Tənzilə Rüstəmxanlı Yeniqışlaq kənd sakinləri ilə görüşdü - FOTOLAR
Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı 2025-ci il 9 oktyabr tarixində Neftçala rayonunun Yeniqışlaq kənd klubunda vətəndaş qəbulu keçirib. Qəbulda həmçinin Mikayıllı, Xəzərkənd və Sarıqamış kəndlərinin sakinləri də iştirak ediblər.
Görüşdə deputat Tənzilə Rüstəmxanlı əvvəlcə kənd sakinlərini salamlayaraq son aylarda bölgə üçün həyati əhəmiyyət kəsb edən məsələlərin — qaz xəttinin çəkilməsi və kənd yolunun təmiri istiqamətində görülən işlər barədə məlumat verib. O, bu məsələlərlə bağlı “SOCAR” və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi rəhbərləri ilə səmərəli danışıqlar apardığını, nəticədə Yeniqışlaq kəndinə qaz xəttinin çəkilməsi və əsas kənd yoluna asfalt örtüyü salınması barədə qərar qəbul edildiyini bildirib.
Bu xoş xəbəri məmnunluqla qarşılayan kənd sakinləri həm verilən bu məlumata, həm də artıq başlanmış yol təmirinə görə Tənzilə xanıma təşəkkürlərini bildiriblər.
Qəbul zamanı vətəndaşlar işsizlik, torpaq məsələləri, içməli su, sosial yardım və digər problemlər barədə deputata müraciət ediblər. Tənzilə Rüstəmxanlı qaldırılan məsələlərin müvafiq dövlət qurumları ilə müzakirə edilərək həlli üçün addımlar atılacağını qeyd edib.