Günlərdir bu yazını yazmaq haqqında düşünürdüm. Hadisə baş verən gün balaca bir yazı yazdım, amma yayımlamadım. Daha doğrusu, hadisəni bir az soyuqqanlı araşdırmaq istədim. İnanın ki, hər iki tərəfi tanımıram, sadəcə mətbuatda yazılanlardan bilirəm və izləyirəm. Bir ata sözü var bizdə. Deyir ki, “İmam üçün ağlayanda, bir az da Yezid üçün ağla”. Bu hadisədə sadəcə bir tərəf mühakimə edildi, mətbuatımız, sağ olsun ortalığı elə bir vəlvələyə verdi ki, kimsə bu hadisənin pərdəarxasına görmək istəmədi, olaya başqa acıdan baxmaq istəmədi. Azərbaycan adına qazanılan və sözün əsil mənasında böyük qələbənin üzərinə qanla və ölüm hadisəsiylə kölgə salındı. Söhbət “Qəbələ” komandasının Kiprin yunan tərəfinin “Apollon” komandası üzərindəki möhtəşəm qələbəsindən sonra baş verən hadisələrdən və bu hadisə sonunda döyülən,sonra da xəstəxanada həkim etinasızlığının qurbanı olaraq faciəli səkildə ölən fotoqraf Rasim Əliyevdən gedir. Bəri başdan deyim ki, bu hadisə mənə çox pis təsir etmişdi, gənc bir insanın həyatı söndürülmüşdü, ocağına atəş düşmüş, ana və atasının ürəyi dağlanmışdı, əzizlərini itirən birisi olaraq onların acısını anlıyır və paylaşıram.
Ancaq bu hadisədə mənim anlaya bilmədiyim bəzi xüsüslar var ki, onu araşdırdım və sizlərlə onu paylaşacam.
Birinci kimdir bu “qudurğan” Cavid Hüseyinov?-deyə araşdırdığımda qarşıma çıxanlar bunlar oldu:
Atası Abbasov Şakir Hüseyin oğlu 1955-ci ildə Cəbrayıl rayon Qaracallı kəndində anadan olub.1993-cü ilin 28 dekabırda Ağdamda şəhid olub.
Atasının bibisi oğlu, Allahvediyev Hikmət Əsəd oğlu.1965-ci il Qaracallı kəndində anadan olub və 1992-ci ildə 28 iyunda Ağdərədə şəhid olub.
Atasının bibisi oğlu Quliyev Sahib İslam oğlu 1968 -ci ildə həmin kənddə ananadan olub və 15 avqust 1992-ci ildə şəhid olub.
Atasının bibisi oğlu Mehtiyev Zaur Murad oğlu 1975-ci ildə Bakı şəhəri Binəqədi rayonunda doğulub və 25 aprel 1994-cü ildə Tərtərdə şəhid olub.
Yene Cavidin ailəsindən Əliyev Samir Qədir Oğlu 1978-ci ildə Qaracallıda doğulub, 1993-cü ilin 15 avqustda şəhid olub.
Bunları sadalamaqda məqsədim heç də baş verən olaya haqq qazandırmaq deyil. Sadəcə Cavidi tanımağınızı istədim. Ailəsindən bu qədər şəhid verən bir insan heç vaxt birilərinin dediyi kimi, “qudurğan” ola bilməz, olmamalıdır.
Mən heç də o fikirdə də deyiləm ki, kiminsə suçu varsa, cəzalandırılmamalıdır. Lakin ortada başqa oyunlar dönürsə, bu qətllə başqa hadisələrin üstü örtülməyə çalışılırsa, susmamaq lazımdır. Nədən kimsə Kiprin yunan tərəfindəki oyun zamanında baş verən hadisələrə diqqət yetirmir, ancaq o oyunda Cavidin məlum əl hərəkəti qabardılır? Cavid o qədərmi tərbiyyədən yoxsul idi ki, onu izləməyə gələnlərə qarşı onu edirdi? Təəssüf ki, içimizdəki türk düşmənləri daim bizdən bir addım irəlidədirlər. Məhz onların səs-küyü nəticəsində Kiprin yunan tərəfi mətbuatda “Yunan Kipri” kimi yalnış təqdim olunmaqla qalmadı, türk düşmənlərinin həmin oyunda bayrağımızı yandırmaları, futbolçularımıza su şişələri atmaları da “görməzdən gəlindi”. Kimsə rumların bayrağımıza və bayraqlarımıza qarşı bu tərbiyyəsizliyinə səsini çıxarmadı. Ancaq Cavidin sırf yunanlara inad meydana Azərbaycan və Türkiyənin bayraqları ilə çıxması içimizdəki “yunanlar”ı bərk narahat etdi.
Və son hər iki gənc üçün acınacaqlı oldu. Bəlkə də Rasim xəstəxanadan sağ-salamat çıxsaydı, özünün dostuna dediyi kimi Cavidlə dostlaşıb bərabər “Panatinaikos” matçına yollanacaqdılar. Xəstəxanadakı görüntüləri də göstərirdi ki, Rasim üç-beş özünü bilməzin hücumuna məruz qalsa da, ölüm ondan uzaqdır. Ancaq ölüm maşınına çevrilən səhiyyəmiz daha bir gənci əlimizdən aldı. Hər kəs Cavidi qınayır, ancaq kimsə geriyə baxıb, həkimlərin məsuliyyətsizliyini görmək istəmir. Sanki bütün girişləri qapadıb, daşqının ancaq Cavidin üzərindən keçilməsini istəyirlər. Heç döyənlər bu qədər linç olunmur, Rasimə bir çırtma belə vurmayan, ona görə döyüldüyünü eşidib, xəstəxanaya qaçan Cavid qatil kimi təqdim olunur. Deyirlər ki, cinayəti bilib, gizlədib. Birincisi, Cavid bildiyi zaman ortada ölüm hadisəsi yox idi, döyülmə faktoru vardı. Fərz edək ki, elə ölüm faktoru var idi. Kim bu vaxta qədər cinayət işləmiş dostunu, qohumunu polisə təhvil verib? Kimdə belə ürək var? Cavidi cinayəti bilib gizlətməkdə ittiham edənlərin hansı öz qohumunun cinayətini bildiyi zaman polisə şikayət edər? İnciməyin, hamımız azərbaycanlıyıq və mental dəyərlərimiz hər zaman hüquqdan üstün olub və belə addım atana nə qədər doğru addım atsa da, kimsə yaxşı baxmaz. O ki qaldı, beyni qanlı gənclər ola…
Nə isə… Türkiyədə Hrant Dink küçənin ortasında öldürüldü. Hər kəs onun qətli və qatili ilə məşğul olarkən, biriləri Türkiyənin altına dinamitlər qoydu və partlatdı.
Nədənsə, bu ölüm hadisəsi ilə o hadisə arasında çox bənzərliklər görürəm. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın idmana göstərdiyi qayğının müqabilində idmançılarla bağlı bu kimi xoşagəlməz halların baş verməsi və hansısa məsuliyyətsiz gənclərin qəbuledilməz hərəkətləri üzərindən idmana olan qayğının tənqid olunması üzərində də dayanılmalıdır. Sanki gözəgörünməz bir əl dirijor çubuğu ilə media və ictimaiyyəti tamamilə yanlış tərəfə yönləndirir. Medianı anlayıram, həmkarlarını itiriblər və yaralıdırlar. Çalışaq acımızdan birilərinin istifadəsinə imkan verməyək. Allah Rasimə rəhmət etsin, yaxınlarına səbr versin, günahsızsa Şəhid oğlu Cavidin qapısını açsın ki,Qarabağ uğrunda canını fəda etmiş atasının ruhu rahat uyusun və Azərbaycanımızı qorusun! Amin!