04 Noyabr 2024, Bazar ertəsi - 17:34

Tənzilə Rüstəmxanlı möhtəşəm Türk Şöləninə imzasını atdı

 

10156148_492706454192382_2332568680764463669_n3 may Türkçülük Günü artıq neçəci ildir ki, Azərbaycanda coşqu ilə keçirilməkdədir. Türkiyədə türk milliyyətçiləri üçün əziz olan bu günü Azərbaycana gətirən və sevdirən Tənzilə Rüstəmxanlı oldu. Turan Yazqan hocamız ona Tənzilə Sultan deyərək, xitab edərkən, yanılmamışdı… Bu gün Azərbaycanda 3 mayı qeyd edənlərin sayı on minlərlədirsə, bu məhz Tənzilə Rüstəmxanlının yürütdüyü davamlı milliyyətçi siyasətin sayəsində oldu. 

Dünən də Türkçülük günü ilə bağlı önəmli bir gecə yaşandı… Opera və Balet Teatrında, “Türklük Şöləni” adlı gecə duyğuları oyandırdı, türkün içindəki Bozqurdun hayqırışını canlandırdı. 

Tənzilə Rüstəmxanlının başçılıq etdiyi Azərbaycan Türkiyə Evi və Azəri Türk Qadınlar Birliyi könülləri riqqətə gətirən tədbiri həyata keçirdi.

ATEV və ATQB başqanı Tənzilə Rüstəmxanlı 3 may tarixini müasir dövrdə türk milli şüurunun oyandığı gün kimi səciyyələndirib. “Bir millət tarixdə kim olduğunu xatırlamasa, digərlərinin yemi olur. Bu gün üzərimizə düşmən milli kimlikləri yox etmək məqsədilə gəlir, bunun qarşısında durmalıyıq.   Bu səbəbdən bizdə də bu bayramın keçirilməsi ənənəvi hal alıb. Biz belə tədbirlərin davamlı olaraq keçirilməsini arzulayırıq. Ona görə ki, xarici qüvvələr nə qədər maneələr yaratsalar da, türklər bir yerdədir, ayrılmazdılar. Bizim birliyimizi dünyanın bütün gücləri birləşsələr belə poza bilməzlər. Azərbaycanla Türkiyə hər zaman qardaş ölkə olaraq bir yerdə olacaqlar. Nə qədər ki, biz çiyin-çiyinə, əl-ələyik, bizi ayırmağa dünyanın gücü yetməz. 10 may böyük Azərbaycan şəxsiyyəti Heydər Əliyevin, 19 may böyük türk oğlu Mustafa Kamal Atatürkün doğum günüdür. Başdan-başa bayramlarla zəngin olan may bayramınız, Türkçülük Bayramınız mübarək olsun. Türkü türkdən ayırmağa yağıların gücü yetməz. Bu gün həm də Əbülfəz Elçibəyin, Alparslan Türkeşin anım günüdür”.

Daha sonra Tənzilə Rüstəmxanlı qeyd etdi ki, “Türklük Şöləni”nin məqsədi də dünyanın müxtəlif yerlərində yaşayan türk toplumlarını bir-birinə daha yaxından tanıtmaqdır. Orta Asiya, Yakutiya, Altaydan tutmuş Türkiyə və Azərbaycana qədər yaşayan türk toplumlarının mədəniyyətini, özəlliyini nümayiş etdirməklə soyumuzun dərin köklərə bağlı olduğunu göstəririk. Bu sənətçilər Xəzərin sahilində türkçülük şöləni əsdirir. Bu mərasimi türk dünyasının dahilərinə-Atatürk, M.Ə.Rəsulzadə, Heydər Əliyevə həsr etmişik”.

Daha sonra çıxış edən millət vəkili Sabir Rüstəmxanlı bu gün türkçülük ənənələrinin yaşamasının böyük hadisə olduğunu bildirdi: “Bu bayramın Azərbaycanda qeyd olunması isə bizim üçün xüsusi önəm daşıyır. Türkçülükdən, türk olmaqdan qürur duymalıyıq. Biz bir olmalıyıq, birləşməliyik. Düşmənlərimiz olmasaydı,dünyada 700-800 milyon türk olardı. Amma bizə qarşı həmişə soyqırımı ediblər. Dünyada soyqırıma ən çox türklər məruz qalıb. Biz bunu dünyaya deməliyik. Deməsək, ayaq altında qalarıq. Bizi həmişə müharibəyə təhrik edən ermənilər olub, sonradan isə özlərini məzlum kimi qələmə verirlər. Düşünürəm ki, Azərbaycanda türkçülük digər yerlərdən bir addım öndədir. Türkçülüyün mərkəzi Bakıdir”.

Türkiyə Millətçi Hərəkat Partiyası sədrinin müşaviri Çetin Elmas isə çıxışında vurğuladı ki, dünyanın müxtəlif yerlərində yaşayan türklərin hədəfi Türk dünyasının birliyidir, vətənimiz Turandır.

Daha sonra mərasimin bədii hissəsi başladı. Tanınmış sənətçi Əhməd Şəfəq, Yakutyadan Yuliyana Krivoşapkina və Aleksandr Diaçkovski, Sordan tanınmış sənətçi Çiltis Tannaqaşeva, Altaydan İrina Kenzina, Marina Saksayeva, Qırğızıstandan Fatima Sultanova, xalq sənətçisi Kenjebek Sadırbekov, Azərbaycandan vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı, “Savalan” qrupunun üzvü Novruz Novruzov, muğam ustasi Nuriyyə Hüseynova iştirak etdi. 

Tədbir sürprizli məqamları ilə də yadda qaldı. Belə ki, şöləndə Tənzilə Rüstəmxanlı Əhməd Şəfəqə həsr olunan kitabı sənətçiyə təqdim etdi. Bu kitab Əhməd Şəfəqin türk dünyasına göstərdiyi xidmətlərinə görə çap olunub. Sonda bütün iştirakçılar birlikdə “Çırpınırdı Qara dəniz” mahnısını ifa etdilər. 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı