04 Noyabr 2024, Bazar ertəsi - 17:52

“Soyumuza, kökümüzə dil uzatmayın!” – Tənzilə Rüstəmxanlı

“Bütün bunlar birilərinin Türkiyə-Azərbaycan münasibətlərinə məqsədli şəkildə ziyan verməsidir”
“Facebook”da bir türk düşməni deyir ki, Türk milliyətçiləri haqqında inzibati cəza tətbiq olunmalıdır. Siz sözə fikir verin! Mən öz məmləkətimdə, uğrunda qan tökdüyümüz, şəhid verdiyimiz, qohum-qardaşımızı itirdiyimiz vətənimdə öz millətimi sevə bilmərəm? Bu nə deməkdir? Kimdir bu adam? Mən burdan Təhlükəsizlik xidmətinə müraciət edirəm. Araşdırsınlar bu adamları. Xalqlara, millətlərə kin bəsləyən və kin yaradan, ayrı-seçkilik salan içimizdəki bu mənşəyi bəlli olmayan adamlar tapılsın və qanun qarşısında cəza verilsin bunlara”.
Son zamanlar bəzi saytlara sanki tapşırıq veriblər və anti-Türk nə qədər adam varsa onlardan müsahibə alıb başlığa da Türkləri inkar ya da gözdən salan fikir çıxarılır. İlk əvvəl Araz Əlizadə Nuru Paşa ilə bağlı əsassız fikirər səsləndirdi. Daha sonra Arif Rəhimzadə “Biz Türk deyilik” dedi, sonra hardan tapdılarsa cəmiyyətin onun varlığından xəbərsiz olduğu riyaziyyatçı akademikdən məhz Türkləri qaralayan açıqlama aldılar, başlığa da “Türklər bizim ən böyük düşmənimizdir” fikrini çıxartdılar. Bu hadisədən sonra bir çox ziyalılar, sosial media istifadəçiləri məsələ ilə bağlı münasibət bildirdi və hətta bu fikir sahiblərini təhqir edənlər də oldu.
Ölkədə Türklük və Milliyətçilik deyəndə ağıllara Sabir Rüstəmxanlı və Tənzilə Rüstəmxanlı gəldiyi üçün bir çox jurnalistlər də bu iki ziyalıdan münasibət öyrəndi. Biz də bu haqda biraz geniş bir müsahibə hazırlamaq üçün Tənzilə Rüstəmxanlı ilə danışdıq və görüşdük. Söhbəti mənə hər zaman maraqlı gələn bu xanım Türklük və Vətən məsələsində heç kimə güzəştə getmir. Ona görə də söhbətimiz biraz da bu səbəbdən maraqlı alındı. Giriş hissəsini çox uzatmadan müsahibəni diqqətinizə çatdırıram.
– Tənzilə xanım, nə baş verir, niyə türklüyü inkar prosesi başlayıb?
– Bilirsiz, bu yeni proses deyil. 100 illərdir bu proses davam edir. Zaman-zaman müxtəlif yollarla bu xaçlı zehniyyəti Türklərə qarşı soyqırım törədib. İndi isə Türk milləti olaraq mənəvi soyqırımla üz-üzəyik. Rusiyanın tərkibində yaşayan türklərin vəziyyətinə baxın. Sovetlər dönəmində yaşayan türklərin durumunu xatırlayın. Assimiliyasiya, milli kimlikdən uzaqlaşdırma və qoparma bir tək kimə təsir göstərirdi? Ancaq Türklərə. O vaxtlar deyirdilər ki, SSRİ-də millət, din fərqi yoxdu, hər kəs bərabərdir, hər kəsin hüququ və haqqı bərabərdir, birdir. Dillərini, mədəniyyətlərini qoruyub saxlasınlar. Bu kimə daha çox təsir edirdi? Ən çox Sovetlər birliyində əriyən, sıxışdırılan kimlər idi? Türklər idi. İstər Orta Asiya Türkləri olsun, istər bugünki Ermənistan ərazisində yaşayan Azərbaycan Türkləri olsun. Bu millət soyqırıma məruz qalıb.
1937-ci ilin repressiyasının ən böyük ziyan çəkənlərini araşdırsınlar. Bu ki, yaxın tariximizdir. Görsünlər ən çox əziyyət çəkənlər kim olub? Kimlər Azərbaycandan Sibirə sürgün edilib? Bu millətin beyinləri, qaymaqları, ziyalıları…
Bütün bunlar məqsədli şəkildə edilirdi. Elə bil vaxtaşırı türklərə qarşı bu repressiyalar, soyqırımlar davam edib. Sovetləri bir kənara qoyuram, baxın indi yaşadığımız bu coğrafiyada, Cənubi Qafqazı nəzərdə tuturam və ya ümumilikdə Qafqazda üç qonşuyuq, Azərbaycan, Ermənistan, Gürcüstan. 1918-ci ildə Lenin Rusiyası Azərbaycan torpaqlarının hesabına bir Ermənistan dövləti qurdu. Ondan əvvəldə Çar Rusyası 21 Mart 1828-ci ildə yenə də Azərbaycan torpaqları üzürində (İravan və Naxçıvan da daxil) bir Ermənistan vilayəti qurdu və ermənilərin bu torpaqlarda yaşamasını təmin etdi. Dünyada, özəlliklə İran və Rusiya ərazisində yaşayan ermənilərə müraciət edib Qafqaza gətirdilər. Bütün bu addımlar Türklərə qarşı idi. Özü də Azərbaycan və Türkiyənin arasında bir vilayətdən dövlətə gətirib çıxartdılar.
Ermənilərin çoxluq təşkil etdiyi bir şəhər yox idi. Yerevanı ona görə verdilər ki, ermənilər Zəngəzur və Qarabağ torpaqlarına bir daha iddiaçı olmasınlar, nə oldu? Ermənilər bundan əl çəkdimi? Əl çəkmədi. Mənim kökum ordandır. Anam İrəvanlıdır, atam Amasyadan. Qarsın sərhədlərində. Bizim dədə-baba torpaqlarımızda bir erməni dövləti qurdular. Bu gün Türk deyilik deyən zehniyyət bunu bilmir bəyəm? Hamıdan gözəl bilir.
Rus dilini bilməyənləri, və yaxud yaxşı danışmayanları “çuşka” adlandırırlar.
Nə oldu sonra? Sovetlər nəyi həyata keçirdi? İlk kimin əlifbasını dəyişdilər? Azərbaycanın əlifbasını. Gürcü ilə erməni öz əlifbasını dəyişdimi? Hələ də öz əlifbaları ilə yazırlar. Gürcü ilə erməni öz dilini dəyişdimi? Mən Ermənistanda yaşamışam, Ermənilər Rus dilinə nifrət edirdilər. Gürcülər rus dilinə nifrət edirdilər. Ama sovet dönəmində bizdə bütün rəsmi qurumların adı qapılarının üstündə rusca yazılırdı. İravanda rəsmi qurumların üzərində bəlkə birində ya ikisində rus dilində yazı tapardın. Başda oturanından tutmuş sadə ermənisinə qədər ikisi bir araya gələndə rusca danışmır, öz dillərində danışır. Ya da iki gürcü. Rus dilini bilmirlər? bilirlər, Öyrənmirlər? öyrənirlər əlbəttə, amma Rus dilinə üstün dəyər, üst mədəniyyət göstəricisi kimi baxmırlar. Onlar ən böyük mədəniyyət göstəricisi kimi öz ana dillərinə baxırlar. İndi bu gün də bizim üçün Rus dili prestij sayılır, Rus dili mədəniyyət göstəricisidir, Rus dilini bilməyənləri, və yaxut yaxşı danışmayanları “çuşka” adlandırırlar. Rayondan gələn, əsil türklük ətri saçan saf, təmiz torpaqlarımızın insanlarına “çuşqa”deyirlər.
Bu gün əslində bir ideoloji savaş gedir. Milli ilə qeyri-milli ideologiyanın savaşı var. Milli savaş, bu millətin övladlarının qanı bahasına 1918-ci ildə qurulan və ruslar tərəfindən yaşadılmayan dövlət idi, yenə 1990-cı ildə rusların törətdiyi 20 yanvar qətliamında şəhid olmuş insanlarımızın qanı bahasına qazanılmış, ikinci müstəqilliyimiz idi ki, nə qədər şəhid verdik, nə qədər qan töküldü. Müstəqilliyimiz bizə baha başa gəldi. Nə Gürcüstanda, nə də Ermənistanda bizdəki qədər qan tökülmədi. Bu itkiləri bizə yenə erməniyə dəstək verən ruslar yaşatdı. Rus millətinə nifrət edin, onlara kin bəsləyin demirəm. Qətiyyən! 100-lərlə tanıdığım və Azərbaycanı sevən ruslar var. Amma Özünə akademik deyən, millət vəkili deyən bəzi insanlar kiməsə yaranacaq deyə tarixi həqiqətləri rədd edib, dana bilməz.
 
“Siz bizə lağ edirsiz, zarafat edirsiz, ağlımızlamı oynuyursunuz, nə düşünürsünüz siz?”
Arif Rəhimzadəyə mənim hörmətim var idi. Onun bir duruşu, siyası baxışı var idi. Məsələn Heydər Əliyevə münasibətində bu adam Cəbhə dövründə də, ondan sonra da eyni münasibətdə idi və onun yanında idi. Bu adam sonradan dəyişməyib. Bu onun siyasi duruşudur. Bu onun seçimidi. Mən onun bu xarakterinə sayğı duyurdum. Mövqeyi olan adama istər istəməz hörmət edirsən. Mən onu mövqeyi olan birisi kimi bilirdim, amma hörmətli Arif müəllim, bu məsələdə bir kəlmə üzr istəyib keçə bilərdi və deyərdi ki mən yanlış anlaşılmışam. Əlbəttə ki, bu millətin onurğası türklədir. Əlbəttə soy kökümüz türkdür. Bir alimə, millət vəkilinə, ziyalıya yaraşar ki, desin ki, bəli soy kökümüz türkdü, amma biz Azərbaycan xalqıyıq. Özü-özünü inkar edən, təkzib edən, açıqlamalar verir. Siz bizə lağ edirsiz, zarafat edirsiz, ağlımızlamı oynuyursunuz, nə düşünürsünüz siz?
“Bizim bir düşmənimiz var. Ermənilər! Ermənilərin önündə hamımız Azərbaycanlı-TÜRK olmalıyıq!”
Azərbaycan xalqı deyəndə burda Ləzgi də var, Avar da var, Rus da var, Tatar da var, Talışda var, Kürd də var. Biz birik, birlikdə Azərbaycanlıyıq, Azərbaycan xalqıyıq. 100 illərdir dost, qardaş kimi yaşayırıq, millətinə, məzhəbinə baxmadan qız verib qız alırıq. Bunu heç kim dana bilməz. Azərbaycançılıq bir ideyadı, ideologiyadı və yaxşı bir ideologiyadı. Azərbaycanın milli maraqları ətrafında Ləzgisini, Avarını, Rusunu, Talışını, Kürdünü birləşdirmək üçün bir ideyadı. Mən Facebook səhifəmdə Türk düşmənlərinin fikirlərinə qarşı türklüklə bağlı bir yazı yazdım, yazıda əslində başqa şey demək istəyirdim amma milliyətcə Talış olan bir qardaşımız mənim yazdığımı yanlış anladı və mən o yazıdan həmin hissəni onların xatirinə çıxartdım. Üzür istəmək də, səhvi düzəltmək də böyüklükdür. Mən bu addımı atdım, sonra da açıqlama verdim. Onun yazdığı məktub məni çox təsirləndirdi. Yazmışdı ki, bizim bir düşmənimiz var. Ermənilər! Ermənilərin önündə hamımız Azərbaycanlı-TÜRK olmalıyıq!
Biz öz aramızda ayrı-seçkilik etmirik, amma bütün bu gözəl münasibətlər, humanistlik heç kəsə haqq vermir ki, çıxıb 9 milyonun adından, bu millətin, milli kimliyi haqqında hökm versin.
Siz bir sosial mediaya baxın, görün bu millətin övladları sizə necə cavab verib? 5 nəfər rus zehniyyətinə xidmət edən adamlar sizə dəstək verirsə, minlərlə, milyonlarla insan sizə qarşı durub. Sizi söylədiyiniz bu yanlış fikirdən dolayı təhqir edənləri də, təqdir etmirəm, nə olursa olsun ağsaqqal bir adamın təhqir olunmasına könlüm razı gəlməz. Biz bir millət olarak mədəni bir fikir alış-verişi etməyi və milli məsələlərimizi ədəb və ərkan çərçivəsində müzakirə etməyi bacarmalıyıq. Biraz bunları görün, düşünün.
Siz bizdən yeni bir millət niyə yaradırsıniz? Biz varıq da, biz buradayıq da. Hər zaman var idik. Soyumuza, kökümüzə dil uzatmayın!
Azərbaycançılıq ideyasını dəstəkləyirsiniz, biz də əksini demirik ki, bu mənim Türk olmağıma əngəl deyil ki! Mənim Türk olmağım Azərbaycançılıq ideologiyasına, Azərbaycanlı olmağıma mane olmur. Mən Azərbaycanlıyam bilirsiniz nə vaxt? Ölkəm təklənəndə, təcavüzə uğrayanda, təhlükədə olanda. Bu hallarda hamımız Azərbaycanlıyıq. Mən də bir türk olaraq Azərbaycanlı oluram, Kürd də bir Kürd olaraq Azərbaycanlıdır, Ləzgisi də digər xalqları da Azərbaycanlıdır.
 
– “Türk deyilik” deyən insanlar ən azından danışdıqları dilin mahiyyətini, kökünü dərk etmir sizcə? Bizi birləşdirən hansı dildir? Bunları analiz edə bilmirlər ya istəmirlər?
– Bir millətin millət kimi var olma atributlarından biri onun dilidir. Deyir ki, Özbəklər, Türkmənlər, nə bilim digər türk xalqları da Türk deyil. Sabah həmin xalqlar qalxıb deyər ki, sən kimsən ki, bizim adımıza qərar verirsən? Bu haqqı sənə kim verib? Mən düşünürdüm ki, Arif müəllim ikinci dəfə “Müsavat.com”-a açıqlama verəndə yanlış anlaşıldım deyər. Nə olar ki, insanıq, səhv söz çıxa bilər ağzımızdan, amma “dediyim dedikdi” deyə, qürür xətrinə səhvinin üstündə dirəşməz ki. Jurnalist sözu dolaşdırıb gətirmək istəyir ki, Arif müəllim bir səhvdi eləmisiniz üzr istəyin bitsin bu məsələ, amma Arif müəllim üzr istəmir, deyir yox, biz türksoyluyuq, amma başqa-başqa xalqlarıq. Danışdıqca daha da betər batır. Burda məntiqi bizə göstərsin Arif müəllim, hansı mənbələrə əsaslanıb? Yaraşdımı ona bir millət vəkili olaraq bu israr? Onun yaşına, başına, ziyalılığına yaraşdımı bu açıqlamalar?
– Sizcə bu dirəşmək, israrla bunun üstündə durmaq nədəndir? 
– Dirəşməyib, dirəşdiriblər! Heç bir şey səbəbsiz deyil. Mən sizə biraz əvvələ aparım. Yadınızdadır, AKP millət vəkili Yasin Aktay “Türk irqi yoxdur” dedi. Bütün Türkiyə ayağa qalxıdı və onu elə hala saldılar ki, o millətdən üzr istədi. Dedi ki, səhv etmişəm, üzr istəyirəm. Mən özüm də türkəm. Yəni, millətə həqarətdir bu, irqimi inkardır. Mən də ona bir yazı yazmışdım ki, bəs onda biz kimik? Rusiyanın tərkibində yaşayan və Türkiyədə “Türk” qurultayına gələn Çuvaş, Noqay, Tatar, Qaraçay Yakut, Altay, Hakas, Başkurt kimdir? Niyə gəlir Türk qurultayına? Dünya türkləri qurultayının biri də Azərbaycanda keçirilmişdi. O zaman biz Türk deyiliksə niyə qurultay burada keçirilir. Niyə dünya Türkləri bura gəlmişdi?
Bu inkar ilk Türkiyədə başladı, arxasınca nələr gəldi? Ermənidən üzr istəmə kampaniyası gəldi, Ziyalısından, siyasətçisindən sənətçisinə qədər bir heyət yaratdılar və 15-ci il “soyqırımı”na görə üzr istəyək dedilər. Nə üçün üzr istəyək? Türkiyədə ermənilərin törətdiyi kütləvi qırğınlara görəmi, İğdırda, Qarsda, Ağrıda, Qubada, Şamaxıda Sumqayıtda, Xocalıda, Qarabağda ermənilərin törətdikləri amansız qətliamlara görəmi üzr istəyək?
“Mənim türk milliyətçiliyim vətən darda olanda milli soy kökünü açıqlayaraq “mən azərbaycanlı deyiləm, başqa millətdənəm” deyərək vətənə xəyanət etməkdən deyil, vətən uğrunda ölməkdən keçir”.
Arxasınca erməni açılımı gəldi, arxasınca da az qalırdılar ki PKK-nı Türkiyədə leqallaşdırsınlar. Hansı ki, bunun başında Fetullah Gülən və ekibi dururdu. Amerikanın Türk dünyasına yaydığı ən böyük və təhlükəli cəsus şəbəkəsi idi. Bütün bunların nəticəsi sonda gətirib çıxartdı Türkiyədəki dövlət çevrilişinə. Sonda nə oldu? Ərdoğan yanlışını anladı, çıxdı xalqa dedi ki, biz səhv etmişik, aldanmışıq, bizim dayaq nöqtəmiz xalqdır, türk millətidir və türk millətinə sığındı. Ölkəni də Ərdoğanı da Türk xalqı xilas etti. Onu demək istəyirəm ki, bu kampaniya indi başlamayıb.
Tarixçi olmaya bilərik, amma danışmadan əvvəl bir araşdırmaq, oxumaq ya da bir tarixçidən məsləhət ala bilərik deyilmi? Məntiqi olmayan bir açıqlamanın üstündə israrla durmağı yaraşdırmadım Arif Rəhimzadəyə.
Məyər Talış Muğan Respublikası, “Sadval” ilə mübarizə aparan biz deyildik? Bunu unudub Arif müəllim?
“Facebook”da bir türk düşməni deyir ki, Türk milliyətçiləri haqqında inzibati cəza tətbiq olunmalıdır. Siz sözə fikir verin! Mən öz məmləkətimdə, uğrunda qan tökdüyümüz, şəhid verdiyimiz, qohum-qardaşımızı itirdiyimiz vətənimdə öz millətimi sevə bilmərəm? Bu nə deməkdir? Kimdir bu adam? Mən burdan Təhlükəsizlik xidmətinə müraciət edirəm. Araşdırsınlar bu adamları. Xalqlara, millətlərə kin bəsləyən və kin yaradan, ayrı-seçkilik salan içimizdəki bu mənşəyi bəlli olmayan adamlar tapılsın və qanun qarşısında cəza verilsin bunlara.
Mənim türk milliyətçiliyim, Türk millətini sevməkdən keçir. Mənim başqa xalqları aşağılamaq, xor görmək kimi niyyətim yoxdur. Mənim Türk milliyətçiliyim elə başqa xalqları sevməyimdən keçir. Mənim türk milliyətçiliyim Azərbaycanın güclü olmasını istəməyimdən, milli mənafeinin hər şeydən üstün olmasından keçir. Mənim Türk milliyətçililyim erməni tapdağında olan Qarabağın azadlığı uğrunda mübarizədən keçir. Mənim Türk milliyətçilliyim erməni əsarətində olan, təcavüzə məruz qalan, namusu erməni dığaları tərəfindən ayaqlar altına alınmış və hələ də ahı yerdə qalan qız-gəlinlərin qisasının qiyamətə qalmaması üçün mübarizədən keçər.
Erməni əsirliyində olanların bəziləri əsir düşən kimi, Biz Azərbaycanlı deyilik, fərqli millətik deməmişdilər? O vətən xainləri, gətirilib burda mühakimə olunmadılarmı? Bunlar hansı millətin nümayəndələri idi görəsən? Bax mənim türk milliyətçiliyim vətən darda olanda milli soy kökünü açıqlayaraq “mən azərbaycanlı deyiləm, başqa millətdənəm” deyərək vətənə xəyanət etməkdən deyil, vətən uğrunda ölməkdən keçir.
Ona görə də bunu bizimlə mübahisə etməsinlər. Biz Qarabağ savaşını da görmüşük, əsirlikdə olan qızıma, gəlinimə işgəncə verən Azərbaycanlı adı altında gizlənən xainləri də. Bu məsələni açmayaq. Bu açılsa uduzan onlar olar. Bizim ölkəni bölməyə çalışan separatçılar da olub. Bunlar da türkü sevməyənlər olub. Yenə daşın altından Rusa xidmət edən dırnağarası “azərbaycanlılar” çıxıb. Ona görə də, dövlətin müəyyən idarə nöqtələrində Azərbaycanı sevən, etnik ayrıseçkilik salmayan və ən vacibi milli duruşu olan insanların olmasına fikir verməliyik. Əgər bu dövlətin var olmasını istəyiriksə buna diqqət etmək məcburiyyətindəyik. Mənim üçün dövlətimin maraqları hər şeydən üştündür, milli kimliyimdən də üstündür. O qədər Türk olub vətənə xəyanət edənlər görmüşük ki, önəmli olan dövlət əxlaqı və Vətən sevgisidir.
– Əgər bu şəxslər Türkə qarşı, Rusun yanındadırsa, başqa millət vəkilimiz də deyir ki, “Bizim erməni xalqı ilə problemimiz yoxdu” yaxşı niyə o zaman hər il matəm günlərini, işğal edilmiş torpaqlarımızın günlərini anırıq, şəhidləri anırıq, Xocalı soyqırımını dünyaya tanıtmağa çalışırıq, pular xərclənir, əziyyət çəkilir? Kimə qarşı, kim üçündür bunlar? Nəyin carını dünyaya çəkirik? Bütün bunlardan sonra ağlıma bir sual gəlir. Görəsən bu insanlar üçün problem sadəcə türklükdür? Bunu düşünmür bu millət vəkilləri və akademiklər? 
Bilmirəm, onlardan soruşmaq lazımdır! Ölkənin Qarabağ və erməni məsələsi ilə bağlı apardığı bütün təbliğatlara ziyan verir bu adamlaın çıxışları.
Bəli, bizimlə sülh içində yaşamak istəyənlərlə problemimiz yoxdur, olsaydı 30 minə yaxın erməni gəlinimiz və onların uşaqları çox gözəl şəraitdə yaşamazdılar. Sorunumuz Erməni olan və soyqırımçı zehniyyəti daşıyanlarladır. Erməni qatillərinin törəttikləri cinayətlərə görə, hər il matəm günlərini, işğal edilmiş torpaqlarımızın günlərini anırıq, şəhidləri anırıq, Xocalı soyqırımını dünyaya tanıtmağa çalışırıq, pular xərclənir, əziyyət çəkilir. Kimə qarşı, kim üçündür bunlar? Bunu düşünürmü bu millət vəkilləri və akademiklər?
Əziyyəti, zəhməti yerə vurular. Ölkənin, dövlətin milli maraqlarına zərbədir. İndi özünə akademik deyən, Qacar nəslindənəm deyən akademik deyir ki, Türk dili sözünün əleyhinəyəm. Bizə türklərdən çox ziyan vuran olmayıb. Şah İsmayıl Xətai ilə Yavuz Sultan Səlimi misal çəkir. Oralara qədər getməyin, ehtiyac yoxdur. O zaman heç erməni yox idi ortada. Siz yaxın tariximizə baxın.
 
“Bunlar elə 11-ci qızıl ordunun əsgərləridir”.
Soruşarlar sizdən ki, 1905-ci ildə erməni-müsəlman davası var idi. Müsəlman dediyimiz burdakı türkləri nəzərdə tuturam. Bu hadisəni Türklər törətmişdi?
1918 ci il, hazırda yaşadığımız bu Mart ayının 31-i günü baş verən qırğını Türklər eləmişdi? Heydər Əliyev bu günü nə üçün soyqırım elan edib?
Türklər eləmişdi bunu? Qubada o kütləvi məzarlar var, onlar açıldı, uşaq demədən, yaşlı-gənc demədən dinc əhalini qıran, bəzilərini diri-diri məzara qoyan Türklər idi?
1937-ci il repressiyalarını Türklər eləmişdi?
Akademik, bunu bilməyə bilərsən bəlkə, amma yaxın tariximizi də bilmirsən hörmətli akademik?
Ən yaxın tariximizə gələk. 1990-ci il Yanvar hadisəsini Türklər törətdi?
Qarabağı Türklər işğal elədi?
Xocalı faciəsini Türklərmi yaşatdı bu millətə?
1994-cü ildə törədilən “20 Yanvar” metro stansiyasındakı terroru Türklər törədmişdi? Soruşuram sizdən? Hansı pislikdən danışırsız? Bunlar ziyan deyil sizin gözünüzdə? Bundan böyük zərər və ziyan nəyə deyirsiz? Və hələ də şəhid veririk… Bunları bilərək deyirsiniz ve ya ümumiyyətlə xəbəriniz yoxdur?
(Xatırlatma: 1994-cü il martın 19-da Bakı metropolitenin “20 Yanvar” stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Məhkəmə metrostansiyada törədilmiş terror aksiyasının Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlandığını, separatçı “Sadval” ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirildiyini sübuta yetirib. “Sadval” separatçı təşkilatının həmin fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olub, bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi Təşkilatın formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak edib. 1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyyətcə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçib.İstintaq zamanı müəyyən edilib ki, təxribatçılar təlimata uyğun olaraq, “20 Yanvar” stansiyası ilə yanaşı Bakının “Nizami” kinoteatrında, Respublika sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırıblar.”20 Yanvar” metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 Sadvalçı cinayət məsuliyyətinə cəlb edilib.)
Bütün bunların qarşısında siz hansı tarixdən danışırsınız? Bu gün Rusun kölələri nə qədər cəsarətlənib ki, indi Nuri Paşaya dil uzadırlar. Gedin şükür edin ki, Nuri Paşa, Azərbaycana gəldi. Onlar gəlməsəydi bu gün görəsən Qafqazda Türk-müsülman xalqı olardımı?
 
– Bu insanlar üçün xilaskar bəlkə 11-ci qızıl ordu olub?
– Bunlar elə 11-ci qızıl ordunun əsgərləridir. 11-ci qızıl ordu işğalçı deyil, amma Nuri paşa və ordusu işğalçıdır eləmi? Tarix boyu arxanda duran, səni müdafiə edən bir millətə kin qusasan, bu necə bir vicdandlr?, O zaman ortaya bir sual çıxır, siz kimə xidmət edirsiniz? Hansı zehniyyətin burdakı təmsilçisisiniz?.
Bütün bunlar birilərinin Türkiyə-Azərbaycan münasibətlərinə məqsədli şəkildə ziyan verməsidir. Bəlkə Avropanın, bəlkə Rusiyanın, bəlkə Vatikanın ya da Amerikanın deyə bilmərəm, amma aydın görünür ki, biriləri ciddi işləyir. Türk millətinə qarşı bir savaş açıblar. Türk millətinə qarşı həqarət edirlər. Bütün bunların arxasında Türkiyə-Azərbaycan münasibətlərinə zərər vermək durur.
– Maraqlıdır, istər ermənilər, istər farslar, ruslar bizə Türk deyir, amma öz içimizdən çıxanlar Türk demir.
– O akademikə, hansı ki, bu onun elmi tituludur, demək istəyirəm ki, istər Xocalıda, istər Bakıda törədilən qətliyamlarda, istərsə də Ermənistanda 72 oğlan uşağını diri-diri boruya salıb ağzını qaynaqlayanda ermənilər onları azərbaycanlı olduğu üçün öldürməmişdi. Türk olduqları üçün öldürmüşdü. Ermənistanda Azərbaycan Türklərinə qarşı ermənilərin törətdiyi qətliamları dövlətimizin Milli Təhlükəsizlik Nazirliyinin yayınladığı rəsmi rəqəmlərdən götürüb oxuyun sonra danışın. Zori Balayanın danışdıqlarına baxsınlar, orada Türk öldürdük yazır. Bu millətin milli duyğuları ilə oynamaq, təhqir etmək olmaz. Bu adamlar üzr istəmədilər. Bu azmış kimi, hələ çıxıb televiziya ekranlarından bir daha millətin üzünə dururlar və yalanlarını gerçekləşdirməyə çalışırlar.
Türkiyə ilə Azərbaycan bayrağına baxın. Bu bayraqları bir birindən nə seçir? 3 rəngli bayrağımızda rənglərin mənası nədir? Türklük, Müasirlik, İslamın rəngi. Bu bayrağa baxın heç olmasa, Atatürk nə deyir? Toros dağının başında hələ bir evin bacasından tüstü çıxırsa, mən bu millətdən ümidimi üzmərəm. Silahımı alıb millət uğrunda savaşaram. Bu millətdə Türklük sevgisi, vətən sevgisi varsa istər bütün Avropa, Vatikan, istər sionistlər, istər də Ruslar, istərsədə Azərbaycanda onların nökərləri gəlsə də bu milləti yox saya bilməyəcək.
– İnsanların, istər Arif müəllimə, istər Araz Əlizadəyə, istərsə də Çingiz Qacara verdikləri cavablar sizi qane etdimi? 
– Əlbəttə, Fazil Mustafa, Arif Rəhimzadəyə, akademikə və Araz Əlizadəyə anında cavab verdi, həm də ağılla, savadla, faktlarla gözəl bir cavab. Jurnalistlər arasında Rumiyyə Miraslan var. Moderator.az da işləyir. Bu qızımız elə bir milli qeyrət qoymuşdu ortaya, bu məsələ ilə bağlı hər gün bir ziyalıdan münasibət alıb yayımladığını gördüm. İctimai qınaq xoşuma gəldi. Elə şeylər var ki, onlara dil uzadmaq olmaz.
– Bu arada ermənilər də Arif müəllimə qahmar çıxıb. Deyiblər ki, Nobel Sülh mükafatı verilsin. Niyə? 
Çünki onlara ən gözəl xidməti o elədi. Əkrəm Əylisliyə də sahib çıxdılar. Çünki o da onlara xidmət etmişdi. Ermənilər Türklərə düşmən olduğu üçün Arif Rəhimzadənin də “Azərbaycanlılar Türk deyil” deməsi onların xoşuna gəlib və ermənilərə xidmət olub. Əmin olun ki, sabah bu akademikin də adını Nobel Sülh mükafatı alması üçün təqdim edəcəklər. Azərbaycanlı qızlarımızın, bacılarımızın namusuna əl uzadan, şərəf və ləyaqətini alçaldan ermənilərə xidmət etdi akademikimiz.
Bir qızımızın yazısını oxudum, əsir düşmüz və başına gələnləri yazan qızımızın yazısını oxusun o akademik, onun üzünə necə baxa biləcək bu insan?
– Erməni saytları sizin yazınızı da sankı faşıst mövqeyi kimi manşetlərinə çıxardı. Onları yaxşı, sizi də pis təqdim edirlər erməni xalqına. 
Versinlər, yazının onlara sərf etməyən hissələrini çıxarıb ixtisarla verirlər. Bunu da onların burdakı işbirlikciləri edib. Tərcümə edib, xəbər veriblər və bu yazı da boşuna erməni mətbuatına gedib çıxmadı. Burada erməni jurnalistləri nə üçündür bəs? Erməniyə xidmət edən sapı özümüzdən olan baltalar nə işə yarıyır bəs? Onsuz da erməni saytları 15 ildir məni qaralamaqla məşguldur. Kimi qaralamalıdırlar, əlbəttə ki, onların əleyhinə danışanları. Elə Fransada qəzetdə manşetdən verib düşmən elan ediblər. Məni milliyətçi, şovinist kimi qələmə verirlər. Arif müəllimi də Nobel Sülh mükafatına da namizəd kimi veriblər. Erməni xalqına xidmət etdiklərinə görə. İndi hər kəs düşünsün ki, Bu adamlar kimə xidmət edir?
– Necə düşünürsüz Ruslara yaranmaq, türklər əleyhinə çıxışlar Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə zərər verə bilərmi? 
– Əgər Türkiyəyə hansısa bir mesaj vermək üçün bu adamları danışdırırlarsa burada uduzan Azərbaycan olur. Türkiyə bu bölgədə yeganə ölkədir ki, bizim yanımızdadır. Ərazi bütövlüyündən tutmuş digər maraqlarımaza qədər yanımızdadır. Hər beynəlxalq qurumların qarşısında da istər biz, istər Türkiyə bir birimizin yanında olmuşuq və oluruq da. Türkiyəyə mesaj vermək üçün burda yaşayan Azərbaycan türklərini inkar etməkmi lazımdır? Xalqdan qisas almaqmı lazımdır? Türk milli kimliyinə hücum etmək lazımdır? Bu iş deyil, bunu kimsə eləməz. Kimsə də bunu dəstəkləməz. Və bu cür insanların açıqlamalarına görə bu sevgi yaranmayıb ki, bunlara görə də münasibətlər pozula. Bunlar tozdu, rüzgar əsib bunları türklük üstündən təmizləyəcək.
 
– Sonda, Türkiyə-Avropa məsələsini də soruşmaq istəyirəm, Avropanın Türkiyəyə münasibətini necə dəyərləndirirsiniz? 
– Avropanın bu münasibəti Türkiyəyə deyil, ümumiyyətlə Türk millətinə qarşıdır. 1959 – cu ildə Türkiyə Avropada təmsil olunmaq üçün çırpınır, üzürindən 58 il keçib Avropa hələ Türkiyəni içinə almır və almaz da. Avropa Türkiyəni birliyiyə girməsi üçün bir sürü güzəştlərə məcburedən sənədlərə imza atdırıb, hansı ki, bir dövlət olaraq Türkiyənin zərərinədir, amma yenə də Türkiyəni bu birliyə almırlar. Qəbul etmədikləri qalsın bir kənara Türkiyəni bölmərə çalışan, dövlətə silahli üsyan edən PKK-a teror təşkilatının bəzi liderlərinə demokratiya və insan haqları adı altında ev sahibliyi edir. Son hadisələr bir daha göstərdi ki, Avropa bütün insani dəyərlərini itirmiş və nazi zehniyyətinin vətəni olduqlarını bird aha göstərdilər. Türkiyəyə qarşı etdikləri bu hörmətsizliyi bütün Türk millətinə qarşı edilmiş kimi qəbul edirəm. Avropa xaçlı zehniyətinin davamçısı olduğunu bir daha dünyaya göstərdi.
Hollandiya və Almaniya ölkələr arasında olan bütün diplomatik qaydaları ayaqlar altına alıb. Türkiyə də, insan hakları deyə ölkəyə gələn nə qədər beynalxalq qurumlar varsa içəri buraxmasın gərək. Çünki, oların çoxu Türkiyəni bölməyə çalışan qurumlarla əlbirdilər. SOROS Fondunun və ona bənzər qurumların fəaliyətini yasaklasın. Daha əvvəl uyum qanunu deyilən bir yasa qəbul etmişdilər. Avropa Birliyinin təziqi altında Türkiyədən bu qanunun ləğvi istənirdi. Avropadan gələrək Türkiyəni bölmək istəyənlərlə ittifaq içində olanların Türkiyəyə girişini yasaklasa, onlar da dövlətin sərt üzünü görmüş olurlar. Avropanın Türkiyəyə qarşı bu qeyri-əxlakı davranışı qarşısında Azərbaycanın Türkiyəyə dəsdək verməsi bir daha qardaşlığımızın göstəricisi olmuşdur. Azərbaycan Türkiyə bir bədəndə iki Candır, Ayrılmazdır, hər ikisi də bizə vətəndir. (İnterpress.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı