28 Mart 2024, Cümə axşamı - 14:32

Tənzilə Rüstəmxanlı -“Eynulla Fətullayevin arxasında dayananlar buna görə cavab verməlidirlər”

İki il əvvəl ailəsi ilə birlikdə Azərbaycana sığınan, daha sonra isə Ukraynaya göndərilən Vahan Martirosyan erməni xalqından üzr istəyərək, xalq diplomatiyasının faydasız olduğunu bəyan edib.

Bu barədə məlumat vaxtilə Martirosyanın da qoşulduğu “Ermənistan-Azərbaycan Sülh Platforması”nın əsas dəstəkçilərindən olan Eynulla Fətullayevin rəhbəri olduğu haqqın.az (virtualaz.org) saytında yayılıb.

Martirosyanın heç də təəccüb doğurmayan və gözlənilməz sayılmayan bu hərəkəti Azərbaycan cəmiyyətində ermənilərlə sülhün zəruriliyi fikrini təlqin edənləri çıxılmaz vəziyyətə salıb. Bununla belə, “Ermənistan-Azərbaycan Sülh Platforması”nın bəzi iştirakçıları – Vahe Avetyan və digərləri – Martirosyanın məlum davranışını Ermənistan xüsusi xidmət orqanlarının təxribatı kimi qiymətləndirsələr də bu, məsələnin mahiyyətini dəyişmir.

Maraqlıdır ki, “Martirosyan olayı”na media və sosial şəbəkələrdə verilən kəskin reaksiyalar “Ermənistan-Azərbaycan Sülh Platforması”nın əsas ilhamvericilərindən biri olan Eynulla Fətullayevi də bu barədə danışmağa sövq edib. Fətullayev özünün “Facebook” səhifəsində paylaşdığı, lakin az sonra silməyi lazım bildiyi statusda bunları qeyd edib:

“Bu Azərbaycana qaçmış Vaan Martirosyanın yenidən ermənilər tərəfə keçməsilə bağlı burda bəzi fikirlər səsləndirirlər. Ən əsası – bu ermənidən informasiya müharibəsində maksimal dərəcədə istifadə etdik. Artıq o, bizə lazım deyil. Yenilərdən istifadə edib, sonra zibil vedrəsinə atacayıq. Heç zaman unutmamışıq ki, qarşısımızda ermənidir – deməli, düşməndir”.

Göründüyü kimi, ermənilərlə münasibətlərin normallaşdırılmasına davamlı çağırışlar edən Fətullayevin bu “izahat”ı özünətəskinlikdən başqa bir şey deyil. Ümumiyyətlə, Fətullayevin vurğulanan fikirlərindən sonra hansısa erməninin o Platformaya qoşulacağı inandırıcı deyil. Erməni də olsa, kim razılaşar ki, bir müddət sonra da haqqında “istifadə etdik, daha bizə lazım deyil” – deyə, danışsınlar..?

Mövzu ilə bağlı Yenicag.Az-a danışan Azəri-Türk Qadinlar birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı bildirib ki, “Ermənistan-Azərbaycan Sülh Platforması” təşəbbüsü ortaya atılanda bu məsələyə əks münasibətini ən kəskin formada ifadə edib. Rüstəmxanlının fikrincə, “ermənilərlə dostluq” ideyasını Azərbaycan cəmiyyətinə sırıyanların arxasında dayananlar bu antimilli fəaliyyətə görə cavab verməlidirlər:

“Həmin Platforma yaradılıb, təbliğ olunanda bu barədə öz fikrimizi qəti şəkildə bəyan etmişik. Yəni Azərbaycanın ərazi bütövlüyü bərpa olunana qədər ermənilərlə hər hansı münasibət qurulmasının əleyhinəyik və bu mövqeyimizdə qətiyik. Hər halda, Martirosyan bu addımı atmaqla, “Ermənistan-Azərbaycan Sülh Platforması”nın da puçluğunu göstərdi.`

O baxımdan, Martirosyanın bu addımı məni əsla təəccübləndirmədi. Erməni xisləti deyilən bir şey var və heç bir erməni o xislətdən çıxa bilməz. Hər hansı bir erməni bu gün Sərkisyan rejiminin lehinə və ya əleyhinə ola bilər. Lakin heç bir erməni qondarma “soyqırımı” və Qarabağ məsələsində fərqli düşünmür. Ona görə də, ermənilərlə dostluğa yönələn çağırışları qəbul etmirik.

Xatırlayırsızsa, o qondarma Platforma məsələsi ortaya gələndə biz fikrimizi bildirdik. Lakin Platformanın ideya müəlliflərindən olan Eynulla Fətullayev öz saytlarında o təşəbbüsə qarşı çıxan dəyərli ziyalılarımızı davamlı şəkildə təhqir etdirdi. O adam özünü “dövlət reketi”nin “vuran əli” sayır. Belə bir fikir təlqin olunur ki, Fətullayev kimi “vurursa”, bu, dövlətin istəyi və iradəsidir. Yəni belə bir görüntü yaradıblar.

Mən başa düşmürəm, Fətullayevi himayə edənlər ona hansı məntiqlə belə meydan verib, milli maraqlarımıza qarşı çıxış etdirirlər? Buna son qoyulmalıdır. Eynulla Fətullayevin arxasında dayananlar, ona hərtərəfli şərait yaradanlar buna görə cavab verməlidirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı