Ağdam şəhəri günü: Milli qürurumuzun təntənəsi – Tənzilə Rüstəmxanlı

Hazırda azad edilmiş yurd yerlərimizin qurtuluş tarixi ilə yanaşı, həm də təntənəli Şəhər Günlərini qeyd edirik və bu baxımdan 20 Noyabr Ağdam şəhər günü tarixinin xalqımız üçün müstəsna mənəvi-siyasi əhəmiyyəti var. Ağdamı işğala məruz qalmış digər şəhərlərimizdən fərqləndirən ən ağrılı məqam onun erməni vandalları tərəfindən tamamilə yerlə-yeksan edilməsi idi.

media-whatsapp-image-2026-10-16-at-13-20-23

Ağdamın işğal dövründə üzləşdiyi dağıntılar Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətin ən ağır nəticələrindən biridir. Şəhərin yaşayış binaları, inzibati obyektləri, məktəbləri, mədəniyyət müəssisələri, dini abidələri və sosial infrastrukturu dağıdılıb, talan edilib və yararsız vəziyyətə salınıb.

Bir zamanlar canlı şəhər həyatı ilə seçilən Ağdamın işğaldan sonrakı mənzərəsi insanlıq və mədəniyyətə qarşı törədilmiş vandalizmin acı nümunəsinə çevrilmişdi. Təsadüfi deyil ki, işğal altındakı ərazilərə səfər edən məşhur amerikalı jurnalist və yazıçı Tomas de Vaal da Ağdamı dağıdılmış məscidin minarəsindən seyr edərkən buranı “Qafqazın Xirosiması” adlandırmışdı.

Təkcə Ağdamda yox, o vaxt işğal altında olan bütün torpaqlarda Ermənistan dövləti tərəfindən məqsədyönlü siyasət aparılırdı ki, heç vaxt azərbaycanlılar bu bölgəyə qayıtmasınlar. Onlar istəyirdilər ki, bu torpaqları əbədi işğal altında saxlasınlar. Amma onlar bir şeyi unudurdular ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq, Azərbaycan vətəndaşları heç vaxt öz doğma torpaqlarını unutmayacaq və Azərbaycan dövləti ayağa qalxacaq, güc toplayacaq və düşməni öz torpağından qovacaq. Bunu onlar hesablaya bilməmişdilər.

Bütün bu əzablı illər arxada qaldı. 27 il sonra Ağdam bir güllə atılmadan azad olundu. Bu o demək deyil ki, ermənilər Ağdamı bizə könüllü, sülh yolu ilə verdilər. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadəti sayəsində Ermənistan kapitulyasiya aktını imzaladı və işğal etdiyi bütün ərazilərdən çıxacağı öhdəliyini götürdü.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş Ağdama 28 may 2021-ci il tarixli səfəri şəhərin bərpası prosesində tarixi mərhələ kimi yadda qalıb. Şəhərdə ilk yaşayış binasının təməlqoyma mərasimi isə doğma yurda qayıdışın real başlanğıcını simvolizə edirdi. Hazırda sakinlərinə qovuşan 10 şəhər arasında Ağdamın da adı var.

Ağdamın bərpası Azərbaycan dövlətinin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Şəhərin gələcək siması müasir şəhərsalma prinsipləri, ekoloji yanaşma, innovativ texnologiyalar və dayanıqlı inkişaf meyarları əsasında formalaşdırılır. Prezident İlham Əliyevin liderliyi ilə Ağdamın dirçəlişi, Böyük Qayıdış Proqramı çərçivəsində soydaşlarımızın doğma yurda qovuşaraq yaşadığı sevinc dövlət başçısının qətiyyətli siyasətinin və tarixi missiyasının təntənəsidir.

Ağdamın xarabalıqlardan müasir şəhərə çevrilməsi Azərbaycan dövlətçilik tarixinin yeni səhifəsidir. Birinci Qarabağ savaşında ən çox şəhidi olan bu rayonu “ruhlar şəhəri” də adlandırırdılar. Bu gün “ruhlar şəhəri” uğrunda canını fəda edənlərin ruhları şaddır. Əminliklə deyə bilərik ki, tezliklə Ağdam rayonu özünün əvvəlki şöhrətini bərpa edəcək və Qarabağ iqtisadi rayonunun mühüm mərkəzlərindən birinə çevriləcək.

Bənzər nəticələr

Daha çox