Azərbaycan adına güclü dövlət, yenilməz iradə siyasəti - Tənzilə Rüstəmxanlı yazır
Yeni Azərbaycan Partiyasının qurultayı heç şübhəsiz ölkənin siyasi həyatında mühüm hadisələrdən biridir. Partiyanın sayca VIII qurultayı təşkilati məsələlərlə yanaşı Azərbaycanın gələcək suverenliyini, Qarabağın tamamilə bərpa olunmasını və ölkənin gələcək strateji hədəflərinin ortaya qoyulması ilə yadda qaldı. Belə ki, qurultayda Prezident İlham Əliyevin səsləndirdiyi bəyanatlar ölkənin daxili, xarici və təhlükəsizlik siyasətində keyfiyyətcə yeni bir dövrün strateji yol xəritəsini müəyyən etmiş oldu.

Prezident İlham Əliyevin çıxışı təkcə partiyanın qarşıdakı fəaliyyətinə deyil, Azərbaycanın daxili və xarici siyasətinin əsas istiqamətlərinə dair mühüm mesajlarla yadda qaldı. Dövlət başçısı Azərbaycanın artıq yeni reallıqlar mərhələsinə daxil olduğunu, əldə edilən Zəfərin və tam suverenliyin qorunmasının əsas prioritetlərdən olduğunu vurğuladı. Eyni zamanda, müstəqil xarici siyasət, heç bir xarici təsirə yol verməmək və ölkənin hərbi gücünü daim artırmaq məsələləri xüsusi ön plana çıxdı.
Ölkə başçısının çıxışı Azərbaycanın müstəqil dövlətçilik xəttinin, milli maraqlara əsaslanan siyasətinin və yeni geosiyasi reallıqların qorunub inkişaf etdiriləcəyini bir daha nümayiş etdirdi. Xüsusilə xarici müdaxilələrlə bağlı səsləndirilən fikirlər Azərbaycanın öz siyasi qərarlarını müstəqil şəkildə qəbul etmək iradəsinin açıq ifadəsi idi.
Qurultayda səslənən digər mühüm fikir Azərbaycanın gələcək təhlükəsizliyi ilə bağlıdır. Prezident İlham Əliyev bildirdi ki, müharibə və qarşıdurmaların genişləndiyi indiki beynəlxalq şəraitdə hərbi potensialın daha da gücləndirilməsi əsas vəzifələrdən biridir. Azərbaycan sülhə nail olmaqla yanaşı, öz təhlükəsizliyini təmin etmək üçün güclü müdafiə imkanlarına malik olmalıdır. Bu, dövlət müstəqilliyinin qorunması və gələcək nəsillərin təhlükəsiz şəraitdə yaşaması baxımından strateji əhəmiyyət daşıyır.
Prezidentin çıxışında ideoloji təhlükəsizlik məsələsinə də xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Müasir dövrdə informasiya texnologiyalarının, sosial şəbəkələrin, süni intellektin və rəqəmsal kommunikasiya imkanlarının sürətlə genişlənməsi informasiya məkanında yeni çağırışlar formalaşdırır. Belə şəraitdə cəmiyyətin maariflənməsi, gənclərin sağlam informasiya mühitində yetişməsi, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması mühüm vəzifələrdəndir.
Prezidentin səsləndirdiyi mesajlar göstərir ki, Azərbaycan qarşıdakı dövrdə bu siyasətin davam etdirilməsində qərarlıdır. Burada diqqət çəkən əsas məqam dövlətçilik xəttinin dəyişməzliyidir. Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs müasir dövrün reallıqları nəzərə alınmaqla davam etdirilir. Ulu Öndərin əsasını qoyduğu güclü dövlət, milli həmrəylik, sabitlik və inkişaf fəlsəfəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məzmun qazanıb.
Azərbaycanın siyasi tarixində artıq yeni səhifə açılıb. Bu səhifənin adı isə güclü dövlət, möhkəm milli birlik, davamlı inkişaf və tam suverenlikdir. Həmin siyasi xəttin davamlılığı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ardıcıllığı və Azərbaycanın gələcəyə inamla addımladığı real siyasi gedişlərlə təsdiqini tapır. Ən əsası isə budur: Azərbaycan artıq öz tarixinin taleyüklü qərarlarını başqalarının müəyyən etdiyi deyil, özünün verdiyi və öz gücünə arxalanaraq həyata keçirdiyi bir mərhələdədir.




