TÜRKİYƏ–AZƏRBAYCAN QARDAŞLIĞI SÖZ SAVAŞININ QURBANI OLMAMALIDIR!

TÜRKİYƏ–AZƏRBAYCAN QARDAŞLIĞI SÖZ SAVAŞININ QURBANI OLMAMALIDIR!

Bu gün emosiyaların deyil, dövlət ağlının və tarixi məsuliyyətin danışacağı zamandır

Son günlər Azərbaycan və Türkiyə ictimai mühitində əvvəlcə məktəblərdə hicab məsələsi ətrafında başlayan fikir ayrılıqlarının getdikcə daha geniş və təhlükəli müstəviyə keçməsi ciddi narahatlıq doğurur. Təəssüf ki, müəyyən şəxslərin və qrupların mövqelərinə yönəlmiş tənqidlər artıq bəzi hallarda bütövlükdə dövlətlərin, hakimiyyətlərin və hətta xalqların ünvanına səsləndirilən ittihamlarla müşayiət olunur.

Ən təhlükəli məqam da məhz budur: ayrı-ayrı şəxslərin yanlış mövqeyinə görə bütöv bir dövləti, bir xalqı günahlandırmaq!

Bu, nə siyasi baxımdan doğrudur, nə tarixi ədalətə uyğundur, nə də iki qardaş xalqın gələcək münasibətlərinə xidmət edir.

Ömrümün böyük bir hissəsini Türkiyə–Azərbaycan münasibətlərinin inkişafına, iki qardaş xalq arasında mənəvi bağların möhkəmlənməsinə həsr etmiş, bu münasibətlərin ən həssas və kövrək dövrlərinin canlı şahidlərindən biri kimi hesab edirəm ki, artıq bu qarşılıqlı söz savaşına son qoyulmalıdır.

Azərbaycanın daxili işlərinə müdaxilə etmək, onun qanunlarını, dövlət quruluşunu və siyasi iradəsini təhqiramiz ifadələrlə hədəfə almaq heç kimin haqqı deyil. Azərbaycan müstəqil, dünyəvi və suveren dövlətdir. Onun təhsil siyasəti, qanunvericiliyi və ictimai həyatının təşkili ilə bağlı qərarlar Azərbaycan dövlətinin səlahiyyətindədir. Fikir ayrılığı ola bilər, tənqid də mümkündür. Lakin tənqid dövlətə və xalqa qarşı təhqirə çevrilməməlidir.

Eyni prinsip Türkiyəyə münasibətdə də keçərlidir.

Türkiyədə müəyyən radikal dini çevrələrin Azərbaycan haqqında səsləndirdiyi əsassız və təhqiramiz fikirlər nə qədər qəbuledilməzdirsə,

Azərbaycanda da buna cavab olaraq Türkiyə dövlətini, türk xalqını və bütövlükdə türklük anlayışını hədəfə almaq bir o qədər yolverilməzdir.

Biz ayrı-ayrı şəxslərin məsuliyyətsiz bəyanatlarını dövlətlərin mövqeyi kimi təqdim edə bilmərik. Bir qrupun yanlışına görə bütöv bir milləti ittiham etmək siyasi uzaqgörənlik deyil.

Hər iki ölkənin məsuliyyətli ictimai-siyasi xadimləri, xüsusilə yüksək dövlət vəzifələri tutan şəxslər, millət vəkilləri, ziyalılar və media nümayəndələri ifadələrində son dərəcə diqqətli olmalıdırlar. Çünki bəzən düşünülmədən söylənilən bir söz illərlə qurulan etimad mühitinə zərbə vura bilər.

Tarixi yaddaşımızı qarşıdurma vasitəsinə çevirməyək

Son günlər sosial şəbəkələrdə Azərbaycanın müstəqillik mübarizəsinin önəmli simalarından biri olan Əbülfəz Elçibəylə bağlı müəyyən hadisələrin yenidən gündəmə gətirilməsi, Türkiyənin vaxtilə ona helikopter verməməsi barədə iddiaların iki ölkə arasında qarşıdurma yaratmaq məqsədilə istifadə olunması da düşündürücüdür.

Tarixi hadisələri yaşandığı dövrün siyasi şəraitindən ayıraraq, ayrı-ayrı epizodlar üzərindən bütöv bir dövlətə hökm vermək obyektiv yanaşma deyil.

Əgər keçmişi xatırlayırıqsa, onu bütövlükdə xatırlamalıyıq.

Bəs Naxçıvanın ağır blokada illərini necə unuda bilərik? Ulu Öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrdə Türkiyənin göstərdiyi siyasi, mənəvi və humanitar dəstəyi, 1992-ci ildə açılan, iki qardaş ölkəni birləşdirən Ümid körpüsünün tarixi əhəmiyyətini necə yaddaşımızdan silə bilərik?

O körpü yalnız Araz üzərində qurulmuş nəqliyyat bağlantısı deyildi. O, ağır günlərdə bir millətin iki dövlət arasında yaşatdığı qardaşlıq iradəsinin rəmzi idi.

Biz o illərin şahidləriyik. Türkiyənin Azərbaycanın ən çətin günlərində göstərdiyi dəstəyin hansı mənəvi dəyər daşıdığını yaxşı bilirik.

Birinci Qarabağ müharibəsində Türkiyə Qızıl Ayının çadırları da bu qardaşlığın şahididir

Bu gün Türkiyənin Birinci Qarabağ müharibəsi dövründə Azərbaycana heç bir yardım göstərmədiyini iddia edənlərə bir tarixi həqiqəti də xatırlatmaq istəyirəm.

Mən o ağır illərin canlı şahidlərindən biriyəm.

Birinci Qarabağ müharibəsi zamanı yüz minlərlə soydaşımız öz doğma yurdlarından didərgin düşəndə, Azərbaycanın müxtəlif bölgələrində qaçqın və məcburi köçkünlərin yerləşdirildiyi ərazilərdə Türkiyə Qızıl Ayının humanitar yardım çadırları qurulmuşdu. Xüsusilə Bərdədə, Biləsuvarda həmin çadırları, qaçqınlarımıza göstərilən yardımları şəxsən görmüşəm.

O çadırlar sadəcə müvəqqəti sığınacaq deyildi. Onlar çətin günlərdə türk xalqının Azərbaycan xalqına uzatdığı qardaş əlinin, humanitar həmrəyliyin və mənəvi dəstəyin ifadəsi idi.

Bu gün bir helikopterlə bağlı iddianı gündəmə gətirib Türkiyəni ittiham edənlər həmin illərdə Bərdədə, Biləsuvarda qurulan Qızıl Ay çadırlarını, qaçqınlarımıza göstərilən humanitar yardımları da xatırlamalıdırlar.

Tarix yalnız bir hadisədən, bir qərardan, bir siyasi epizoddan ibarət deyil.

Bir helikopter haqqında danışıb minlərlə insanın ağır günlərində uzadılan yardım əlini unutmaq tarixi obyektiv qiymətləndirmək deyil.

Mən bu hadisələri kitablardan oxumamışam. Mən o dövrü yaşamışam, həmin yardımların şahidi olmuşam.

Ona görə də hesab edirəm ki, Türkiyə–Azərbaycan münasibətləri haqqında hökm verərkən tarixi yaddaşa, faktlara və o illərin canlı şahidlərinin xatirələrinə hörmətlə yanaşmaq lazımdır.

Çünki qardaşlıq yalnız savaş meydanında deyil, didərgin düşmüş insanların sığındığı çadırlarda, bölüşülən bir tikə çörəkdə, ən çətin gündə uzadılan yardım əlində də özünü göstərir.

Biz Türkiyənin həmin illərdə göstərdiyi yardımları da, Qarabağ Zəfəri günlərində nümayiş etdirdiyi siyasi və mənəvi həmrəyliyi də unuda bilmərik.

2009-cu ilin dərslərini unutmamalıyıq

Türkiyə–Azərbaycan münasibətlərinin müxtəlif dövrlərində bu qardaşlığı sınağa çəkən siyasi proseslər yaşanıb. Xüsusilə 2009-cu ildə Türkiyə–Ermənistan münasibətlərinin normallaşdırılması ətrafında yaranan gərginlik iki qardaş ölkənin ictimai rəyində ciddi narahatlıqlara səbəb olmuşdu.

O dövrdə yaşanan hadisələrin, informasiya mühitində aparılan kampaniyaların və müxtəlif siyasi çevrələrin fəaliyyətinin şahidləri olaraq bir həqiqəti yaxşı bilirik: iki ölkə arasında yaranan hər hansı fikir ayrılığından istifadə edərək münasibətləri daha da gərginləşdirmək istəyən qüvvələr həmişə ola bilər.

Bu baxımdan keçmişdə Türkiyədə FETÖ ilə əlaqələndirilən strukturların informasiya və siyasi mühitə təsiri barədə ortaya çıxmış faktlar və müzakirələr də diqqətdən kənarda qalmamalıdır,bugünkü hadisələrdə FETÖ təşkilatların da izi görünür.Əsas məsələ budur ki, biz keçmişin dərslərindən nəticə çıxaraq, dünən Türkiyə–Azərbaycan yaxınlaşmasını alqışlıyanların,bu gün bu qardaşlığın əlehinə çıxış etməsi,onların siyasi mövqelərin səmimiyyəti barədə suallar doğurur.

2020-ci ilin 44 günlük Vətən müharibəsini xatırlayaq.Azərbaycan öz torpaqlarının azadlığı uğrunda mübarizə apararkən Türkiyə dövləti və türk xalqı Azərbaycanın yanında olduğunu ən yüksək səviyyədə bəyan etdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, dövlət və hökumət nümayəndələrinin, siyasi partiyaların, ictimai təşkilatların və milyonlarla Türkiyə vətəndaşının Azərbaycana göstərdiyi mənəvi dəstək xalqımızın yaddaşına həkk olunub.

O günlərdə Türkiyənin küçələrində dalğalanan Azərbaycan bayraqlarını, Azərbaycanın haqq səsinə verilən dəstəyi, yeddidən yetmişə türk xalqının nümayiş etdirdiyi qardaşlıq duyğularını hansı maddi ölçü ilə qiymətləndirmək olar?

Elə dəyərlər var ki, onları nə pulla ölçmək, nə siyasi hesablarla qiymətləndirmək, nə də bir neçə məsuliyyətsiz bəyanatla yaddaşlardan silmək mümkündür.

Qarabağ Zəfəri yalnız Azərbaycanın tarixi qələbəsi deyil, eyni zamanda Türkiyə–Azərbaycan strateji müttəfiqliyinin və mənəvi həmrəyliyinin nə qədər güclü olduğunu nümayiş etdirən mühüm tarixi hadisə idi.

2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi isə bu qardaşlığı yeni siyasi və strateji mərhələyə yüksəltdi.

Bu gün həmin münasibətlərin üzərinə kölgə salacaq ifadələr işlədərkən hər kəs bir daha düşünməlidir: biz hansı tarixi mirasın daşıyıcılarıyıq və gələcək nəsillərə hansı münasibətləri ötürmək istəyirik?

Dövlət ağlı emosiyalardan üstün olmalıdır

Mən öz dövlətimin, Azərbaycanın müstəqilliyinin, suverenliyinin və dövlət başçısının təhqir olunmasına qarşı prinsipial mövqedəyəm. Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərini qəbuledilməz hesab edirəm.

Həqiqi qardaşlıq qarşılıqlı hörmət, dövlətlərin suverenliyinə ehtiram və bir-birinin milli maraqlarına həssas münasibət tələb edir.

Bu gün hər iki ölkədə dövlət ağlına, siyasi təmkinə və tarixi məsuliyyətə böyük ehtiyac var.

Mətbuatın və sosial şəbəkələrin qarşıdurmanı dərinləşdirən deyil, ictimai dialoqu gücləndirən platformalara çevrilməsi vacibdir. Xüsusilə ictimai nüfuzu olan şəxslər bilməlidirlər ki, onların işlətdiyi hər ifadə yalnız şəxsi mövqe kimi deyil, bəzən bütöv bir cəmiyyətin münasibəti kimi qəbul edilir.

Hər iki ölkənin ziyalıları, elm və mədəniyyət xadimləri, siyasətçiləri və ictimai fikir liderləri bu gərginliyin aradan qaldırılmasında fəal rol oynamalıdırlar.

Türkiyə–Azərbaycan birliyi Türk dünyasının gələcəyidir

Azərbaycan–Türkiyə birliyi Türk Dövlətləri Təşkilatının möhkəmlənməsində, türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni inteqrasiyanın dərinləşməsində mühüm rol oynayır.

Bu iki dövlət arasında yaranan hər bir gərginlik yalnız Bakı və Ankara münasibətlərinə deyil, bütövlükdə Türk dünyasının birliyi ideyasına da mənfi təsir göstərə bilər.

Ona görə də bu münasibətlərə sıradan siyasi mübahisələrin ölçüləri ilə yanaşmaq olmaz.

Mən inanıram ki, indiki gərginlik də aradan qalxacaq. Çünki biz tarix boyu bundan daha ağır sınaqlardan keçmişik. Siyasi böhranlar yaşanıb, fikir ayrılıqları olub, lakin iki xalqın bir-birinə bağlılığı bu çətinliklərin öhdəsindən gəlməyə imkan verib.

Bu gün də belə olacaq.

Ancaq bunun üçün hər kəs öz sözünün məsuliyyətini dərk etməlidir. Heç kim şəxsi emosiyalarını, siyasi mövqeyini və ya ideoloji baxışlarını iki qardaş xalqın tarixi münasibətlərindən üstün tutmamalıdır.

Sonda bir daha vurğulamaq istəyirəm:

Türkiyə və Azərbaycan bir-birinə yad iki dövlət deyil. Bizim münasibətlərimiz yalnız siyasi sənədlərlə qurulmayıb ki, hansısa siyasi mübahisə ilə də dağılsın.

Bizim qardaşlığımızın arxasında bir əsrlik deyil, əsrlərə söykənən tarixi yaddaş, ortaq milli kimlik və birlikdə keçilmiş ağır sınaqlar dayanır.

Bu qardaşlığı qorumaq hər iki xalqın qarşısında tarixi və mənəvi məsuliyyətdir.

Bu gün bizə daha kəskin ifadələr deyil, daha müdrik mövqelər lazımdır. Daha çox ittiham deyil, daha çox qarşılıqlı anlayış lazımdır. Daha çox qarşıdurma deyil, daha güclü birlik lazımdır.

Çünki Azərbaycan və Türkiyənin qardaşlığı hər hansı bir qrupun ideoloji marağından və gündəlik polemikalardan qat-qat böyükdür.

Bir millət, iki dövlət olmaq yalnız qürurla söylədiyimiz bir şüar deyil. Bu, həm də çətin günlərdə bir-birimizin dövlətinə, xalqına və milli ləyaqətinə sahib çıxmaq məsuliyyətidir.

Türkiyə–Azərbaycan qardaşlığı söz savaşlarının deyil, dövlət müdrikliyinin, qarşılıqlı hörmətin və ortaq gələcək iradəsinin üzərində yaşamalıdır!

Bənzər nəticələr

Daha çox