21 Noyabr 2024, Cümə axşamı - 13:47

Tənzilə Rüstəmxanlı: “Ən böyük mükafatım türk dünyasına xidmət etməkdir”

Tənzilə Rüstəmxanlı: “Ən böyük mükafatım türk dünyasına xidmət etməkdir”

Türkiyənin beynəlxalq “İpək yolu” dərgisinin bu il üçün müəyyən etdiyi “İlin altun adamları” ödülünün sahibləri arasında Azəri-Türk Qadınlar Birliyinin və Azərbaycan-Türkiyə Evinin (ATEV) rəhbəri Tənzilə Rüstəmxanlının da adı var. Hər il ənənəvi olaraq gerçəkləşən və beynəlxalq status qazanan ödül törənində dünyanın müxtəlif ölkələrindən tanınmış insanlar iştirak edib. Tənzilə Rüstəmxanlı ilə söhbətimizə də ödül törənindən körpü saldıq.

Ən böyük mükafatım…
– Bu günlərdə beynəlxalq “İpək yolu” dərgisinin “İlin altun adamı” ödülünə layiq görülmüsünüz. Fəaliyyətiniz türk dünyası ilə sıx bağlı olduğu, özünüz də bu dünya ilə sözün həqiqi mənasında nəfəs aldığınız üçün heç şübhəsiz, bu ödülün sizinçün ayrı bir anlamı var…
– İnsana dəyər verilməsi çox önəmlidir. O mənada ki, bəzən insanın ruhunu qidalandıran, ona mənəvi dayaq olan bir söz adamı yeni işlər görməyə çox həvəsləndirir. Hər il “İpək yolu” dərgisi beynəlxalq ödül törəni təşkil edir. “İlin altun adamı” ödülünü türk dünyasının önəmli isimlərinə təqdim edirlər. Bu il Türkiyənin ölkəmizdə böyükelçisi olmuş, hazırda Moldovada səfir olan Hulusü Kılıç da ödül alanlar siyahısında idi. Dünyanın hər yerindən törənə dəvətlilər qatılmışdı. Azərbaycanı çox sevən dostumuz, dərginin qurucusu, türk dünyasının birliyi üçün əlindən gələni edən Seyfulla Türksoy tərəfindən mənə dəvət gələndə elə bildim ki, sadəcə tədbirdə iştirak etmək üçün çağırırlar. Sonra «İlin altun adamları» siyahısında adım səslənincə, mənə çox xoş oldu. Əlbəttə, bu ödülün aldığım mükafatlar içərisində başqa anlamı var. Mənim ən böyük mükafatım elə türk dünyasına xidmət etməkdir. Əgər bu ödülə layiq görüblərsə, deməli, boşuna yaşamamışıq. Buna görə yalnız minnətdarlıq edə bilərəm!
– Rəhbərlik etdiyiniz Azəri-Türk Qadınlar Birliyi ilk diaspor təşkilatlarındandır. Dünyanın bu qarışıq dönəmində fəaliyyətinizi necə yürüdürsünüz?
– Hər zaman gördüyümüz işləri davam etdiririk. Qarabağla bağlı, Xocalı və digər faciələrimizlə bağlı konfranslar keçiririk. İl boyunca Türkiyədə 20-dən çox konfrans təşkil edirik. Daha çox universitetlərdə tədbirlər keçirməyə önəm verirəm. Çünki gənclərə Qarabağ münaqişəsini, Qarabağın tarixini anlatmaq, faciələrimiz haqqında məlumat vermək çox lazımdır. Bu, ali məktəblərdə çox diqqət çəkir. Bildiyiniz kimi, mən, həmçinin Azərbaycan-Türkiyə Evinin rəhbəriyəm. Təşkilat olaraq Bakıda «Şah İsmayıl Xətai və Sultan Səlim”, daha sonra «Atatürk və türk milləti» adlı beynəlxalq simpoziumlar keçirdik. İndi isə hər il keçirdiyimiz Mahmud Kaşqarlı adına «Türklük onur ödülü» törənini keçirməyə hazırlaşırıq. Bu il törəni İstanbulda keçirəcəyik. Biz bu təşkilatı Azərbaycan və Türkiyənin aydınları ilə bir yerdə yaratmışıq. İlk dəfə 3 il bundan əvvəl aprel ayının 24-də Türkiyənin Bengütürk televiziyası və İctimai Televiziya ilə Qubada soyqırımı məzarları önündən ortaq canlı yayım həyata keçirdik. Türkiyənin görkəmli tarixçisi Yusif Halaçoğlu, professor Nizami Cəfərov və digər görkəmli ziyalılar həmin tədbirdə iştirak etdi. Bu yayım Quba məzarlığının Türkiyə gündəmində yer almasında ciddi rol oynadı. O vaxt İctimai Televiziya da bizə böyük dəstək verdi. İndi mən bu cür layihələrə üstünlük verirəm. Biz ATEV olaraq təkcə türk dünyası ilə fəaliyyətimizi məhdudlaşdırmırıq, Avropa ölkələrində də ciddi tədbirlər həyata keçiririk. Əlbəttə, böyük layihələrə ciddi maliyyə qaynağı lazımdır. Bu cür maliyyə olmayanda, öz imkanlarımız hesabına çətin olur. Türkiyənin özündə də elə məsələlər var ki, ona yatırım etmirlər. Bu baxımdan onlardan da narazılığım var. Onların öz dərnəkləri var və onlarla işləyirlər. İndiyə qədər layihələr üçün bizə bir qəpik də olsa, pul verilməyib. Yenə Azərbaycan bu məsələdə daha diqqətlidir. Amma mən harada oluramsa, həmişə Türkiyənin səsiyəm.
Sabir bəyin kövrək ürəyi
– Bəzən yazılarımızla bağlı müəyyən açıqlama və ya müsahibə almaq istəyəndə, Sabir Rüstəmxanlını tapmaq o qədər də asan olmur. Hərdən xaricdə olduğu üçün danışa bilmirik, ya da “yanımda adamlar var, sonra zəngləşərik” cavabını eşidirk. Bu üzdən Sabir bəyi sizdən soruşmaq məcburiyyətindəyəm: Sabir Rüstəmxanlı nə yazır?
– Sabir bəy jurnalistlər üçün ən əlçatan adamdır. Bu, gerçəkdən belədir. Sabir bəy hazırda çox gərgin yaradıcılıqla məşğuldur. Bir aya yaxındır ki, onun «Oğuz Kağan dastanı» dördüncü dəfə işıq üzü görüb. Bu dəfə Türkiyədən gələrkən hava limanındakı kitab evlərinin rəflərində «Oğuz Kağan dastanı»nı görəndə qürur duydum. Sabir bəyin bir ildə Türkiyədə üç kitabı işıq üzü gördü. İstanbul Bələdiyyəsi onun şeirlər kitabını 10 min tirajla nəşr etdirdi. «Difai fədailəri» də üçüncü dəfə nəşr olundu. «Ölüm zirvəsi» romanı keçən il Rusiyada, həmçinin Gürcüstanda işıq üzü gördü. O cümlədən, keçən il Sabir bəyin Məhəmməd Hadini tədqiq edən «Şair və şər» romanı nəşr olundu. Hazırda üzərində işlədiyi bir roman da bu yaxınlarda işıq üzü görəcək. Bilirsinizmi, bir çox hallarda mənəviyyat adamlarının, şair və yazıçıların bir müddətdən sonra yaradıcılıq imitləri bitir. Onların məhsuldar yaradıcılıq dönəmi olur. Bəzi yazıçılar tanıyıram ki, yaradıcılıq limiti bitəndən sonra özünü gündəmdə saxlamaq üçün qalmaqal yaratmağa başlayırlar. Mən əslində o adamlara bir qədər üzülürəm. Bəzən bu qalmaqallar onların yaradıcılığına kölgə salan hadisəyə çevrilir. Ancaq yazıçı və şairlər də var ki, Tanrı onlara verdiyi vergini heç vaxt əllərindən almır. İnanın, bu mövzuda Sabir bəy çox şanslı adamdır. Tanrının ona verdiyi həm şairlik, həm də yazıçılıq vergisini davam etdirir. Sabir bəyin xoşbəxt olduğu gün onun yazı masası arxasından bəzən 4-5 saat qalxmadığı anlardır.
– Amma bu gərginliyin içində sizə şeir yazmağı da unutmur…
– Hə, bir-iki şeiri var… Onlarla başımı aldadır. Bəzən deyir ki, bunu sənə yazmışam, amma içində nə ad var, nə də soyad. Mən də həmin şeirləri mənə yazmış kimi qəbul edirəm. Önəmli olan mənə yazmağı deyil, önəmli olan yaza bilməyidir. Kimə yazır-yazsın, şeir ki, yaranır, əsas odur. Hərdən kefi kök olanda «bir şeir var, gəl oxuyum» – deyir. Bilirsiniz, onun milli şeirləri çoxdur. O, ən böyük vətəndaş şairlərdən biridir. Şeirlərini oxuyur, inanın ki, elə bil həmin anda dünyanın ən böyük hədiyyəsini mənə verir. Bilirsinizmi, şairlərin şeirini öz dillərindən dinləməyin ayrı bir gözəlliyi var. Şair o şeiri deyəndə onu yaşayır. Aktyorlar şairlərin şeirlərini nə qədər gözəl səsləndirsələr də, öz dillərindəki kimi alınmır. Çünki şairlər qələmlərini ürəklərinin qanına batırıb yazırlar. Ona görə də Sabir bəyin şeirləri onun səsində ayrı cür səslənir.
– Sabir Rüstəmxanlının yaradıcılığında həm də üsyankarlıq və inqilabçılıq ruhu var. Bu sərtliklə, şeirlərinə həyat verən zərif və kövrək bir ürəyin döyüntüləri bir qədər təzadlı görünür.
– Bilirsiniz, Sabir bəyin necə kövrək ürəyi var? Bəzən o sərt üzünün arxasında elə qəribə bir məsumluq olur ki… O, sinəsində hələ də uşaq ürəyi daşıyır. Bəzən bir cizgi filminə elə uşaq heyranlığı ilə baxır ki, o anları çəkmək üçün rəssam gərəkdir. Həmin anda mənim gözlərim dolur.
İnsanlıq ayrı şeydir…
– İki il əvvəl bacınızla bağlı bir faciə yaşadınız. “Ən böyük həkim zamandır” deyirlər. Bu itki ilə barışmaq mümkün olmasa da, az da olsa alışa bildinizmi?
– Bacım Könül mənə övladım kimi idi. Mən 29 yaşında qardaşımı itirmişəm. Mən acılar görmüş adamam. Ancaq Könül mənimçün başqa idi. Mən onu böyük qızım kimi gəlin köçürmüşəm. Onun ölümündən sonra bu dərdi çəkə bilməyəcəyimi düşündüm. Maşın qəzası deyəndə ən son ağlıma gələn adam idi Könül. Maşından çox qorxurdu. Yolu keçəndə titrəyərdi. Nədən çox qorxurdusa, Allah-təala onun başına gətirdi. Könülün ölümündən sonra ailəmiz çox çökdü. Böyük bacım hələ də özünə gələ bilmir. Barışmaq çətindir. Könülün oğlunu heç cür alışdıra bilmirik. Ona elə gəlir ki, anası hələ də yanındadır. Bir var körpə olasan, ananın varlığını o qədər hiss etməyəsən, bir də var ananı dərk etdiyin və ona ən çox ehtiyacın olanda onu itirəsən… Heç nə zamansız olmasın. Onda hamı acı çəkir. Ancaq təsəlli tapdığım bir şey var. Bu dünyada anaların ən böyük mükafatı övladlarının çiynində dünyadan getməsidir. O, qəfil yaxalandığım bir faciə idi. Mən sabah nə olacağını düşünməyəcək bir halda idim. Könülün qırxından sonra çox şeyə hazır olduğumu hiss elədim. Artıq onun övladlarına baxmaq, onlara dayaq durmaq, onların yanında olmaq lazım idi. Mən özümü zəif adam hesab etmirəm, ancaq bu çətin günlərimdə mənəvi acılardan çıxmağımda mənə dayaq olanlar oldu. İnsanlıq ayrı şeydir. İnsanlığa ümidlər yaxşı adamların simasında yaşayır. O qədər ümidimizi öldürənlər var ki… Ancaq ümidimizi yaşadanlar da var. Mən bu ümidlərin sayəsində həyata bağlandım, məsuliyyətimi dərk etdim. Təki, yaxşı insanların sayı çox olsun. İnsanlar çətin anlarında kürəklərində əl hiss etməlidirlər. Mən özüm də dayaq olmağı, düşənin çiyninə çiyin verməyi sevən adamam. Amma bəzən çox güclü adamların da elə zəif yerləri olur ki… Bu anda onun qolundan tutub qaldırmaq əsilzadəlikdir. Nə yaxşı ki, çevrəmizdə belə insanlar var

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı