Tənzilə Rüstəmxanlı Neftçalanın problemlərini parlamentdə gündəmə gətirib

Tənzilə Rüstəmxanlı 2027-ci ilin dövlət büdcəsinin müzakirəsində Neftçalanın problemlərini gündəmə gətirib.

Tenzilerustemhanli.az xəbər verir ki, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı parlamentdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edərək həm büdcənin prioritetləri, həm də təmsil etdiyi Neftçala rayonunun sosial problemləri ilə bağlı bir sıra məsələləri diqqətə çatdırıb.

Deputat bildirib ki, 2027-ci ilin dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat həcmində proqnozlaşdırılır. O, büdcənin ümumi istiqamətlərini müsbət qiymətləndirməklə yanaşı, təhsil, elm və mədəniyyət sahələrinə ayrılan vəsaitlərin səmərəli istifadəsinin, gənc alimlərin və fundamental tədqiqatların dəstəklənməsinin vacibliyini vurğulayıb.

Tənzilə Rüstəmxanlı Azərbaycanın beynəlxalq informasiya məkanında fəaliyyətinin gücləndirilməsinə də diqqət çəkib. O, ölkəmizin həqiqətlərini dünyaya çatdıran çoxdilli media layihələrinin, sənədli filmlərin və elmi-publisistik nəşrlərin dəstəklənməsini vacib hesab etdiyini bildirib. Deputat, həmçinin siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının, qadın və gənclər təşkilatlarının fəaliyyətinə dəstəyin artırılmasının əhəmiyyətini qeyd edib.

Çıxışının əsas hissəsini Neftçalanın sosial və infrastruktur problemlərinə həsr edən deputat bildirib ki, rayonun bəzi yaşayış məntəqələri hələ də təbii qazla təmin olunmayıb. Xüsusilə Qaravəlli massivində eyni yolun bir tərəfindəki evlərin qazlaşdırıldığı, digər tərəfində yaşayan ailələrin isə bu imkandan məhrum olduğu diqqətə çatdırılıb. Yeni Qışlaq kəndinin də qazlaşdırılmasına ehtiyac olduğu vurğulanıb.

Deputat rayonun yol infrastrukturundakı problemləri, təxminən altı kilometrlik yol sahəsinin əsaslı təmirə ehtiyacını, şəhid ailələrinin küçələrin abadlaşdırılması və şəhidlərin adlarının küçələrə verilməsi ilə bağlı müraciətlərini də gündəmə gətirib.

Tənzilə Rüstəmxanlı Həsənabad qəsəbəsindəki məktəbin köhnə və qəzalı vəziyyətdə olduğunu bildirərək onun yenidən tikilməsinin zəruriliyini vurğulayıb. Qəsəbədə, xüsusilə yay aylarında kəskinləşən içməli su probleminin həlli üçün su təchizatı sisteminin yenilənməsinə ehtiyac olduğunu qeyd edib.

Deputat Neftçalada işsizlik probleminə də toxunub. Təhsil, səhiyyə və mədəniyyət müəssisələrində struktur dəyişiklikləri, işçi ixtisarları, məktəblərin bağlanması və birləşdirilməsi ilə bağlı narahatlığını ifadə edən Tənzilə Rüstəmxanlı islahatlar zamanı onların sosial nəticələrinin nəzərə alınmasını istəyib. Onun sözlərinə görə, kəndlərin coğrafi şəraiti, şagirdlərin məktəbə gedib-gəlmək imkanları və müəllimlərin məşğulluğu bu qərarlarda diqqətdə saxlanılmalıdır.

Deputat Neftçalanın iqtisadi imkanlarından istifadə etməklə kənd təsərrüfatı, balıqçılıq və emal sənayesi sahələrinə yeni investisiyaların cəlb edilməsini, bununla da rayonda iş yerlərinin yaradılmasını təklif edib.

Tənzilə Rüstəmxanlı hökumətə müraciət edərək Neftçalanın qazlaşdırılması, yol infrastrukturu, Həsənabad məktəbinin yenidən tikilməsi və içməli su təchizatı ilə bağlı problemlərin yaxın iki-üç ilin dövlət investisiya proqramında nəzərə alınmasını xahiş edib.

Deputat çıxışının sonunda dövlət büdcəsinin arxasında yalnız rəqəmlərin deyil, insanların dayandığını vurğulayaraq iqtisadi inkişafın ölkənin bütün bölgələrində və ailələrin həyatında hiss olunmasının vacibliyini qeyd edib.

Bənzər nəticələr

Daha çox