17 il sonra yenidən 2009-cu iləmi qayıdırıq? – Türkiyə-Azərbaycan qardaşlığı tarixi məsuliyyət və dövlət ağlı tələb edir
Son dövrlərdə Türkiyə ilə Azərbaycan arasında yaşanan hadisələri, qarşılıqlı narazılıqları, xüsusilə bəzi siyasi və media çevrələrinin münasibətlərimizi gərginləşdirən açıqlamalarını izlədikcə istər-istəməz 2009-cu ili xatırlayıram. Aradan 17 il keçib. Zaman dəyişib, regionun siyasi mənzərəsi dəyişib, Azərbaycan artıq 2009-cu ilin Azərbaycanı deyil. Lakin təəssüf ki, iki qardaş dövlətin münasibətləri ətrafında yaranan bəzi narahatlıqlar mənə o illərin siyasi ab-havasını xatırladır.
2009-cu ildə Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması, sərhədlərin açılması istiqamətində aparılan danışıqlar Azərbaycan cəmiyyətində ciddi narazılıq yaratmışdı. O zaman Qarabağ işğal altında idi, yüz minlərlə soydaşımız doğma torpaqlarından didərgin düşmüşdü. Belə bir şəraitdə Azərbaycanın milli maraqlarının nəzərə alınması tələbi tamamilə təbii və haqlı idi.

Həmin günləri yaxşı xatırlayıram. Müxtəlif siyasi dairələr və media qurumları yaranmış gərginliyi daha da dərinləşdirirdilər. Xüsusilə Fətullah Gülən hərəkatına yaxın media çevrələrinin bu müzakirələrdə fəallığı diqqət çəkirdi. Lakin hər iki ölkədə dövlətçilik məsuliyyətini üstün tutan siyasətçilər, millət vəkilləri, ziyalılar münasibətlərin qorunması üçün hərəkətə keçdilər.
2009-cu ilin mayında Türkiyənin o zamankı Baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri və Azərbaycan Milli Məclisindəki çıxışı yaddaşımda xüsusi yer tutur. Həmin çıxış iki qardaş dövlət arasında yaranmış narahatlıqların aradan qaldırılmasına xidmət edən mühüm siyasi mesaj idi.
O zaman dövlət ağlı qalib gəldi. Bu gün də həmin müdrikliyə ehtiyacımız var.
Ancaq 2009-cu illə bugünkü vəziyyət arasında çox mühüm fərq mövcuddur. Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanıb, ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu Zəfər Azərbaycan xalqının, qəhrəman Ordumuzun, şəhidlərimizin və qazilərimizin misilsiz fədakarlığının nəticəsidir.
Türkiyənin həmin günlərdə Azərbaycana verdiyi siyasi və mənəvi dəstək isə qardaşlıq tariximizin unudulmaz səhifəsidir. Ancaq Qarabağ Zəfərindən siyasi mübahisələrdə yersiz istifadə edilməsi, Azərbaycan əsgərinin fədakarlığının kölgədə qalması təəssüratının yaradılması haqlı incikliklər doğurur. Qardaşlıq bir-birinin xidmətini inkar etmək deyil, hər kəsin haqqını və əməyini ehtiramla qəbul etməkdir.
Son zamanlar Türkiyənin bəzi keçmiş diplomatlarının, siyasi analitiklərinin və fikir mərkəzləri nümayəndələrinin açıqlamalarını dinlədikcə diqqətimi çəkən bir məqam da var. Bəziləri yaranmış gərginliyin səbəblərindən birini Türkiyə–Ermənistan normallaşma prosesi ilə əlaqələndirirlər.
Bu ehtimalın nə dərəcədə əsaslı olduğunu qəti söyləmək çətindir. Lakin Azərbaycanın Ermənistanla sülh müqaviləsinin bağlanması üçün irəli sürdüyü şərtlər, xüsusilə Ermənistan Konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə qarşı iddiaların hüquqi əsaslarının aradan qaldırılması məsələsi nəzərə alınmalıdır.
Azərbaycan bölgədə sülhün əleyhinə deyil. Əksinə, davamlı və ədalətli sülhün tərəfdarıdır. Lakin bu sülh Azərbaycanın suverenliyi və təhlükəsizlik maraqları nəzərə alınmaqla təmin edilməlidir.
Burada xüsusilə bir tarixi və hüquqi həqiqəti xatırlatmaq istəyirəm.
Bu gün Türk dünyasının ən mühüm siyasi əməkdaşlıq platformalarından biri olan Türk Dövlətləri Təşkilatının hüquqi təməli məhz 3 oktyabr 2009-cu ildə Naxçıvanda qoyulmuşdur.
Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın imzaladığı Naxçıvan Sazişi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradılmış, sonrakı illərdə bu birlik daha da inkişaf etmişdir. 12 noyabr 2021-ci ildə İstanbul Zirvəsində qurum Türk Dövlətləri Təşkilatı adlandırılmış, 11 noyabr 2022-ci ildə Səmərqənd Zirvəsində isə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində mühüm qərarlar qəbul olunmuşdur.
Bu sənədlərin və bütövlükdə təşkilatın fəaliyyətinin təməlində dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyünə hörmət, müstəqil siyasi iradə, qarşılıqlı maraqların qorunması və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri dayanır.
Deməli, Türk dünyasının birliyi heç bir dövlətin digərinin daxili siyasətinə müdaxiləsi, milli iradəsinə təsir göstərməsi və ya dövlət maraqlarını ikinci plana keçirməsi demək deyil. Əksinə, bu birlik müstəqil dövlətlərin qarşılıqlı hörmət və etimad üzərində qurduğu strateji həmrəylikdir.
Azərbaycan–Türkiyə münasibətləri də məhz bu prinsiplərə əsaslanmalıdır. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinin siyasi və mənəvi ruhu da bunu tələb edir.
Türkiyə müstəqil dövlətdir, Azərbaycan da müstəqil dövlətdir. Hər iki ölkənin öz milli maraqları, təhlükəsizlik prioritetləri və suveren qərarları var. Lakin bizi digər dövlətlərdən fərqləndirən ortaq tariximiz, dilimiz, mədəniyyətimiz və qardaşlıq bağlarımızdır. Bu bağlar bizi bir-birimizin dövlət maraqlarına daha həssas yanaşmağa sövq etməlidir.
Məhz buna görə Türkiyədə bəzi radikal dini və siyasi çevrələrin Azərbaycanın daxili işlərinə müdaxilə xarakterli açıqlamalarını, ölkəmizin dünyəvi dövlət quruluşuna yönəlmiş çağırışlarını qəbuledilməz hesab edirəm.
Eyni zamanda Türkiyənin bəzi media orqanlarında Azərbaycan Prezidenti İlham Əliyevə qarşı işlədilən təhqiramiz ifadələr ciddi narahatlıq doğurur. Xüsusilə hakim partiyaya yaxınlığı ilə tanınan media çevrələrində və ayrı-ayrı siyasi şəxslərin açıqlamalarında belə halların baş verməsi, Azərbaycan səfirliyi qarşısında keçirilən etiraz aksiyalarında təhqiramiz şüarların səsləndirilməsi iki qardaş xalqın münasibətlərinə zərər verir.
Bu cür hallara qarşı daha məsuliyyətli mövqe nümayiş etdirilməlidir.
Eyni prinsip Azərbaycanda Türkiyəyə münasibətdə də keçərlidir. Nə Azərbaycanda Türkiyə əleyhdarlığına, nə də Türkiyədə Azərbaycan əleyhdarlığına yol verilməlidir.
Unutmamalıyıq ki, dövlət siyasətini tənqid etmək başqa, qardaş dövlətin rəhbərliyini və xalqını təhqir etmək tamam başqa məsələdir.
Mən hesab edirəm ki, yaranmış narazılıqların aradan qaldırılması üçün artıq hər iki ölkənin nüfuzlu siyasi xadimləri, millət vəkilləri, ziyalıları və ictimaiyyət nümayəndələri daha fəal mövqe ortaya qoymalıdırlar.
Bu baxımdan Türkiyənin milliyyətçi siyasi düşüncəsində xüsusi yeri olan, Azərbaycan və bütövlükdə Türk dünyasında böyük hörmətlə qarşılanan Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının birləşdirici mövqeyinin mühüm rol oynaya biləcəyinə inanıram.
Türk dünyasının birliyini daim müdafiə edən, Azərbaycan–Türkiyə qardaşlığına xüsusi həssaslıqla yanaşan Dövlət Bağçalının bu məsələdə ortaya qoyacağı siyasi iradə münasibətlərdə yaranmış narazılıqların aradan qaldırılmasına ciddi töhfə verə bilər.
Ömrünün böyük bir hissəsini Türkiyə–Azərbaycan münasibətlərinin inkişafına həsr etmiş bir insan olaraq bu gün yaşananları ürək ağrısı ilə izləyirəm.
Mən bu qardaşlığın yalnız zəfər günlərini deyil, ən ağır sınaqlarını da görmüşəm.
Biz nə o günləri, nə də 44 günlük Vətən müharibəsində yaşadığımız böyük həmrəyliyi unutmalıyıq.
Bu gün Türkiyə–Azərbaycan münasibətlərinin qorunması yalnız iki ölkənin deyil, bütövlükdə Türk dünyasının gələcəyi üçün strateji əhəmiyyət daşıyır.
Türk Dövlətləri Təşkilatının Naxçıvanda qoyulan təməlindən bugünkü inkişafına qədər Azərbaycan və Türkiyənin birgə siyasi iradəsi mühüm rol oynayıb. Bu birliyin zəifləməsi nə Bakının, nə Ankaranın, nə də digər türk dövlətlərinin maraqlarına uyğundur.
Biz 17 il sonra yenidən 2009-cu ilin narahatlıqlarına qayıtmamalıyıq. Əksinə, həmin illərin təcrübəsindən nəticə çıxarmalı, dövlət ağlını emosional qarşıdurmalardan, qardaşlıq məsuliyyətini isə dar siyasi maraqlardan üstün tutmalıyıq.
Bir millət, iki dövlət olmaq yalnız bayramlarda eyni sevinci bölüşmək, eyni şüarları səsləndirmək deyil. Bu, çətin günlərdə bir-birinin narahatlığını anlamaq, milli maraqlarına hörmət etmək və ən həssas məqamlarda belə qarşılıqlı etimadı qorumaq deməkdir.
Türkiyə və Azərbaycan qardaşdır və bu qardaşlığın kökləri tariximizin dərinliklərinə, ortaq milli yaddaşımıza, dilimizə, mədəniyyətimizə və mənəvi dünyamıza dayanır.
İnanıram ki, bu dəfə də dövlət ağlı qalib gələcək.
Çünki bizim qardaşlığımız keçmişdən gələn bir miras olmaqla yanaşı, gələcək nəsillərə ötürməli olduğumuz tarixi əmanətdir.
Bu əmanəti qorumaq isə yalnız Azərbaycanın və Türkiyənin deyil, bütövlükdə Türk dünyasının gələcəyi qarşısında daşıdığımız ən böyük məsuliyyətdir.
Milli Məclisin deputatı
Tənzilə Rüstəmxanlı




