Şok iddia - İsrail qondarma “erməni soyqrımı”nı tanımağa hazırlaşır

İsrail Xarici İşlər Nazirliyinin qondarma “erməni soyqırımı” məsələsini yenidən gündəmə gətirməsi regionda siyasi və diplomatik müzakirələri intensivləşdirib. Xüsusilə Türkiyə–İsrail münasibətlərində gərginliyin davam etdiyi, eyni zamanda Ankara ilə İrəvan arasında normallaşma prosesinin müəyyən mərhələyə qədəm qoyduğu bir dövrdə belə təşəbbüsün irəli sürülməsi müxtəlif suallar doğurur. Məsələnin mümkün regional təsirləri, eləcə də Azərbaycan–İsrail strateji tərəfdaşlığı fonunda yarana biləcək nəticələri ilə bağlı ekspertlər fərqli aspektlərə diqqət çəkirlər.

Mövzu ilə bağlı ekspertlər Crossmedia.az-a açıqlama veriblər:

media-733737170_4462123640736098_5124374452398948335_n

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı bildirib ki, Azərbaycanla hər zaman dostluq və strateji əməkdaşlıq mövqeyində olan İsrailin qondarma soyqırım məsələsini gündəmə gətirməsi xoşagələn bir durum deyil: “Xüsusilə Bakı və Ankara ilə İrəvanın münasibətlərinin normallqaşdığı bir zamanda, hətta Ermənistan hökumətinin belə bu uydurma iddianı arxa plana keçirtdiyi bir vaxtda İsrail Xarici İşlər Nazirliyinin belə bir təşəbbüsü təəssüf doğurur. Əgər təşəbbüs dəstəklənərsə, bu, İsrailin onilliklər ərzində qoruduğu diplomatik balans siyasətindən əhəmiyyətli dərəcədə uzaqlaşması kimi qiymətləndirilə bilər.

Düzdür İsrail və Türkiyə arasında müəyyən gərginlik var, amma bu addımın atılması gərginliyi daha neqativ müstəviyə daşıya bilər. Ankara belə bir qərarı tarixi və hüquqi baxımdan qəbuledilməz hesab etdiyini dəfələrlə bəyan edib və oxşar qərarlar qəbul edən dövlətlərə qarşı sərt diplomatik reaksiya verib. Buna görə də İsrail hökumətinin mümkün qərarı iki ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da mürəkkəbləşdirə bilər.

Bu məsələ ilə bağlı Təl-Əviv rəsmi Bakının da mövqeyini nəzərdən keçirməlidir. Türkiyə və onun milli martaqları bizim üçün də qırmızı xətdir. İsrailə Azərbaycan arasında tarixi bir dostluq əlaqələri var. Ermənistan isə əksinə, yəhudi dövləti üçün heç bir strateji əhəmiyyət kəsb etmir. Diplomatik və iqtisadi münasibətlər yox dərəcəsindədir. Qüds şəhərində bir qrup erməni yaşasa da, bu icma ölkə qanunlarını pozmaq, ordudan yayınmaq, vergi ödəməməkdən başqa heç bir fəallıq göstərmir. Sırf Türkiyə dövlətinin acığına erməni maraqlarına xidmət edən ədalətsiz qərarın qəbul edilməsi İsrail üçün Azərbaycanı itirmək hesabına başa gələ bilər.

Bu səbəbdən də İsrailin, həm də öz mənafeyinə zidd gedərək, qondarma erməni iddialarını qəbul edəcəyi inandırıcı deyil. Ümid edək ki, bu dəfə də qondarma soyqırım ehtimalı hüquqi qüvvə qazanmayacaq”.

Bənzər nəticələr

Daha çox