Azərbaycanın güclü mövqeyi: İrəvan Zirvəsində verilən açıq mesajlar - Tənzilə Rüstəmxanlı yazır
- 8 baxış
İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin onlayn çıxışı bir çox baxımdan mühüm əhəmiyyət kəsb edirdi. Əvvəla, qalib sərkərdə kimi Azərbaycan Prezidentinin İrəvandakı tədbir haqqında səmimi fikirləri bir daha ölkəmizin sülhpərvər və humanist mövqeyini ifadə etmiş oldu.

Bununla yanaşı prezident İlham Əliyev, Avropa institutları arasında Azərbaycanla bağlı yanaşma fərqləri fonunda Avropa Parlamentini sülh prosesinə mane olmaqda ittiham edib. Dövlət başçısı xüsusilə Avropa Parlamentinin fəaliyyətini sülhə dəstək deyil, əksinə, prosesi zəiflətməyə yönəlmiş addımlar kimi qiymətləndirib.
Prezidentin çıxışı əslində yalnız siyasi bəyanat deyil, həm də uzun illərdir davam edən “ikili standartlar” məsələsinə verilən sistemli cavab kimi dəyərləndirilə bilər. İlham Əliyevin mesajı açıqdır – sülh prosesinin uğuru üçün beynəlxalq aktorlar qərəzli yanaşmalardan uzaqlaşmalı, real siyasi reallıqları qəbul etməlidirlər.
Bu kontekstdə Azərbaycan tərəfinin mövqeyi, rəsmi Bakının hesablamalarına görə, beynəlxalq hüquqa və faktiki vəziyyətə daha uyğun görünür. Amma bütün bu cəhdlər uğursuluğa məhkumdur. Azərbaycan bölgədə dayanıqlı sülhün təmin olunması istiqamətində olduqca faydalı və ciddi addımlar atıb. Artıq biz regionun əsas güc mərkəzlərindən biri və söz sahibi kimi, bölgədə davamlı sülhə və sabitliyə nail olmaq əzmindəyik.
Azərbaycan Prezidenti cənab İlham Əliyev də bu məsələyə xüsusi diqqət çəkərək Avropa liderlərinə bir daha xatırladıb ki, regionda sülhə dəstək vermək vacibdir. Azərbaycanın atdığı bütün addımlar beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur.
Dövlət başçısının çıxışını ən diqqətçəkən məqamlarından biri sülhün artıq hüquqi sənəd kimi deyil, siyasi reallıq kimi təqdim olunmasıdır. Bu yanaşma Ermənistan daxilində də ziddiyyətli reaksiyalar doğurur. Baş nazir Nikol Paşinyan üçün bu vəziyyət həm imkan, həm də ciddi siyasi risklər yaradır.
Bir tərəfdən iqtisadi açılım və regional inteqrasiya perspektivləri mövcuddur, digər tərəfdən isə daxili siyasi qüvvələr bu prosesi güzəşt kimi qiymətləndirərək təzyiqi artırır. Bu isə Ermənistanın daxili siyasi sabitliyini birbaşa sülh prosesinin dinamikası ilə bağlayır.
Azərbaycan lideri İlham Əliyevin bu gün ortaya qoyduğu siyasi xətt təkcə region üçün deyil, bütövlükdə beynəlxalq münasibətlər sistemi üçün nümunədir.




