“Nənəm can verəndə dedi ki, üzümü qibləyə deyil, Türkiyəyə tərəf çevirin”
“Azəri-Türk Qadınlar Birliyinin qurulmasına zərurət var idi. Türk milli şurunu daşıyan insanları bir araya yığmaq istəyirdik. Dövlətə bağlı belə qurumlar var. Amma elə şeylər var ki, dövlətin adından demək, həyata keçirmək olmur. Biz bu təşkilatı o məqsədlə yaratdıq. Dövlət və millət bizim ana xəttimizdir”.
Bu sözləri APA TV-də efirə gedən “Üç valet” verilişinin qonağı Azərbaycan-Türkiyə Evinin rəhbəri, Azəri-Türk Qadınlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı deyib.
Onun sözlərinə görə, türkçülük həvəsi, eşqi genetikdir: “Türkçülük özbaşına yarana bilməz. Mən millətimin tarixini, keçmişini, ədəbiyyatını sevirəm. Çünki türk millətinin bir fərdiyəm. O üzdən biganə qala bilmərəm. Gərək millətini sevəsən ki, o milli şüur əmələ gəlsin. Millətçilik sözünü deyəndə, çox insanlar narahat olur. Amma mən başqa millətlərdən olanların da millətçiliyinə pis baxmıram. Hazırda Türkiyədə bu məsələ yasaq halına gəldi. Mənim nənəm türkiyəli idi. O, can verəndə üzünü qibləyə çevirdilər, amma nənəm dedi ki, üzümü ora yox, Türkiyə tərəfə çevirin. Babam türkiyəli bir xanımla evləndiyi üçün repressiyaya məruz qalıb, 1936-cı ildə güllələnib. Bəzən türk millətçiliyini faşizmə bənzədirlər. Mən bununla qətiyyən razı deyiləm. Ən böyük türk millətçisi Atatürkdür. O yunan bayrağına hörmətsizlik etməyib. “Bayraq millətin simvoludur onun üstündən keçmək olmaz” deyib”.
Tənzilə xanım ailədə kişiyə hörmətin vacibliyindən danışıb: “Güclü xarakteri olan və sözünün üstündə duran qadına erkək qadın deyirlər. Əslində, bu, kişilərə xas xasiyyətdir. Mən nə qədər kişi kimi görünsəm də, evdə hər şey əksinədir. Həmişə Sabir bəyin sözü üstündür. Çünki, o, Sabir Rüstəmxanlıdır. Mən bu hörməti anamdan görmüşəm. Amma heç vaxt ailədə ondan aşağı olmaq kompleksini yaşamadım. Mən onu uca tutduqca, özüm də ucalıram. Amma həmişə deyirəm ki, kişilik xarakterdir”.
Qonaq həyat yoldaşı Sabir Rüstəmxanlıdan da söhbət açıb: “Mən heç vaxt qoymamışam ki, Sabir bəy məişət problemlərinə qarışsın. Rəva görməmişəm, qıymamışam. Bəlkə də o şair, yazıçı olmasaydı, ailəsi üçün zəruri olan şeyləri edəcəkdi, alıb gətirəcəkdi. İki aya yaxındır ki, biz ona heç nə demirik. Çünki əlində yarımçıq romanı var. Hərdən görürsən bazarlığa gedir. Amma mən onun bu işə sərf elədiyi vaxta heyfsilənirəm. O, qayğıkeş ailə başçısıdır”.
Həm qadın, həm ana, həm də ictimai xadim olmağın çətinliyindən danışan Tənzilə xanım artıq bu rejimə uyğunlaşdığını deyib: “Elə qadınlar var ki, bir işlə məşğul olanda qadınlığını unudur. Allah məni qadın yaradıb. Mən ilk öncə qadınlıq missiyamı yerinə yetirməliyəm. Mən öz evimin anasıyam, qadınıyam. Bu, bir yaşam tərzidir. Uyğunlaşandan sonra adiləşir. Türkçülük isə qara sevdadır. Ola bilsin səni heç kim anlamasın, qəbul eləməsin, xəyanətlə, saxtakarlıqla, paxıllıqla üzləşəsən. Amma bunların hamısına hazır olmaq lazımdır”.
Türkçülüyün həyat tərzi olduğunu deyən Tənzilə Rüstəmxanlı öz xalqı ilə qürur duyduğunu söyləyib: “Türklər tarixən böyük millətdir. Osmanlı dövləti ona sığınan millətlərə həmişə qucaq açıb. Yəhudilərə də, yunanlara da, ermənilərə də. Məncə, indi ermənilər özləri düşünməlidirlər ki, niyə heç kəslə yola getməyiblər? Deməli, problem özlərindədir. Amma hətta onlar da türklərlə yaxşı yaşayıblar. Buna baxmayaraq, yenə mayaları haramla yoğrulub. 70 il Azərbaycanın ən gözəl yerlərində onlar yaşayıblar. Amma yenə də bizə xəyanət etdilər. İndi bu qənaətə gəlmişəm ki, erməni xəstəliyi məsələsi boş söz deyil. Bütün dünyaya demokratiya dərsi keçən, ərəbləri viran qoyan Amerika konstitusiyası və qaydaları dəyişmir, yenilənmir. Amma Türkiyədə nə qədər islahatlar gedib. Türkiyə özünün ən çətin dövründə də bizə dəstək olub”.
Tənzilə xanım yazıçı xanımı olmağın çətinliklərini dilə gətirib: “Biz ömür boyu Sabir bəyin iş otağına girməmişik. İşləyəndə onu narahat etmək olmaz. Bir dəfə çox hörmətli bir şairimiz zəng vurmuşdu. Dedi, Sabir bəyi çağırın. Sabir bəy də demişdi ki, məni narahat eləməyin. Əlacım qalmadı, üzr istəyib dedim ki, işləyir, yarımçıq çağıra bilmərəm. Dedi, bəxtəvər başına, ay Sabir. Sabir bəyin qəribə xasiyyəti var. İşləməyə başlayanda 4-5 saatla otağından çıxmaz, heç çay da içməz. İmkan vermir ki, masasının üstündə ağ bir vərəqə belə toxunulsun”.
Tənzilə xanım Sabir Rüstəmxanlının 50 illik yubileyindən danışıb: “Sabir bəyin 50 illik yubileyi münasibəti Sumqayıt teatrı “Ömür” kitabını səhnələşdirirdi. Həmin tədbirə Heydər Əliyev də gəlmişdi. O, şerə, şairə, ədəbiyyata hörmət edən, dəyər verən nadir prezidentlərdən idi. Füzulinin yubileyində də Heydər Əliyev saat yarımlıq çıxış elədi və bütün yazıçıların qarşısında Füzuli yaradıcılığını elə şərh elədi ki, hamı heyran qaldı. O arada Sabir bəy yavaşca dedi ki, bir ədəbiyyatçılığımız vardı, onu da Heydər Əliyev aldı əlimizdən. Elə həmin yubileydən sonra evə gəlmişik. Sumqayıt teatrının hazırladığı tamaşada Cavad xanın namaz üstə vətəni üçün dua etdiyi səhnəyə baxıb ağlayıram. Bir də gördüm Sabir bəy əlində köynəklə girdi içəri, başladı qışqırmağa: “Axı sən nə vaxt qadın olacaqsan? Mənim köynəyimin düyməsi yoxdur!” Mən də onun əsərindəki obrazın sözlərinə baxıb ağlayıram. Dedim, Sabir bəy, gözümdə bu dəqiqə Cavad xansan, heç oradan düşmə. Özünü də gülmək tutdu, bununla da hər şey yaddan çıxdı”.
“Hərənin bir şah əsəri var. Mənim şah əsərim övladlarımdır. Övladlarımı yetişdirən anayam. Onlar da məndən çox çəkinirlər. Həmişə onlara qadağaları mən qoymuşam”, – deyən iki övlad anası indiki zəmanədə valideyn olmağın çətinliklərini dilə gətirib.