Tənzilə Rüstəmxanlı: Dövlət Suverenliyi xalqımızın iradəsinin, ordumuzun gücünün təntənəsidir

Dövlət suverenliyi anlayışı hər bir dövlətin müstəqil mövcudluğunun fundamental əsaslarından biridir. Suverenlik dövlətin öz ərazisində ali hakimiyyətə malik olması, daxili və xarici siyasətini müstəqil şəkildə müəyyənləşdirməsi və milli maraqlarını beynəlxalq münasibətlər sistemində sərbəst müdafiə etməsi deməkdir. Azərbaycan Respublikasının Konstitusiyasında da dövlət müstəqilliyinin, suverenliyin və ərazi bütövlüyünün qorunması dövlətin əsas məqsədləri sırasında təsbit olunmuşdur. Amma Azərbaycanın dövlət suverenliyinin bərpası uzun və mürəkkəb tarixi prosesin nəticəsi olmuşdur.

media-whatsapp-image-2026-09-20-at-08-17-03

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dövlət quruculuğu, hüquqi institutların möhkəmləndirilməsi və milli dövlətçilik ənənələrinin inkişafı istiqamətində mühüm yol keçib. Lakin Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın işğal altında qalması uzun illər ərzində suverenliyimizin ölkənin bütün ərazisində tam həyata keçirilməsinə imkan vermədi. 30 ildən çox davam edən işğala son qoyulması Azərbaycanın müasir tarixinin ən mühüm hadisələrindən biridir.

2020-ci il Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfər nəticəsində ərazilərimizin böyük hissəsi işğaldan azad edildi və ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ başlandı. Bu Zəfər Azərbaycan xalqının milli iradəsinin, dövlətimizin gücünün və ordumuzun qəhrəmanlığının tarixi nəticəsi oldu. Şəhidlərimizin qanı və qazilərimizin fədakarlığı hesabına əldə edilən Qələbə dövlət suverenliyimizin tam təmin olunmasına aparan yolun əsasını qoydu.

2023-cü ilin sentyabrında bütün dünya Azərbaycan Prezidentinin müdrik sərkərdəliyi, ordumuzun qüdrəti sayəsində növbəti tarixi Qələbəyə şahidlik etdi. Cəmi 23 saat davam edən lokal xarakterli antiterror əməliyyatları Azərbaycan Respublikasının dövlət suverenliyinin və konstitusiya quruluşunun tam bərpa edilməsi ilə nəticələndi. Antiterror tədbirləri nəticəsində qondarma rejimi özünü buraxdığını elan etdi və bununla da Azərbaycanın bütün əraziləri üzərində suverenliyi tam bərpa olundu.

Hakimiyyətin aliliyi və dövlət nəzarəti bərqərar edildi ki, bu da Azərbaycan dövlətçiliyi tarixində mühüm mərhələdir. Artıq Azərbaycanın siyasi və inzibati idarəçiliyi ölkənin beynəlxalq səviyyədə tanınmış bütün sərhədlərində tam təmin olunub. Azərbaycan Respublikasının dövlət bayrağı ölkənin bütün ərazilərində dalğalanır və dövlət hakimiyyətinin hüquqi-siyasi təsir dairəsi ölkənin bütün ərazisini əhatə edir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə ölkəmizdə 20 Sentyabr – Dövlət Suverenliyi Günü təsis edilib. Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə əzəmətlə və qürurla dalğalanır. Bu tarixi nailiyyət dövlətimiz başçısının müdrikliyinin, Azərbaycan xalqının iradəsinin, ordumuzun gücünün təntənəsidir.

Dövlət suverenliyinin tam təmin olunması Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi baxımından mühüm tarixi hadisə kimi qiymətləndirilir. Bu baxımdan Dövlət Suverenliyi Günü yalnız hərbi nailiyyətin ildönümü deyil, həm də dövlətçilik, milli birlik, hüquqi dövlət və konstitusiya prinsiplərinin əhəmiyyətini xatırladan bir tarixdir.

Suverenliyin qorunması yalnız hərbi gücdən deyil, eyni zamanda güclü dövlət institutlarından, qanunun aliliyindən, iqtisadi inkişafdan, milli həmrəylikdən və vətəndaş məsuliyyətindən asılıdır. Dövlət Suverenliyi Gününün təsis edilməsi həm də gələcək nəsillərin tarixi yaddaşının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu tarix gənc nəslə dövlət müstəqilliyinin və suverenliyin necə böyük tarixi dəyər olduğunu aşılamaq üçün mühüm imkan yaradır.

Bənzər nəticələr

Daha çox