21 Noyabr 2024, Cümə axşamı - 14:12

Siz kimin yanındasınız? – Son yaşananlara sözardı

Bəzən çəkib getmək istəyir insan, arxasına baxmadan. Ortamın bu qədər toz-duman olduğu bir zamanda, çirkab qol götürüb oynadığı dönəmdə, atın önünə ət, itin önünə ot qoyulduğu, vətən xainlərinin masanın baş köşəsində oturdulduğu, vətən və millət sevərlərin sırf ölkəsini sevdiyi üçün sorğuya alındığı bir mühitdə yaşamaq və bütün bu çirkablara rəğmən, ölkən üçün çalışmak çox çətin bir işdir. Amma igidlik bu çətinliklərə rəğmən, meydanı namərdə buraxmamaq və onların yolundan getmədən, onlar kimi namərdcə beldən aşağı vurmadan, ikiüzlülük etmədən, ”dovşana qaç, tazıya tut” demədən savaşmaqdır.

Savaş isə manqal kimi ürək, cəsurluq istəyir, bunlar olmadıqdan sonra sənə sadəcə namərdlik qalır.

Uzun illərdir ki, ölkəmizin üzləşdiyi problemləri, xüsusilə, Qarabağın Ermənistan tərəfindən işğal olunmasını, Ermənistandan məcburi şəkildə köçürülmüş, Sovet İttifaqının tərkibində yaşamalarına baxmayaraq ayrı-seçkiliyə məruz qalmış Azərbaycan türklərinin dədə-baba torpaqlarından, malını-mülkünü əlindən alaraq, qışın buz kəsən soyuğunda qovulması və Sovet dövlətinin bu vəhşətə seyirci qalmasını dünyaya anlatmağa çalışmışıq, bunu özümüzə vətən-namus borcu bilmişik. Çünki torpağının 20 faizi erməni işğalında olan bir millətin övladlarının bundan önəmli nə işi ola bilər ki?

Nə yazıq ki, bu millətin düşməni sadəcə erməni və onların arxalarına aldığı böyük güclər deyil. Ən azından erməni bilinən düşməndir, bilinəndən isə qorxmazlar, onunla açıq savaşırlar. Ən təhlükəlisi isə özünü bəlli etməyən, burnumuzun dibinə qədər soxulan, sapı özümüzdən olan baltalardır. Bizdən görünərək, müxtəlif ölkələrin xüsusi xidmət orqanlarının əlində silah olan, analarının qohum-əqrabasına xidmət edənlər, Fətullah Gülən məktəblərində özəl olaraq yetişdirilən, dövlətin müxtəlif məqamlarına gətirilən məmurlar, vaxtilə, Fətullah Gülənin azərbaycanlı olduğunu təbliğ edən media patronları və onları bu ölkənin başına bəla edənlərdir. Bax, əsil təhlükəli düşmən onlardır. Bu günlərdə yenə də bir zamanlar bizi “Ergenekon” terror təşkilatına bağlayan Gülən Şəbəkəsinin Azərbaycandakı gizli və açıq nümayəndələrinin hədəfindəyik.

Səbəb nədir? Səbəb Azərbaycan üçün önəmli olan, ölkə daxilində və xaricində səs gətirən işlərimiz olmasın?! Yenə həmin koordinat, yenə həmin dalğa və ya üslub.

Bu il Azərbaycan Cümhuriyyətinin 100 illiyi münasibətilə bir sıra işlər görəcəyimizi elan etdik və bir çoxlarından fərqli olaraq, bunu gerçəkləşdirdik. Azərbaycan Türkiyə Evi və Yeni Çağ Media Qrupu olaraq, qardaş Türkiyənin böyük şəhərlərində Cümhuriyyətimizlə bağlı aprel ayında konfranslara imza atdıqdan sonra may ayında bir kampaniya apardıq. “Cümhuriyyət üçün yaz” müsabiqəsi Yeni Çağ Media Qrupu tərəfindən tam bir ay Azərbaycan Xalq Cümhuriyyətinin gündəmdə saxlamağa hədəflənmişdi və sosial mediada Cümhuriyyətimizlə bağlı belə böyük bir kampaniya aparılmasına sadəcə sevinmək olardı.

Ardınca, iyul ayının 20-22-i arası çox önəmli bir işə imza atıldı. Anadolu Yayınçılar Dərnəyi ilə Yeni Çağ Media Qrupu ATEV və Mətbuat Şurasının dəstəyi ilə qırx nüfuzlu türk jurnalistini Azərbaycana gətirdi. Haber 7 Telekanalının direktoru İbrahim Ərdoğan, Ülkə TV-nin baş direktoru Həsən Öztürk, “Axşam” qəzetinin köşə yazarı Emin Pazarcı,“Yeni Şafak” qəzetinin yazarı, Avrasiya Jurnalistlər Dərnəyinin sədri Murat Palavar, “Hürriyyət” qəzetinin köşə yazarı Dəniz Zeyrek, “İnternet Haber” saytının baş redaktoru Hadi Özışık, “Akit” qəzetinin Ankara təmsilçisi Hacı Yakışıklı, “Kanal 7” telekanalının Ankara təmsilçisi Mehmet Acet, “Kanal 24”ün Ankara təmsilçisi Melik Yigitel, “Çay TV”nin baş redaktoru Həsən Yavuz Bakır, “Urfa TV”nin sahibi İbrahim Toru… Yəni, Türkiyənin dörd bir yanından olan qələm sahibləri, televiziya rəhbərləri, təmsilçiləri Azərbaycan üçün burada idilər. Bizim xeyir-duamızla, Aqil Ələsgərin təşkilatçılığı ilə çox böyük bir işə imza atıldı. Media Forumda Azərbaycan-Türkiyə əlaqələri ilə bağlı önəmli mesajlar verilməklə yanaşı, sonrasında türk mediasında yazılanlar çox qürurverici idi. Bu işlərdən azacıq xəbəri olanlar bilir ki, xarici jurnalistlər çox həssas olur və ölkələrinə döndükdən sonra yazdıqları yazılarda mütləq neqativ bir-iki məqamı da qabardırlar ki, obyektiv görüntü yaransın. Ancaq Türkiyənin çox məşhur olan bu qələmləri ölkəmizdən təriflə bəhs etdilər. Həm İlham Əliyevin Türkiyə ilə bağlı siyasətini, həm Azərbaycanın inkişafını diqqət mərkəzində tutub, çox önəmli yazılara imza atdılar. Hətta “Azərbaycandan sizə salam gətirmişəm” deyən də oldu, “Azərbaycan mediası ilə daha çox çalışmaq lazımdır” yazan da. Qısacası, Azərbaycan-Türkiyə media əlaqələri, Azərbaycanın türk mediasında tanıtımı baxımından çox strateji bir addıma imza atıldı. Təəssüf ki, aylar öncədən planlaşdırılan başqa bir proqram səbəbilə ölkədə olmadığımdan, bu tədbirlərdə şəxsən iştirak edə bilmədim, fəqət hər bir anı çox diqqətlə izləyirdim və yüksək səviyyədə keçməsi üçün əlimizdən gələni edirdik.

Aqil Ələsgər media forumla bağlı uğurlu bir iş ortaya qoyarkən, iş adamı Hüseyin Büyükfırat ölkəmiz üçün önəmli bir proyekti iqtisadiyyat nazirimiz Şahin Mustafayevin iştirakı ilə Cocuq Mərcanlıda açıqlayırdı. Belə ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə həyata keçirdiyi layihələr çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində istixana və arıçılıq təsərrüfatları yaradılıb. Ayrıca, bu işlərin əsas memarlarından olan, aylardan bəri sırf bu işlə məşğul olub, doğulduğu Urfadan, çalışdığı Bakıdan çox bu qəsəbəmizdə olan, “Made in Jojuk Merjanli” brendi ilə məhsul istehsal etmək ideyasının müəllifi Hüseyin Büyükfırat bildirib ki, “Ermənilər üzərində zəfərin simvolu olan Cocuq Mərcanlı adının beynəlxalq markaya çevrilməsi istiqamətində işlərimiz davam edir. İlk olaraq istixana və arıçılıq layihəmiz artıq yekunlaşdı. Suvenir fabrikinin də inşası davam edir. Görülən bütün işlər prezidentimiz İlham Əliyevin təlimatlarına uyğun olaraq İqtisadiyyat Nazirliyinin böyük dəstəyi, Türkiyənin Azərbaycandakı səfirliyi və türk iş adamlarının dəstəyi ilə həyata keçirilir”. Qeyd edim ki, xaricə ixrac ediləcək, eləcə də, turistlərə təqdim olunancaq o suvenirlər Qarabağın Azərbaycana aid olmasına dair hər bir əcnəbi üçün bir təbliğat vasitəsi olacaq.

Tam da Azərbaycan üçün strateji əhəmiyyətli bu tədbirlər keçirilərkən, üçüncü mühim işə Toğrul Allahverdili imza atdı. Diasporumuzun bir çox dəyərli nümayəndələrini Bakıda topladı. Görüşdük, simvolik mükafatlar təqdim olundu. Diasporumuzun gələcəyi ilə bağlı çox nikbin çıxışlara imza atıldı.

Bütün bunlar olarkən, nələr baş verdi? Mənşəyi bəlli olmayanlar tərəfindən ölkəmiz üçün təmənnasız bu qədər mühim işlər görənlər total hücuma məruz qaldılar. Bu yetmirmiş kimi, Aqil Ələsgər sorğu-suala çəkilir, haqqında müxtəlif iftiralar yayılır. Hansı ki, bu qaralama kampaniyası olmadan belə, hansı qurum çağırarsa, getməkdən çəkinməyəcək, gördüyü işlər, apardığı mübarizə ortada olan, çoxları “hocaəfəndi” deyərək, ətək öpmək sırasında olduğu zaman bizimlə birlikdə, FETÖ-yə qarşı mübarizə aparan, Qarabağı, Xocalını hər platformada təbliğ edən Aqil Ələsgərdən bəhs edirik. Dövlət adamlarının məsələyə müdaxiləsi ilə yanlış ortadan qalxınca, bu dəfə isə gerçək, bu millətə düşmənlik bədbəxtliyinə düçar olmuş birisi tərəfindən ağır iftiraya məruz qaldı. Aqil Ələsgərə qarşı edilən yanlışlığın ortadan qaldırılması üçün çaba göstərən hər kəsə, özəlliklə Azərbaycan Mətbuat Şurasının sədri, hörmətli millət vəkili Əflatun Amaşova çox təşəkkür edirəm ki, gerçək söz sahibi olan jurnalistlərə sahib çıxaraq, milli bir mövqe nümayiş etdirdi.

Ardınca, Toğrul hədəf seçildi, Diaspor Komitəsi ilə üz-üzə qoyulması üçün əllərindən gələni edənlər onun üzərindən bizi hədəf seçməyə başladılar.

Bu sifarişçiyə azlıq edirmiş ki, Hüseyin Büyükfıratı da bu cərgəyə aid etdi. Azərbaycan əleyhinə çalışanlar haqqında söz deməyə cəsarəti olmayanlar, Cocuq Mərcanlı üçün gecəsini-gündüzünü həsr edən Büyükfıratla bağlı FETÖ-nün illər öncə uydurduqları yalanlar yenidən rəflərdən endirildi. Cocuq Mərcanlını dünyaya tanıtmaq istəməsi kimləri narahat edə bilər ki? Hüseyin Büyükfıratın Qafqaz İslam Ordusunun Azərbaycandan şəhid olan türk əsgərlərinin məzarlarını axtarıb-tapıb, təmir etməsimi narahat edir birilərini? Yoxsa, illərdən bəri kimsənin yadına düşməyəndə Axıskadan vətənimizə sığınan türkləri tapıb, onlara oğulluq, qardaşlıq etməsimi?

Qısacası, mən salam verdiyim və dost bildiyim insanları zor zamanlarda yalnız buraxmaram. İnsan qüsursuz olmaz, ancaq mənim ətrafımda Azərbaycanı, eləcə də Türkiyəni sevməyən insanlar ola bilməz. Mənim ətrafımda dövlətimizin maraqlarını öz həyatından üstün tutan insanlar ola bilər. Necə ki, varlar. Bu gənc övladlarımız bacardıqları qədər və öz imkanları ilə vətənlərinə xidmət etməyə çalışırlar. Onlar ölkələrinin milli maraqlarına heç vaxt xəyanət etməyəcək qədər təpədən dırnağa milli duruşa sahibdirlər. Yoxsa onların milli olmasımı birilərini narahat edir? Onlarındamı bəzi qələm sahibləri kimi bu ölkəyə və millətə yazdıqları yazılar və kitablarla xəyanət etdikdən sonra baş köşələrdə oturmalarını istəyirsiniz? Bu gənclərin ölkə başçısı İlham Əliyevə sədaqətlə xidmət etmələrimi sizləri narahat etdi? Prezidentin əsgəri olmalarındanmı narahat oldunuz? Bu milli gəncləri qovaraq namərdmi etmək istəyirsiniz? Boşuna çalışmayın, onlar sizin qruplararası davanızın oyunçuları olmayacaqlar. Çünki onlar Azərbaycan və onun Prezidenti, ali baş komandan İlham Əliyevin yoluna baş qoymuş gənclərdir. Bu duruşlarımı sizi rahatsız edir əcaba? Biz dünən də dövlətimizin və Prezdentimizin yanındaydıq, bu gün də ordayıq. Siz kimin yanındasınız, onu bilən varmı? Varsa söyləsin, biz də bilək!..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı