Azərbaycan və Türkiyə türk dünyasının bir araya gəlməsində liderlik göstərir
Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş ‘Türk Dünyası Həftəsi’ uğurla başa çatdı. Bir həftə ərzində keçirilən beynəlxalq elmi konfranslar, mədəni tədbirlər, yüksək səviyyəli görüşlər və müxtəlif platformalarda aparılan müzakirələr türk dünyasının ortaq tarixi, dili, mədəniyyəti və gələcək əməkdaşlıq perspektivləri baxımından mühüm əhəmiyyət daşıdı. Bu tədbirlər təkcə 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi irsinə ehtiramın ifadəsi deyil, həm də türk dövlətləri və xalqları arasında həmrəyliyin, qarşılıqlı etimadın və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində atılan növbəti mühüm addım kimi qiymətləndirilir.
Bəs Türk Dünyası Həftəsi Azərbaycan tarixinə və bütövlükdə türk dünyasının kollektiv yaddaşına hansı mühüm nəticələr və mesajlarla həkk olundu?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Crossmedia.az-a açıqlama verib:
“Türk Dünyası Birinci Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsi öz missiyasını çox uğurla yerinə yetirdi. Bununla da bitmədi, bu proses davam edəcək. Necə ki, əsası ilk dəfə 1926-cı ildə, sovetlər dönəmində qoyulmuş Birinci Türkoloji Qurultay yüz il sonra yenidən Azərbaycanda toplandı və orada türk dünyasının hər yerindən alimlər iştirak edirdi. Azərbaycan Milli Elmlər Akademiyası qurultayın elmi hissəsini təşkil etdi. Mən də həmin qurultayda iştirak etdim. Bizim də tanıdığımız bir çox alimlər – Türkiyədən, Özbəkistandan, Qırğızıstandan, Rusiya Federasiyasının tərkibində yaşayan türk topluluqlarından və Azərbaycandan gəlmiş türkoloqlar, türk dünyasına dərindən bələd olan, onun əhəmiyyətini, xüsusilə də birləşəcəyi təqdirdə bir çox məsələlərdə nə qədər böyük gücə çevriləcəyini anlayan insanların çıxışlarını dinlədik. Mənim üçün Akademiyada keçirilən həmin tədbir çox önəmli idi. Ömrünü türk dünyasının birliyinə həsr etmiş, bunu elmi şəkildə araşdırmış, hətta Azərbaycan Sovet İttifaqının tərkibində olduğu dövrdə belə bu ideya uğrunda mübarizə aparmış, türklük haqqında, türk milli məfkurəsi ilə bağlı yazılar yazmış ziyalılarımız, şairlərimiz var. Onlardan biri də Sabir Rüstəmxanlıdır. O da bu ideyaları öz yaradıcılığında əks etdirib. Yəni, Türkiyəmizdən bu qədər böyük beyin və məfkurə potensialını bir arada görmək, əlbəttə, çox önəmli idi”.

T.Rüstəmxanlı qeyd edib ki, sonda isə Azərbaycan Mədəniyyət Nazirliyinin çox yüksək səviyyədə təşkil etdiyi, türk dünyasının mədəniyyət nazirlərinin Azərbaycana dəvət olunduğu və Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin başlaması, onun yüksək səviyyədə davam etməsi bunların hamısı gələcəyə atılan addımlardır: “Bunlar gələcəyimizə hesablanmış o böyük türk dünyası birliyinin çox önəmli təməl daşlarıdır. Mən Milli Məclisdə Azərbaycan–Türkmənistan parlamentlərarası dostluq qrupunun rəhbəriyəm. Bizim Türkmənistanla, demək olar ki, Azərbaycan müstəqilliyini qazandıqdan sonra müəyyən problemlərimiz olmuşdu və əlaqələrimiz, bağlarımız çox zəif idi. Amma cənab Prezidentimiz İlham Əliyevin çox böyük səyləri nəticəsində bu münasibətlər çox gözəl şəkildə inkişaf etməyə və yüksələn xətlə davam etməyə başladı. Bu ilin əvvəlində Türkoloji Qurultayın davamı olaraq Azərbaycan Mədəniyyəti Günləri Türkmənistanda keçirildi. Bu, olduqca önəmli idi. Ondan əvvəl isə Türkmənistanın Mədəniyyəti Günləri Azərbaycanda keçirilmişdi. Bütün bunlar, demək olar ki, Türk Dünyası Həftəsinin tərkib hissələrindən biridir. Azərbaycanın türk dünyası məsələsində tutduğu mövqe, Türk Dövlətləri Təşkilatının qurulması və fəaliyyəti, ümumiyyətlə, türk dünyasının əhəmiyyəti baxımından cənab Prezidentimiz İlham Əliyevin söylədiyi “Bizim başqa ailəmiz yoxdur, bizim böyük ailəmiz türk dünyasıdır” fikri bu yolda ən önəmli istiqamətverici fikirlərdən biridir. Düşünürəm ki, bu yol davam edəcəkdir”.
Deputat bildirib ki, ən önəmlisi isə Türkiyə və Azərbaycanın türk dünyasının bir araya gəlməsində göstərdiyi liderlikdir: “Bu istiqamətdə ortaya qoyulan çox ciddi yanaşma və çox ciddi məqsəd var. Özbəkistan da, Qırğızıstan da, Qazaxıstan da artıq bu ideyaya və bu təşkilata çox ciddi şəkildə yanaşırlar. Çünki Türk Dövlətləri Təşkilatı artıq çox əhəmiyyətli beynəlxalq təşkilata çevrilib. Bu təşkilatın üzvü olmaq və onun fəaliyyətində iştirak etmək həm beynəlxalq arenada, həm də türk millətinin tarixində çox önəmli yer tutur və gələcəkdə də tutacaqdır. Bu tədbirin Azərbaycanda keçirilməsi çox önəmli hadisə idi. Azərbaycan Mədəniyyət Nazirliyinin bu məsələlərə bu qədər səmimi və ciddi yanaşması bizi də çox sevindirir. Azərbaycan Milli Elmlər Akademiyasının, dövlətimizin və başda cənab Prezidentimiz İlham Əliyev olmaqla bu tədbirlərin yüksək səviyyədə Azərbaycanda keçirilməsində əməyi olan hər kəsə yalnız minnətdar olmaq lazımdır. Bütün bunlar Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu daha da gücləndirir”.




