Tənzilə Rüstəmxanlı: Azərbaycan görkəmli söz və dövlət adamını itirdi

Azərbaycanın görkəmli şairi, dramaturq, nasir, publisist, ictimai-siyasi və dövlət xadimi Hidayət Orucovun ölüm xəbəri hamımızı dərindən kədərləndirdi. Hidayət Orucov ömrünün ilk yarısını Qərbi Azərbaycanda yaşayıb. İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasının rəhbəri olub.

media-57e5eb3f-cbc9-46aa-b51e-14ac9b987c2f

İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX–XX əsr Azərbaycan ədəbiyyatından dərs deyib. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həmin dövrdə təkcə İrəvanın deyil, indi Ermənistan adlandırılan qədim Oğuz ellərinin milli ədəbi-mədəni mühitində canlanma yaranmış, Qərbi Azərbaycanda onlarla şair və nasirlərin kitabları İrəvanda işıq üzü görüb.

1988-ci ildə Ermənistanın Azərbaycana qarşı təcavüzü, soydaşlarımızın məruz qaldığı deportasiya və soyqırımı siyasətinə etiraz olaraq, Hidayət Orucov layiq görülmüş olduğu “Ermənistan SSR Əməkdar mədəniyyət xadimi” fəxri adından imtina edib.

1984-cü ildə Bakıya köçən şair əvvəlcə “Gənclik” nəşriyyatının baş redaktor müavini, 1986–1992-ci illərdə baş redaktoru vəzifələrində işləyib. O, müxtəlif illərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri, milli siyasət məsələləri üzrə Dövlət müşaviri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifələrində çalışıb.

Bütün rəsmi vəzifələrində belə o, bədii yaradıcılıqdan heç vaxt uzaq düşməyib. Hidayət Orucov 40-dan artıq kitabın müəllifidir. “Nəyim var” adlı ilk mətbu şeirindən, “Məni səsləyəndə” adlı ilk şeir və poemalar kitabından üzübəri yazıb oxuculara ərməğan etdiyi bütün əsərləri azərbaycançılığa, insanpərvərliyə, humanizmə xidmət edir.

Hidayət Orucovun istər sovetlər birliyi dövründə, istərsə də müstəqillik illərində vətən qarşısındakı müstəsna xidmətləri dövlət tərəfindən hər zaman ən ali səviyyədə qiymətləndirilib. O, müstəqil Azərbaycanın ən nüfuzlu mükafatları olan “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib, sənət aləmindəki xidmətlərinə görə “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

Hidayət Orucov xalqına bağlı sadiq bir ziyalı, sarsılmaz dövlətçilik prinsiplərinə malik uzaqgörən siyasətçi və mənəviyyat adamı kimi ömür sürdü. Onun əziz xatirəsi Azərbaycan xalqının qəlbində və yaddaşında əbədi olaraq yaşayacaqdır.

Allah rəhmət eləsin! Sevənlərinin başı sağ olsun.

Bənzər nəticələr

Daha çox