Strateji Xartiya münasibətləri yeni müstəviyə çıxarır - Tənzilə Rüstəmxanlı
Çağdaş dövrdə ölkələr arasında münasibətlər ənənəvi qəliblərdən çıxaraq daha dinamik, praqmatik və şəxsi liderlik faktorunun ön planda olduğu yeni mərhələyə qədəm qoyur. Bu gün ABŞ-Azərbaycan arasındakı əlaqələr də qarşılıqlı etimada və strateji mənfəətə söykənən sarsılmaz tərəfdaşlıq modeli üzərində qurulur. Bu baxımdan ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Bakı səfəri strateji baxımdan son dərəcə böyük əhəmiyyət kəsb edir.

Belə yüksək səviyyədə, yəni ABŞ-nin ikinci şəxsinin ölkəmizə rəsmi səfəri Vaşinqtonun Cənubi Qafqaza siyasi “geri dönüş”ünün ciddi olduğunu açıq şəkildə göstərir. Başqa sözlə, ABŞ vitse-prezidentinin Bakı səfəri Tramp administrasiyasının Azərbaycanı Cənubi Qafqazda birinci dərəcəli geosiyasi prioritet kimi qiymətləndirdiyinin və demokratlar dövründə itirilmiş imkanları bərpa etmək istədiyinin bariz göstəricisidir.
Bu səfər son illərdə Azərbaycana həyata keçirilən ən yüksək səviyyəli səfər olmaqla, ABŞ–Azərbaycan münasibətlərinin möhkəmliyini nümayiş etdirir. Vitse-prezidentin səfəri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə və Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsinə dair ortaq öhdəliyi bir daha təsdiqləyir.
Cənab Vens Tramp administrasiyasının “öncə Amerika” doktrinasının əsas daşıyıcılarından biridir. ABŞ rəsmisinin səfəri o deməkdir ki, Cənubi Qafqazda sülh artıq ABŞ-nin milli təhlükəsizlik və iqtisadi maraqları çərçivəsində dəyərləndirilir. Ümumən, Azərbaycan və ABŞ arasındakı münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçdiyi və bu prosesdə şəxsi liderlik faktorunun həlledici rolu göz önündədir.
Liderlər arasındakı dialoqun xronologiyasına baxdıqda görünür ki, Davosdan Misirə qədər uzanan bütün təmaslar Azərbaycanı qlobal sülhün və enerji təhlükəsizliyinin mərkəzi qovşağına çevirib. Dövlət başçılarının görüşlərində, məktublaşma və telefon zənglərində əksini tapan səmimiyyət ABŞ-nin Azərbaycanı sadiq və güclü tərəfdaş kimi gördüyünün bariz nümunəsidir.
Tərəflər arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ilə, yəqin ki, səfərin ən yaddaqalan hadisələrindən oldu. 2025-ci avqustun səkkizində Ağ Evdə keçirilən görüşdən və imzalanan sənədlərdən sonra isə ikitərəfli əlaqələr tamamilə yeni səviyyədə qalxdı.
Tramp hakimiyyəti öz sələfi Cozef Baydenin ölkəmizə qarşı qeyri-adekvat münasibətini təkrarlamadı. Əksinə, “buzların əriməsi”, əlaqələrin inkişafı üçün addımlar atıldı. Əlbəttə, bu məsələdə dəyişən reallıqlar, o cümlədən Azərbaycanın qlobal siyasi oyunçuya çevrilməsi mühüm rol oynadı.
Strateji Tərəfdaşlıq Xartiyası nəticəsində münasibətlər tamamilə yeni mərhələyə daxil oldu. Strateji baxışın simvolu olan bu sənəd Azərbaycanla ABŞ arasında münasibətlərin yeni mərhələyə keçdiyini açıq şəkildə nümayiş etdirir. Qarşılıqlı maraqlar və ortaq məqsədlər üzərində qurulan bu tərəfdaşlıq, regional sabitliyin möhkəmləndirilməsi, qlobal çağırışlara birgə cavab verilməsi və davamlı sülhün təmininə töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin diqqətə fikri fonunda amerikalı dövlət rəsmisinin bildirdiyi məqamlar da nikbinlik yaradır: “Biz strateji tərəfdaşlıq sənədini imzaladıq. Fikrimcə, bu, tərəfdaşlığı rəsmiləşdirir və çox aydın şəkildə göstərir ki, ABŞ-Azərbaycan münasibətləri dayanıqlıdır və xalqlarımız üçün böyük nəticələr verməkdə davam edəcək”.
Bəli, Vensin ölkəmizə səfəri və səfər çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin möhkəmlənməsi baxımından əlamətdar hadisədir. Bu hadisə ölkəmizin Orta Dəhlizin mərkəzinə, enerji və kritik resurs qovşağına çevrilməsinə, regional rəqəmsal platforma kimi təqdimatına, regional sülh, Naxçıvan bağlantısı və post-münaqişə reallıqlarını dolayı, amma aydın şəkildə daha da legitimləşdirməsinə imkan verir.
Xartiyanın təhlükəsizlik əməkdaşlığı balanslı və ölçülüdür ki, bu amil regionda maraqlı güclər üçün risk yaratmır. Ümumən, Vensin Bakıya səfəri gedişində imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası və verilmiş bəyanatlar Azərbaycan–ABŞ münasibətlərinin tamamilə yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunun bariz göstəricisidir.




