Azərbaycan Avrasiyanın böyük güc mərkəzləri iqtisadi ittifaqında - Tənzilə Rüstəmxanlı
Son illərdə Azərbaycanın Asiyanın aparıcı dövlətləri ilə siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar əlaqələri əhəmiyyətli dərəcədə genişlənib. Bu proses ölkəmizin Avrasiya məkanında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməklə yanaşı, müxtəlif çoxtərəfli platformalarla əməkdaşlığın əhəmiyyətini də artırıb. Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Azərbaycanın diqqət yetirdiyi mühüm beynəlxalq platformalardan biridir.

Təşkilatın üzvləri arasında Çin, Hindistan və Rusiya kimi qlobal iqtisadi və siyasi güclərlə yanaşı, İran və Pakistan kimi geostrateji əhəmiyyətli dövlətlər, həmçinin Mərkəzi Asiyanın Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan kimi ölkələri yer alır. Belarusun da üzvlüyü ilə ŞƏT-in Avrasiya miqyasında əhatə dairəsi daha da genişlənib.
Azərbaycan ŞƏT-in üzvü deyil, 2016-cı ildən təşkilatın dialoq tərəfdaşıdır. Buna baxmayaraq, Prezident İlham Əliyevin sammitə dəvət olunması Azərbaycanın Avrasiyada artan siyasi çəkisinin göstəricisi hesab edilə bilər. Eyni zamanda Özbəkistan səfərinin ardınca Bişkekə gediş Bakının Mərkəzi Asiya və Türk dünyası istiqamətində ardıcıl siyasət apardığını göstərir.
Bu baxımdan Azərbaycanın ŞƏT-də fəal iştirakını “Rusiya-Çin blokuna yaxınlaşma” kimi yox, Bakının Avrasiyanın müxtəlif güc mərkəzləri arasında manevr imkanlarını genişləndirməsi kimi qiymətləndirmək daha düzgündür.
ŞƏT ölkələri ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycana həm tranzit daşımalarının həcmini artırmaq, həm də öz məhsullarını yeni bazarlara çıxarmaq imkanları verə bilər. Eyni zamanda, yeni investisiyaların cəlb edilməsi, logistika və nəqliyyat xidmətlərinin inkişafı, enerji və rəqəmsal texnologiyalar sahəsində yeni layihələrin həyata keçirilməsi üçün əlavə imkanlar yaradır.
Ona görə də Prezident İlham Əliyevin ŞƏT sammitində iştirakı yalnız siyasi-diplomatik baxımdan deyil, həm də Azərbaycanın iqtisadi və geoiqtisadi maraqları baxımından mühüm əhəmiyyət daşıyır.
Beləliklə, Bişkek sammiti Azərbaycan Prezidenti üçün sadəcə çoxtərəfli tədbir deyil. Bu səfər Bakının həm Türk dünyası, həm Mərkəzi Asiya, həm də Avrasiyanın böyük güc mərkəzləri ilə münasibətlərini eyni masada irəlilətmək imkanıdır.
Azərbaycan-ŞƏT əməkdaşlığının növbəti mərhələsində əsas məsələ ticarət dövriyyəsinin sadəcə artırılması deyil, daha geniş iqtisadi zəncirlərin formalaşdırılması olmalıdır. Buraya birgə investisiya layihələri, sənaye kooperasiyası, logistika mərkəzləri, rəqəmsal ticarət, nəqliyyat xidmətləri, kənd təsərrüfatı, enerji və qeyri-neft sektorunda əməkdaşlıq daxildir.
ŞƏT ölkələrinin böyük bazarları Azərbaycanın qeyri-neft ixracının genişləndirilməsi üçün ciddi potensial yaradır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə müxtəlif beynəlxalq platformalarda artan fəallığı ölkəmizin dəyişən dünya düzənində öz milli maraqlarına əsaslanan siyasət yürüdərək qlobal və regional proseslərdə fəal iştirak edən dövlət mövqeyini daha da möhkəmləndirdiyini göstərir.




