17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ: BİR MİLLƏTİN OYANIŞI, BİR DÖVLƏTİN AZADLIQ YOLU!

17 Noyabr sadəcə təqvimdə qeyd olunan bir bayram deyil. 17 Noyabr bir millətin öz kimliyini yenidən dərk etdiyi, haqqını, torpağını, milli ləyaqətini qorumaq üçün ayağa qalxdığı tarixi gündür!

Bu tarixin mənasını anlamaq üçün 1988-ci ilin o ağır, ağrılı, eyni zamanda qürurverici günlərinə qayıtmaq lazımdır.

media-khm_6622-jpg

O günlər bizim gözlərimizin önündə yaşandı. Sovet imperiyasının hələ bütün gücü ilə hökm sürdüyü bir dövrdə Azərbaycan xalqı böyük bir ədalətsizliklə üz-üzə qalmışdı. Qarabağda erməni separatizmi baş qaldırmış, Ermənistanda yaşayan yüz minlərlə soydaşımız öz ata-baba yurdlarından zorla çıxarılmağa başlanmışdı. Qorbaçovun rəhbərlik etdiyi sovet hakimiyyətinin ikili standartları, erməni separatizminə münasibətdə nümayiş etdirdiyi siyasi qərəz xalqımızın ədalətə olan inamını sarsıdırdı.

Biz artıq anlayırdıq ki, məsələ yalnız Qarabağ məsələsi deyil. Məsələ bir millətin varlığı, milli kimliyi, tarixi torpaqları və gələcək taleyi məsələsidir.

Və 1988-ci il noyabrın 17-də bir millət ayağa qalxdı!

Bakının Azadlıq meydanına yüz minlərlə insan axışdı. O meydanda səslənən hayqırtılar yalnız Qarabağda baş verən qanunsuzluqlara, Ermənistandan didərgin salınan soydaşlarımızın faciəsinə etiraz deyildi. Bu, illərlə susdurulmuş bir millətin vicdanının, milli yaddaşının, azadlıq iradəsinin səsi idi.

İnsanlar yalnız torpaq tələb etmirdilər. Onlar ədalət, milli ləyaqət, bərabər hüquq və öz taleyinə sahib çıxmaq haqqı tələb edirdilər.

17 Noyabrın Milli Dirçəliş Günü adlandırılmasının böyük tarixi mənası da məhz bundadır.

Çünki o gün Azərbaycan xalqı ona qarşı edilən haqsızlıqların arxasında dayanan imperiya siyasətini daha aydın gördü. Kim olduğunu, hansı tarixin varisi olduğunu, hansı gücə sahib olduğunu yenidən dərk etdi.

O meydanda yalnız insanlar toplaşmamışdı. O meydanda bir millətin milli ruhu, tarixi yaddaşı və azadlıq arzusu birləşmişdi.

Mən o günləri xatırlayanda bir həqiqəti daha dərindən anlayıram: Azərbaycanın müstəqilliyinə gedən yolun ən mühüm səhifələrindən biri məhz 17 Noyabrda yazıldı.

Sonralar xalqımız çox ağır sınaqlardan keçdi. 20 Yanvar faciəsini yaşadı, torpaqlarının işğalına, Xocalı faciəsinə şahid oldu. Amma milli iradəsini itirmədi. Çünki 1988-ci ilin meydanlarında oyanan azadlıq ruhunu artıq heç bir qüvvə söndürə bilməzdi.

Bu gün Azərbaycan müstəqil, suveren, ərazi bütövlüyünü bərpa etmiş qalib dövlətdir. Üçrəngli bayrağımız Qarabağda, Xankəndidə, Şuşada dalğalanır.

Mən inanıram ki, bugünkü qüdrətli Azərbaycanın mənəvi təməllərində 1988-ci ilin o meydanlarının, o mübariz insanların, o milli oyanışın da böyük payı var.

Tarix yalnız qazanılan zəfərlərlə deyil, o zəfərlərə aparan mübarizə ilə də yazılır.

Bu gün böyük ehtiramla 1988-ci ilin milli azadlıq hərəkatının önündə gedən ziyalılarımızı, xalqımızın haqq səsini ucaldan, meydanlarda sinəsini qabağa verən bütün fədakar insanlarımızı xatırlayıram. Onların bir çoxunu şəxsən tanımaq, o tarixi günlərin şahidi olmaq mənim üçün unudulmaz xatirədir.

Həyatda olanlara möhkəm cansağlığı, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm. Onların hər birinin Azərbaycanın milli oyanış tarixində öz yeri, öz izi, öz haqqı var.

Biz o günləri heç zaman unutmamalıyıq. Xüsusilə gənc nəsil bilməlidir ki, bu gün sahib olduğumuz müstəqillik, suverenlik və Zəfər bizə asan başa gəlməyib. Bu yolun başlanğıcında xalqımızın azadlıq eşqi, mübarizə əzmi və milli iradəsi dayanır.

17 Noyabr bizə bir həqiqəti öyrətdi: Öz kimliyini dərk edən, haqqı uğrunda birləşən, milli iradəsinə sahib çıxan xalqı heç bir imperiya əbədi əsarətdə saxlaya bilməz!

Milli Dirçəliş Günümüz mübarək olsun!

Yaşasın azad, müstəqil, suveren Azərbaycan!

Yaşasın Azərbaycan xalqının heç zaman sönməyən milli ruhu!

Tənzilə Rüstəmxanlı 

Milli Məclisin deputatı

Bənzər nəticələr

Daha çox