19 Aprel 2024, Cümə - 15:48

Tənzilə Rüstəmxanlı : Aldığım mükafat isə Avinaşın mənə ana deməsi oldu

Azərbaycan Türkiyə Evinin və Azəri Türk Qadınlar birliyinin sədri Hindistanın məşhur aktoru Avinaş Sacdevin Bakı səfərinin təşkilatçısı Tənzilə Rüstəmxanlı səfər barədə və tədbirin təşkilatçıları ilə bağlı özünün rəsmi Facebook səhifəsində açıqlama yayıb.

DİASPOR.AZ həmin açıqlamanı olduğu kimi təqdim edir .

Bir son bahar günü, Azərbaycanda- Nizami kino mərkəzində bir fırtına qopdu: Minlərlə insan buraya axın etmişdi, kino mərkəzinin qarşısı insan selindən yaranmış bir dəniz kimiydi, içəridə isə bir el misalında deyildiyi kimi- “İynə atsan yerə düşməzdi”. Havanın çox soyuq olmasına baxmayaraq insanlar kino mərkəzinin qabağında saatlarla ayaqüstə gözlədilər- əllərində çiçəklər, ürəklərində sevgi, gözlərində gələcək qonağın həsrəti… İstəyirdilər ki, bu həsrət tezliklə sona çatsın.

Axır ki, gəldi. Onun gəlişiylə sanki, Xəzər dənizi coşdu, bir fırtına qopdu və həsrətlə gözlədiyi qonağı sevgiylə qollarının arasına alaraq bağrına basdı. Bütün dövlət adamları da ordaydı, çünkü o dövlət səviyyəsində qarşılanmışdı. Sizi intizarda qoymadan söyləyim: Gələn qonaq bir aktyor idi; hindistanlı sənətçi- məşhur kino ulduzu, rejissor- Raj Kapoor Bakıya gəlmişdi. 3 Noyabır 1956-cı il. O günə qədər Nizami kino mərkəzi bu qədər insan görməmişdi. Xalqımız həmin gün qonaqpərvərliyini ən yüksək səviyyədə nümayiş etdirdi.

Bir bahar günü, yenə Azerbaycanda Bakıda, eyni məkanda- Nizami kino mərkəzinin qarşısında insan dənizi yarandı: İçəridə yene də ayaqüstə yer tapmaq çox çətin idi, yene əllərdə çiçəklər, ürəklərdə sevgi, gözlərdə həsrət və yenə həsrətin tezliklə bitməsini istəyən qışqırıq səsləri. Bu dəfə hava o qədər isti idi ki, içəridə nəfəs almaq çətin idi.

Yenə də gələn hindistanlı bir aktyor, bir sənətçi və yeni ulduzlar parıldatmaq arzusunda olan gənc bir rejissordur- böyük bir coğrafiyada çox sevilən Avinash Sachdev- Kanal 7 kanalında yayımlanan “Tatlı Bela” serialının Şloku. Eyni çoşğuyla, möhtəşəm bir sevgiylə qarşılandı. 28 iyun 2017-ci il saat 18:00-da düz 61 bir il sonra Nizami kino mərkəzi yenə insan seline büründü, onu görmek üçün fanatları 3 saat əvvəl kino mərkəzinin qarşısında toplaşdılar. Azərbaycanın hər bir bölgəsindən, Gürcüstandan,Türkiyədən Rusiyadan və Təbrizdən bu görüşə gələnlər oldu.

İnanın ki, onu ölkəmizə dəvət edəndə bir çox ölkədə sevildiyini bilirdim, ancaq Azərbaycanda bu qədər sevildiyini mən də bilmirdim. Hətta ürəyimdə bir nararahtlıq belə var idi ki, birdən gözlədiyim kimi olmaz. Amma oldu, həm də gözlədiyimdən daha gözəl oldu. Azərbaycanımızın hər yerindən insanlar onu övladı kimi bağrına basdı, sevgisini verdi, bir daha göstərdi ki, bu millət dini ve etnik kimlik ayrıseçkiliyi etmədən gözəl olan hər şeyə layiqincə dəyər verir. Millətləri mövcud edən əsas amillərdən biri onun mədəniyyətidir, mədəniyyət ən azı millətin tarixi qədər əhəmiyyətlidir. Çünkü, millətin tarixini də onun mədəniyyəti yaşadır. Millətlər və ölkələr arasında qurulan münasibətlərin təməlində birinci növbədə sağlam mədəni əlaqələr dayanır. Bizlər həm də Asiyalıyıq, çox qədim tarixə və mədəniyyətə malikik, ortaq mədəni dəyərlərimiz mövcuddur. Etnik soy-kökümüz, dilimiz, dinimiz fərqli ola bilər, ancaq bizi birləşdirən dəyər “insan” olmaqdır, bu isə insan tərəfindən yaradılan mədəniyyətdir. Bəzən bir-birinə çox uzaq görünən yolları yaxınlaşdıran körpülər inşa edilir, bu körpülər ölkələri bir-birinə bağlayır. İnsanlar var ki, millətlər arasında körpü rolunu oynayır. Uzaqda görünən Hindistanı bizə yaxınlaşdıran körpülərdən biri 61 il əvvəl Bakımıza gələn Raj Kapoor idisə, bu gün bu körpülərdən biri də Avinash Sachdevdir, o həm də Türkiyəmizlə mədəniyyət körpüsüdür. Biz Avinashın simasında Hindistanın tərtəmiz bir üzünü sevdik, sənətin bir çox açılmayan qapını açdığını gördük. Dünyamızın dili sevgi olsa, bütün insanlar bir-birini çox gözəl anlayar. Bu il həm də Asiyada Nobel mükafatçısı (1913-cü il), böyük mütəfəkkir, fikir adamı, maarifçi və böyük sevgi şairi Rabindrat Taqorun ilidir. O, da millətlər arasındakı mədəni körpülərdən biridir.

Türkiyə və Azərbaycanın Hindistanla arasındakı könül körpülərindən biri, xüsusilə də gənclərin sevimlisi olan Avinash Sachdevin Azərbaycana gəldiyi dövrdə hər zaman yanımda olan hörmətli həyat yoldaşım Sabir Rüstəmxanlıya, bir dəqiqə belə məni tək qoymayan, ən böyük dəstəkçim oğlum Cəmilə, Aydanımın eşi Elçinə, Cəmilimin can dostu Seyidhəsənə, dostluğunu ürəyimdə hiss etdiyim və həmişə yanımda olan bacım Məlahət Qurbanovaya, mənə bu işlərdə ilk gündən oğlum kimi kömək edən Aqil Ələsgərə, ATEV-in icraçı direktoru vəzifəsində ilk mühüm işini başarı ilə həyata keçirən oğlum Toğrul Allahverdiliyə, bizə dəstəyini əsirgəməyən millət vəkilimiz Qənirə Paşayevaya, ümidlərimin tükəndiyi vaxtda mənə ümid olan sevimli oğlum Ramal Hüseynova, son günə qədər tərcumanlıq edən çox qiymətli övladım Xaliq bəyə, hər zaman əziyyətimi çəkən bacım oğlu Asifə, dostum Fəridə xanıma, Gülnara, Nemət bəyə, Azərbaycanın sənət adamlarına, incəsənət xadimlərinə, Xəzər tv, Atv, Az tv, ARB TV, İnterAz TV, Lider TV , Yenicag.az, APA, Yeni Müsavat qəzeti, Space TV, Azərbaycanın bizə dəstək verən bütün media nümayəndələrinə və əməyi keçən hər kəsə çox çox təşəkkür edirəm. Xüsusilə də yüksək mədəniyyətlə qonağımızı qarşılayan millətimə minnətdaram, bilmədən kiminsə qəlbini qırmışamsa, üzr istəyirəm.

Qeyd edim ki, sonda- Avinash Sachdevin dostu Mak D’sooz Azərbaycanın Hindistanda təbliği üçün ortaq bir fəaliyyətə başlayacaqlarını söylədi. Avinash Sachdev isə, getdiyi hər yerdə Azərbaycanın və Türkiyənin mədəniyyət elçisi olacağını dedi. Mən buna çox inanıram, unutmayaq ki, Hinistanda bizim soydaşlarımız və din qardaşlarımız da yaşayır. Aldığım mükafat isə Avinashın mənə Ana deməsi oldu. Gözəl deyilmi?

DİASPOR.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı