“Atatürkə saldıranlar Qurtuluş savaşında işğalçılara yardım edənlərin nəvələridir”
“Yeni Müsavat” üzləşdiyi kritik duruma etiraz olaraq çapını dayandırdığı günlərdə önəmli dəstəkçilərindən biri də Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı oldu. “Yeni Müsavat”ın qonağı olan Tənzilə Rüstəmxanlı təmsil etdiyi cəmiyyətin adından qəzetin elan etdiyi abunə kampaniyasına qoşulmaqla yanaşı, Azərbaycan və Türkiyənin gündəmini məşğul edən bir sıra məsələlərlə bağlı suallarımızı cavablandırdı.
– Tənzilə xanım, öncə bu gərgin günlərdə göstərdiyiniz dəstəyə görə təşəkkür edirik. 2003-cü il prezident seçkilərindən sonra mən həbs edilərkən ölkədə “Yeni Müsavat”a danışmağa çoxları ehtiyatlanırdı. Ancaq siz o günlərdə də bizə açıq dəstək verməkdən çəkinməmişdiniz, bu gün də yanımızdasınız. Çox həssas bir dönəmdən keçirik. “Yeni Müsavat”ın oxucularına bir ismarışınız varmı?
– Mən bura dost kimi gəmişəm. “Yeni Müsavat” türk milli məfkurəsini təmsil edən qəzetdir. Bu məfkurənin daşıyıcısı kimi sizə dəstək mənəvi borcumdur. Bu dönəmi atladacağınıza inanıram. Belə dönəmləri siz neçə illərdən bir yaşayırsınız. Bunu da normal hesab edirəm, çünki yolunuz çətin yoldur. Duruşunuz çoxlarında olmayan bir duruş olduğu üçün belə saldırılar olacaq. Azərbaycan dövlətinin mənfəətləri üçün təhlükə yarandığı anlarda “Yeni Müsavat”ın mövqeyi həmişə dövlətdən yana olub. Ona görə də millətini, dövlətini sevən hər kəs “Yeni Müsavat”ın yaşaması üçün çalışmalıdır. Bu qəzeti yox etmək, yaşatmamaq çabaları əslində zərərlidir. Azərbaycanda xeyli media orqanı var, ancaq olanların çoxu “Yeni Müsavat”la müqayisəyə gəlməz. Azərbaycanın ən ağır günlərində siz millətin yanında olmusunuz. Siyasi gərginliklərin ən son həddə yüksəldiyi dönəmlərdə belə siz siyasi dostlarınızın incikliyini belə gözə alıb, dövlətin çıxarlarının tərəfində olmusunuz. Mən hər zaman dövlətin mənafeyini düşünən bir şəxsəm. Bunun üçün xırda maraqları ayağının altına ala bilən bir insan kimi deyirəm ki, siz prezident İlham Əliyevə müraciət edin. Məncə, İlham Əliyev “Yeni Müsavat” kimi bir qəzetin yaşamasını istəyər. Mən çox zaman düşünürəm ki, kaş mənim ictimai fəaliyyətimlə bağlı güzgü rolunu oynaya biləcək, məni mənə göstərən ayna olsun. “Yeni Müsavat” bu gün bir çox məsələlərdə cəmiyyətin güzgüsü rolunu oynayır. Ola bilər ki, bir sıra insanların razı qalmadığı məqamlar da var. Ancaq hər kəs o aynaya baxanda özünü görür. Yenə deyirəm, ola bilər, kimlərsə ortada su bulandırır, ancaq İlham Əliyev, məncə, “Yeni Müsavat”ın media səhnəsindən getməsini istəməz.
– Tənzilə xanım, bugünlər Azərbaycanın milli şairi Sabir Rüstəmxanlının da sıxıntıları var. İqtidar mediasında onun haqqında çox kəskin yazılar, ittihamlar getdi. Düzdü, obrazlı desək, Sabir bəy bütün atəş nöqtələrini susdurdu… Daha sonra Sabir bəyin Atatürklə bağlı çox təsirli bir yazısını oxuduq. Sonuncu yazı dərhal həm də Türkiyə gündəminə daşındı. Azərbaycanın millət vəkilini, milli şairini bu cür kəskin yazıları yazdıracaq olaylar nədir, nə baş verir?
– Sabir bəyin ilk yazısı Azərbaycandakı prezident seçkiləri ilə bağlı idi. Sabir bəy əslində bu millətin dəyərlərini yox sayan, hər şeyi öz arşınları ilə ölçən bir zümrəyə dərs verdi. Hər şeyin bir sərhəddi var, ora qədər gedə bilərsən, dedi. Mən bir ziyalı olaraq bilirəm ki, gedəcəyim bəlli bir sərhəd var, oradan o yana keçmək olmaz. Sabir bəyin əsəb nöqtələrinə toxundurlar. Ziyalı millətin əsəb nöqtəsidir. Elə adamlar var, onlara toxunmaq olmaz. Bu millətin sözünü demək, aydın kimi Sabir Rüstəmxanlının borcudur. Bəzən cəmiyyətin durumuna ürək ağrısı ilə baxıram, bəzi insanların düşüncə tərzini anlamaqda çətinlik çəkirəm. Sabir bəyə hücum edənlər yazırlar ki, Sabir Rüstəmxanlının ikimərtəbəli evi var, oğlu işləyir, qızı işləyir. Bəzi qurumlarda işləyənlərin özlərini demirəm, onların anaları Novella Cəfəroğlu başda olmaqla, biz qadınlar milli azadlıq hərəkatında mübarizə aparanda pəncərədən bizə baxıb həqarətlər yağdırırdılar, üçrəngli bayrağımızı təhqir edirdilər. Biz milli azadlıq mücadiləsində Azərbaycanın müstəqilliyini bərpa etdik, siz bu gün tutduğunuz vəzifələrə görə bizə minnətdar olmalısınız. Bu dövlətin qaymağını siz yeyirsiniz. Bu gün Azərbaycanın dövlət müstəqilliyinə imza atan şəxslərin çoxu ehtiyac içində yaşayır. Bu çox ciddi bir ədalətsizlikdir. Sabir Rüstəmxanlının evi olmamalıdır? Bu dövləti quranlar sırasında olan şəxsin övladları işsiz olmalıdır? Bu nə yanaşmadır? Kommunist təfəkkürü belə söz adamlarını ön sıraya çəkirdi. Sabir Rüstəmxanlı böyük bir ailənin təmsilçisidir, çoxu oxumuş, savadlı insanlardır, onlar işsiz qalmalıdır? Biz bu cəmiyyətin üzvü deyilik? Biz bu millət üçün çalışmışıq, bu dövləti biz qurmuşuq, biz işsiz-gücsüz qalmalıyıq, bu ölkədə yaşamamalıyıq? Bunu yazanlar öncə bir özlərinə baxsınlar…
– Sizcə, bu yazarlar səviyyəsində edilən hücumdur, yoxsa daha yuxarıların sifarişidir?
– Müxtəlif versiyalar var. Ancaq mən inanmıram ki, prezident İlham Əliyev Azərbaycan ziyalısını ayaqlamaq istəyən bu kampaniyaya dözüm göstərsin. Mümkün deyil. Hesab edirəm ki, bəzi məmurların əlinə fürsət düşüb, məqamdan istifadə edirlər. Bu məsələyə çox da qarışmaq istəmirəm… Sabir bəy hər kəsin yetərincə cavabını verdi, məncə, düz elədi. Bunlar hamını eyni rəngdə görmək istəyirlər. Kim sizin kimi dünyaya baxmırsa, arxanızca süpürgə rolu oynamırsa, siz onu əzə bilməzsiniz. Həmin yazı cəmiyyətə ciddi mesajlar verdi. Yazı hətta o qədər güclü idi ki, onun təsiri hücumları dəf edə bildi. Ancaq Sabir bəyin ikinci yazısı mənim üçün daha önəmli idi.
– Necə meydana gəldi bu yazı?
– Türkiyə telekanallarından birində xəbər buraxılışını izləyirdik. Reportajlardan biri Diyarbəkirdə “Nə mutlu türküm deyənə. Mustafa Kamal Atatürk” sözləri yazılan iri beton divarın uçurulması ilə bağlı idi. O qədər dəhşətli səhnə idi ki təsirlənməmək mümkünsüz idi. Təsəvvür edin, o beton texnika vasitəsilə parçalanır, sözlər, Atatürkün adı ayaqlar altına düşür, kütlə əl çalıb, çığlıq atıb bunu alqışlayır. Hələ də o anı xatırlayanda ürəyim sızlayır. O toplumu görəydiz… bunların içində nə qədər nifrət varmış. Elə bil illərlə gözləyirdilər ki, o “türk” kəlməsi, Atatürk adı doğransın, param parça olsun. Bir türk olaraq bu səhnə mənim şərəfimə o qədər toxundu ki, göz yaşlarımı tuta bilmədim. Sabir bəy çox təsirləndi, “məni narahat etməyin” deyib otağına çəkildi. O yazının yazılması saat yarım-iki saat çəkdi. Atatürk türk millətinin dəyəridir, həmin gün Atatürkün simasında türk millətini kəsib doğrayırdılar.
– Yazı Türkiyədə Anadolu türkcəsinə çevrilərək yayımlandı, yoxsa orijinalda?
– Sabir bəy yazını ortaq türkcə deyə biləcəyimiz anlaşıqlı dildə yazmışdı deyə orijinal saxlandı. Türkiyə ictimaiyyəti çox da gözəl qarşıladı yazını. Böyük türk aydını Yavuz Bülənd Bakilər ağlaya-ağlaya Sabir bəyə telefon açmışdı. Ancaq bir gün sonra – vəfatının 75-ci ilində türk xalqının göstərdiyi müdhiş Atatürk sevgisi bizə elə bil məlhəm oldu. Bu bizi bir ayrı onurlandırdı.
– Türkiyədə bir Atatürk terroru baş verir. Sadə bir məsələ deyil, təbii. Sabir bəy türk aydını olaraq təpki qoydu ortaya. Bundan sonra planlarınızda nə var? Siz bir Atatürk konfransı düzənləmək istəyirsiniz Bakıda, eşitdiyimizə görə.
– Türkiyədə Atatürklə bağlı yaşananlar bizi təsirləndirməyə bilməz. Sanki Türkiyədə “türk” sözünə bir qadağa var. Açıq-aydın iç və dış düşmənlərin əli ilə Mustafa Kamal Atatürkü tarixdən silmək çabaları var. Əlbəttə, bir türk olaraq, türklük mücadiləsi verən bir təşkilatın rəhbəri olaraq biz bu prosesin qarşısını almaq üçün bacardığımızı etməliyik. Mən Atatürkü çox sevirəm. Onu bir neçə müəllifdən oxumuşam. Türk milləti təkcə türkiyəli türklərdən ibarət deyil, Atatürk təkcə Türkiyədə yaşayan türklərin deyil. Bu gün Türkiyədə bəlli qüvvələr türklüyü bir millət qavramından çıxarmaq istəyirlər. Sanki türklük içərisində çoxsaylı millətləri barındıran qavramdır. Əsla belə deyil. Türk millətdir, ulusdur, böyük bir etnik qrupdur. Bunu necə danmaq olar? Yaxşı, siz Türkiyədə türklüyü məhv etdiniz, bəs özünə türk deyən noqayı, qaraçayı, tatarı, çuvaşı, Azərbaycan türkünü, uyğur türkünü, Şərqi Avropaya səpələnən böyük bir etnosun övladlarını türklükdən neçə vaz keçirəcəksiniz? Atatürk Osmanlı türklərinin qurtarıcısıdır, ancaq onun türklük davasının təsiri türk xalqının hər bir qoluna təsir edib. Qurtuluş savaşının, Çanaqqala savaşının tarixini oxuyan, Atatürkün həyatına, dünyanın siyasi liderlərinin onun haqqında fikirlərinə bələd olan bir insan kimi düşünürəm ki, nə ötən əsrdə, nə də yaşadığımız 21-ci yüzildə türk millətinin Atatürk kimi ikinci bir dahi şəxsiyyəti olmayıb. Atatürk çox böyük adamdı. Mən Allaha şükür edirəm ki, mənim millətimin tarixində belə böyük insan var. Atatürkə qədər türk milli şüurunda olan ikinci bir lider yoxdur.
– Sizcə, Atatürkü niyə sıradan çıxarmaq istəyirlər?
– Türkiyə iqtidarı belə istəyir.
– Axı, sonucda onlar Atatürkün yaratdığı dövlətin iqtidarıdırlar. Nədən bunu istəsinlər ki?
– Amma Türkiyənin iqtidarı olub türk düşməni olmaq olur. Bunu zaman göstərdi. İpə aparılan baş nazir var Türkiyə tarixində. XX əsrin başlanğıcından etibarən dəhşətli bir türk düşmənçiliyi siyasəti yürüdülür. Özü də çox hazırlıqlıdırlar. Atatürkə saldırmaq, türk millətinə saldırmaqdır prosesi bir az durmadan davam edir. Bir milləti millət edən dəyərlər var. Atatürk də türk millətinin dəyəridir, Atatürk cümhuriyyət yaradıb. Siz baxın, bu gün Atatürkü tarixdən silmək istəyənlər cümhuriyyəti hədəf alıblar. Bunlar niyə Atatürkü sevsinlər ki? Bu gün Türkiyəyə rəhbərlik edənlər içərisində nə qədər insan var ki, babaları işğalçılarla çiyin-çiyinə türk millətinin əzilməsində xidmət edib. Bu gün Atatürkə saldıranlar bu şəxslərin nəvələridir. Atatürk böyük imperiyaların işğalçılıq oyunlarını pozdu. Biz unutduq tariximizi, onlar unutmayıblar, onlar hələ də Bizansı, xaçlı savaşlarını unutmayıblar. Atatürk türk milli düşüncəsi ilə bu saldırıların hamısının qarşısını ala bildi. Onun elə bir əsəri yoxdur ki, türklük orda ön sırada olmasın. Rauf bəy, siz Ankara Əsənboğa Hava Limanının niyə bu adı daşıdığını bilirsinizmi? Türkiyənin ən böyük tarixi roman yazarlarından biri Turhan Tan 1937-ci ildə çap edilən “Əmir Teymur” kitabında bu haqda yazıb. Əsən Boğa Teymurləngin ən sevimli komutanlarından birinin adıdır. Böyük savaşlardan biri bugünkü Ankaranın ərazisində olub və Atatürk sayğı əlaməti olaraq türk komutanın adını əbədiləşdirib. Millətinin tarixinə bu cür sayğı duyan şəxs necə sevilməz? Türk Tarix Qurumunu, Türk Dil Qurumunu yaradan bir şəxs necə sevilməz? Atatürk Cümhuriyyət qurmaqla türk millətinin şərəfini qaytardı. Bugünkü iqtidarın qul psixologiyası bunu qəbul edə bilmir axı. Atatürkün dəftərlərindən birinə böyük filosof Makiavellinin belə bir fikrini yazıb: “Bir millət şərəfini, namusunu, onurunu itirmiş bir iqtidara onun siyasi əqidəsindəndir deyə dözürsə, o millət ərdəmini, şərəfini itirmişdir. Şərəfini itirən bir millət də vətənini itirər”. Bax, Atatürk bu fikirdən yola çıxıb türk xalqı üçün Cümhuriyyət qurdu. Qul olmaq üçün yaranmışlar onu niyə sevsinlər ki?
– Niyə sevməsinlər ki?
– Axı, milli düşüncə sahibi deyillər. Ancaq türk xalqının Atatürk sevgisi bitməz. Vəfatının 75-ci ildönümündə necə mənzərələr gördük.
– Sizcə, iqtidarın bu Atatürk düşmanlığının xalq içində bir cəzası olacaqmı?
– Mütləq. Atatürkü anmağa gələn o insan selini gördünüzmü, onun qarşısında necə duruş gətirmək olar? Körpələrdən yaşlı insanlara qədər milyonlarla insan Atatürkə necə içdən sayğı göstərirdi. Onun vəfat etdiyi dəqiqələrdə əlil arabasında olan bir şəxs belə güc toplayıb sayğı duruşu səfindəkilərə qoşuldu, bir ayağını itirən şəxs çəliyinə söykənib ehtiramını bildirdi. Belə müdhiş bir milli ruhun qarşısında necə duruş gətirmək olar? Yəni boşuna uğraşmasınlar, hamısı əks-effekt verir, Atatürkə sevgi artır. Türkiyədə Atatürk sıxışdırıldıqca yurddışındakı türklər ona sahib çıxır.
– Siz nə planlaşdırırsınız? Düzənləyəcəyiniz konfransın konsepti haqqında bilgi verə bilərsinizmi?
– Toplantımız noyabrın 22-də Bakıda baş tutacaq. “Atatürk və türk milləti” adlı konfransa xeyli ölkədən dəvətlilərimiz var. Bu elmi konfransıdır. Biz bu il – aprelin 4-5-də də “Şah İsmayıl Xətai-Sultan Səlim” adlı böyük bir konfrans keçirdik. Həmin toplantının çox ciddi nəticələri oldu, konfransdan sonra Türkiyə gündəmini bürüyən Səfəvi saldırısı durduruldu, televiziya proqramlarından, hətta seriallardan bu siyasət qaldırıldı. Türkiyənin ortaçağ türk tarixi araşdırmaçıları, bu məsələdə avtoritet olan Tufan Gündüz, Əli Yaman, İlbər Ortaylı, Murad Bardakçı kimi tarixçilərin qarşısında kim söz deyə bilər ki? İnanıram ki, Mustafa Kamal Atatürklə bağlı düzənləyəcəyimiz konfrans da türk dünyasında rəğbətlə qarşılanacaq. Dünyanın nüfuzlu universitetlərində çalışan tarix professorlarını, Atatürk araşdırmaçılarını dəvət etmişik. Simplozumdakı çıxışları da kitab halında yayınlamağı düşünürük. Sizə maraqlı bir məqamı da danışmaq istəyirəm. Biz bu simpozumdan öncə bir Atatürklə bağlı bir yazı müsabiqəsi də elan etdik.
– Azərbaycandamı?
– Yox, bütün türk dünyası üçün. Bu araşdırma da ola bilərdi, şeir də ola bilərdi, esse, məqalə ola bilərdi. Sonuclara baxanda o qədər qürurlandım ki… İnanın, özəlliklə gənclər, necə gözəl yazılar göndəriblər. Təsəvvür edin, yazılar o qədər gözəldir ki, biz kimi qalib elan edəcəyimizə qərar verə bilmirik. Urumçidən bir gənc uyğur türkü müsabiqəyə elə bir yazı göndərib ki, oxuduqca oxumaq istəyirsən. Atatürk və din mövzusunu nə qədər gözəl anladıb. Çoxları bilmir, Atatürk Tokioda elə bir məkanda məscid tikdirib ki, günəşin ilk şüası ora düşür, ilk azan səsi yer üzünə Atatürkün tikdirdiyi həmin məsciddən yayılır. Siz haqsızlığa baxın, belə bir şəxsi Türkiyədə az qala din düşməni kimi qələmə verirlər. Uyğur qardaşımız bu hekayəni elə gözəl anladıb ki, onu istənilən yerdə Atatürkü İslam düşməni elan edənlərə tutarlı cavab kimi səsləndirmək olar. Konfransda Çindən, Rumıniyadan, Macarıstandan, Kosovadan Makedoniyadan dəyərli alimlərimizi gözləyirik. Azərbaycan Atatürk Mərkəzi ilə də danışıqlar aparırıq. İnşallah, Atatürkə layiq bir elmi yığıncaq keçirə biləcəyik.
– Təşkilatçılar kimdir?
– Azərbaycan-Türkiyə Evi və Azəri-Türk Qadınlar Birliyi.
– Dəstək verən varmı?
– Heç kəsin dəstəyi yoxdur. Bu məsələlərdə dövlət bizə dəstək vermir. Çox təəssüf, “Şah İsmayıl Xətai-Sultan Səlim” simpoziumunda da dəstək almadıq. Toplantımızı dostlarımızın fədakarlığı ilə təşkil edəcəyik.Türkiyədəki dostlarımız da sağ olsun, Azərbaycandakı dostlarımız da sağ olsunlar. Elə qonaqlarımız var, uçaq bileti istəmədilər, bu cür dəstək oldular toplantımıza. Ancaq elə şəxslər var ki, bütün xərclərini özümüz çəkməliyik, çünki onların bu toplantıda olması vacibdir.
– Tənzilə xanım, bu gün Türkiyə gündəmində Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələdi də var. Bunun Azərbaycan üçün sonucu nə ola bilər? Sizcə, Türkiyə iqtidarı belə bir riskə gedərmi? Türk xalqı Azərbaycanın zərərinə olan bu addımın atılmasına imkan verərmi?
– 2009-cu ildə bu məsələ Türkiyə gündəminə gələndə ölkənin ictimai rəyi buna qarşıydı. Düzdü, bizim də xidmətimiz oldu bu məsələdə. Biz bir nümayəndə heyəti ilə Türkiyədə olduq, müxtəlif qurumlarda olduq. Xatırlayıram, siz gözəl bir yazı yazmışdınız bu haqda. Türkiyədə milli duruşu olan aydınlar bu məsələyə ciddi təpki verdilər. İctimai təpki o qədər güclü oldu ki, iqtidar saziş imzalamağına baxmayaraq bu məsələni gündəmdən çıxarmalı oldu. Ancaq o dönəmdən sonra da içim rahat deyildi. Çünki Türkiyə iqtidarı ictimai rəyi sərhədlərin açılmasına hazırlamaq məsələsini ciddi şəkildə yürütməkdə davam edirdi. Neçə erməni konfransları keçirildi Türkiyədə, saxta erməni soyqırımı məsələsini gündəmdən çıxmağa qoymadılar. 4 ildir Türkiyə iqtidarı Ermənistanla havanı yumşaltmağa, məsələ ilə bağlı ictimai fikri dəyişməyə çalışır. Nə yazıq ki, Türkiyədə erməni diasporunun mediaya təsiri bizimkindən qat-qat güclüdür. Bilirsinizmi, Türkiyədə ermənilərin lehinə nə qədər kitablar yayımlanır? Sabir bəylə kitab sərgisində olanda dəhşətə gəlmişdik, erməni soyqırımı ilə bağlı nə qədər kitablar çap edilir. Biz zəiflik bu məsələlərdə. Mənə elə gəlir ki, bu gün Türkiyədə Azərbaycanı təmsil edən bir neçə media quruluşu olmalı idi. Sözdə var, əməldə yoxdur. Kanal 24-ü, “Star” qəzetinin səhmlərinin 50 faizi Azərbaycan Dövlət Neft Şirkətinindir.
– Əksinə, Azərbaycanın əleyhinə təbliğat aparırlar.
– Bəli. O zaman Azərbaycanın bu şirkətlərə ortaq olmasının mənası nə idi?
– Bu məsələ doğrudan da böyük sual işarəsidir? Niyə bu qədər vəsait yatırıldı o zaman?
– Mən bu məsələni dəfələrlə qaldırmışam. Siz baxın, “Kanal 24″-də tarixçilər çıxıb Şah İsmayıl Xətaiyə kürd, türk düşməni deyirlər, hər cür həqarət edirlər. Şah İsmayıl Xətai Azərbaycan dövlətinin başında duran şəxsiyyətdir, Azərbaycanın milli simvollarından biridir, nə haqla ona böhtanlar yağdırılır? Bəs, bu ARDNŞ hara baxır? Nədir bunların fikri? Dövlətin pulu ilə dövlətə hədyan söyləmək haqqını kimdən alıblar? Azərbaycanda bu məsələ faktiki olaraq başlı-başına buraxılıb. Ona görə də çox gərgin bir dönəm yaranıb. Mən düşünürəm ki, biz yenə də Türkiyə-Ermənistan sərhədlərinin açılmaması üçün çalışmalıyıq. Baxmayaraq ki, keçəndəfəki fəaliyyətimə görə mənə ağır basqılar yapıldı. Adımız “Ergenekon” davasına belə daşındı. Bu, sadə məsələ deyil. Türkiyə dəfələrlə bəyan edib ki, Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyənə qədər Ermənistanla sərhədlər açılmayacaq. Bu sənədlərlə təsbit olunmuş rəsmi mövqedir. Türkiyə bu mövqeyini qorumalıdır, çünki sərhədləri açsa, Azərbaycanın mövqeyinə böyük zərbə vurmuş olur. Ermənistan da papağını qarşısına qoyub düşünməlidir. Bu ölkədə Qarabağı işğal etməklə özünü nə qədər transmilli layihələrdən məhrum edib. İqtisadiyyat darmadağındır, ölkə sürətlə boşalır. Türkiyə ilə sərhədlər açılsa, bu Ermənistan üçün xilas qapısı olacaq və Qarabağ məsələsinin çözümü yubanacaq. Ona görə də biz bütün imkanlarımızı səfərbər edib Türkiyə-Ermənistan sərhədlərinin açılması prosesini Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətindən əl çəkənə qədər dayandırmalıyıq.
Qələmə aldı: Aygün MURADXANLI / Yeni Müsavat