rayaına gəlmişik. Mən Tənzilə xanıma bizə illərdir ki, göstərdiyi münasibətə görə təşəkkürümü bildirirəm. Bizim Azərbaycana hər zaman səfər edəcəyimiz vaxt qapısını döyəcəyimiz ilk ATEV-in evi olub. Biz həmişə Bakıya çatan kimi ilk görüşəcəyimiz şəxs də T.Rüstəmxanlıdır. Biz bundan sonra da birlikdə türk birliyi, türk xalqlarının mədəniyyətinin inkişafı üçün çoxlu işlər görəcəyik. Qarşıda bizi birlikdə üzərində işləyəcəyimiz çoxlu layihələr gözləyir”.
Qeyd edək ki, ziyafət Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) rəhbəri Hüseyin Büyükfıratın sahibi olduğu “Böyükfırat” restoranında baş tutub.