Azərbaycan–Türkiyə qardaşlığı fitnələrdən daha güclüdür - Tənzilə Rüstəmxanlı

Uzun illərdir Azərbaycanla Türkiyəni qarşı-qarşıya gətirmək, iki qardaş ölkə arasında etimadsızlıq yaratmaq, münasibətlərimizə kölgə salmaq istəyən müəyyən dairələrin fəaliyyətini müşahidə edirik. Müxtəlif dövrlərdə fərqli adlar və şüarlar altında meydana çıxan bu qüvvələrin ortaq cəhəti Azərbaycan–Türkiyə birliyinin güclənməsindən narahat olmalarıdır.

media-whatsapp-image-2025-12-17-at-21-04-55

Bəzən din, bəzən ideologiya, bəzən insan haqları və digər həssas mövzular üzərindən iki ölkə cəmiyyətinin duyğularına təsir göstərməyə, ayrı-ayrı hadisələri ümumi münasibətlərin üzərinə kölgə salacaq səviyyədə böyütməyə çalışırlar. Xüsusilə sosial medianın imkanları bu cür manipulyasiyaların daha sürətlə yayılmasına şərait yaradır. Ayrı-ayrı fikirlərin kontekstdən çıxarılması, dövlət rəhbərlərinin sözlərinin təhrif olunması, daxili məsələlərin başqa bir ölkənin ictimai rəyinə qarşı siyasi alətə çevrilməsi sağlam tənqid deyil. Bunun nəticəsi cəmiyyətlər arasında süni gərginlik yaratmaqdır.

Azərbaycanla Türkiyəni birləşdirən münasibətlər isə belə kampaniyalardan qat-qat dərin tarixi təmələ malikdir. Bizi yalnız bugünkü siyasi maraqlar deyil, ortaq tarix, dil, mədəniyyət, milli-mənəvi dəyərlər və ən ağır günlərdə bir-birimizin yanında olmağın yaratdığı etimad birləşdirir.

Bu münasibətlər tarixin sınağından keçib.

1918-ci ildə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi və Bakının azad olunmasında göstərdiyi fədakarlıq xalqımızın tarixi yaddaşında xüsusi yer tutur. Azərbaycan xalqı həmin ağır günlərdə Anadolu türklərinin onun yanında olmasını unutmadı və unutmayacaq.

Müstəqilliyimizin bərpasından sonra da Türkiyə Azərbaycan üçün ən yaxın və etibarlı dövlətlərdən biri oldu. Birinci Qarabağ müharibəsinin ağır günlərindən başlayaraq Azərbaycanın ərazi bütövlüyü məsələsində Türkiyənin tutduğu mövqe xalqımızın yaddaşındadır. Ermənistanın Azərbaycan torpaqlarını işğalı ilə əlaqədar Türkiyənin 1993-cü ildə Ermənistanla sərhədini bağlaması siyasi həmrəyliyin mühüm nümunələrindən biri idi.

2009-cu ildə Türkiyə–Ermənistan protokollarının müzakirə edildiyi dövrdə də Azərbaycan–Türkiyə münasibətlərinə zərbə vurmaq istəyən dairələrin necə fəallaşdığını görmüşdük. Bursa hadisələri zamanı Azərbaycan bayrağı ətrafında yaranmış qalmaqal iki qardaş xalqın həssas duyğularına toxunmuşdu. O zaman sosial media bugünkü qədər güclü deyildi, lakin televiziya və yazılı mətbuat üzərindən qarşılıqlı ittihamlar yaratmaq cəhdləri kifayət qədər ciddi idi.

Lakin zaman göstərdi ki, Azərbaycan–Türkiyə münasibətlərini belə hadisələrlə sarsıtmaq mümkün deyil.

44 günlük Vətən müharibəsi və Qarabağ Zəfəri bunun ən parlaq təsdiqlərindən biri oldu. Türkiyənin Azərbaycanın haqq işinə verdiyi açıq siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacaq. Qarabağ Zəfərindən sonra isə Azərbaycan–Türkiyə münasibətləri yeni strateji mərhələyə yüksəldi. İki ölkənin beynəlxalq və regional məsələlərdə nümayiş etdirdiyi həmrəylik artıq təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə region üçün mühüm geosiyasi amilə çevrilib.

Məhz bu gücün müəyyən dairələri narahat etməsi təəccüblü deyil.

Bu gün Fələstin və Qəzzada yaşanan faciələr də Azərbaycan–Türkiyə münasibətlərini hədəfə almaq üçün vasitəyə çevrilməməlidir. Fələstin xalqının ağrısı siyasi manipulyasiya predmetinə çevriləcək qədər kiçik məsələ deyil. Türkiyədə və ya Azərbaycanda hansısa qrupun bu faciədən istifadə edərək iki qardaş xalq arasında düşmənçilik yaratmağa çalışması ilk növbədə Fələstin məsələsinin özünə hörmətsizlikdir.

Eyni şəkildə Azərbaycanın daxili məsələlərinin Türkiyə ictimaiyyətində Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə qarşı kampaniya vasitəsinə çevrilməsi də qəbuledilməzdir. Tənqid etmək hər kəsin haqqıdır. Lakin faktları təhrif etmək, fikirləri kontekstdən çıxarmaq, dini və milli hissləri qızışdırmaqla iki qardaş cəmiyyəti qarşı-qarşıya gətirməyə çalışmaq tənqid deyil.

Azərbaycan müstəqil dövlətdir. Türkiyə də müstəqil dövlətdir. Hər iki dövlət öz milli maraqları əsasında xarici siyasət yürüdür. Qardaşlıq o demək deyil ki, iki dövlət hər bir məsələdə eyni üsulla hərəkət etməlidir. Əsas məsələ strateji məqamlarda bir-birinin milli maraqlarına qarşı mövqe tutmamaq, qarşılıqlı etimadı və həmrəyliyi qorumaqdır.

Azərbaycan və Türkiyənin milli və strateji maraqları böyük ölçüdə bir-birini tamamlayır. Bu münasibət yalnız emosional “bir millət, iki dövlət” ifadəsindən ibarət deyil. Onun arxasında tarixi yaddaşla yanaşı, enerji və nəqliyyat layihələri, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, ortaq diplomatik maraqlar və Türk dünyasının gələcəyi dayanır.

Bu səbəbdən Azərbaycan və Türkiyə ziyalılarının, elm və mədəniyyət adamlarının, jurnalistlərinin və ictimai xadimlərinin üzərinə böyük məsuliyyət düşür.

Sosial medianın yaratdığı informasiya xaosunda susmaq hər zaman doğru seçim deyil. İki ölkə arasındakı münasibətlərə qarşı məqsədli dezinformasiya və təxribat xarakterli kampaniyalar aparıldıqda ziyalılarımız faktlara, tarixə və sağlam düşüncəyə söykənərək öz sözlərini deməlidirlər. Eyni zamanda qanunu pozan, nifrət və düşmənçilik yaradan fəaliyyətlərə qarşı hüquqi mexanizmlər də işləməlidir.

Ancaq bütün bunları edərkən bir mühüm prinsipi unutmamalıyıq: ayrı-ayrı şəxslərin və qrupların mövqeyini bütöv Türkiyə və ya Azərbaycan cəmiyyətinin mövqeyi kimi təqdim etmək olmaz. Bir neçə radikal səs milyonlarla insanın qardaşlıq iradəsini ifadə etmir.

Azərbaycanla Türkiyə arasında yüz ildən artıq müddətdə qurulmuş mənəvi körpülər bir neçə sosial media paylaşımı, təxribatçı çıxış və ya süni şəkildə yaradılmış qalmaqalla dağıdılacaq qədər zəif deyil.

Bizim münasibətlərimiz Nuru Paşadan Qarabağ Zəfərinə, Azərbaycanın müstəqilliyindən Şuşa Bəyannaməsinə qədər uzun və şərəfli bir yol keçib. Bu yolun hər mərhələsində çətinliklər də, sınaqlar da olub. Lakin hər dəfə qardaşlıq həmin sınaqlardan daha güclü çıxıb.

Bu gün də ehtiyacımız olan əsas şey sağduyudur.

Azərbaycanı Türkiyəyə, Türkiyəni Azərbaycana qarşı qoymaq istəyənlərin dili ilə deyil, öz tariximizin, ortaq maraqlarımızın və qardaşlıq yaddaşımızın dili ilə danışmalıyıq.

Çünki Azərbaycan–Türkiyə münasibətləri hansısa siyasi konyunkturanın yaratdığı müvəqqəti ittifaq deyil. Bu münasibətlərin arxasında xalqlarımızın iradəsi, ortaq tarixi yaddaş və gələcəyə dair ortaq baxış dayanır.

Fitnələr gəlib keçəcək. Təxribatlar da olacaq. Amma yüz ildən artıqdır qurulan o ürək körpüləri qalacaq.

Çünki Azərbaycanla Türkiyəni birləşdirən bağları siyasi kampaniyalar yaratmayıb ki, siyasi kampaniyalar da dağıda bilsin.

Bənzər nəticələr

Daha çox