22 Noyabr 2024, Cümə - 13:47

Sabir Rüstəmxanlıya Aydan Rüstəmxanlıdan böyük sürpriz

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində millət vəkili Sabir Rüstəmxanlının yaradıcılığına həsr olunan konfrans keçirildi.

Tədbiri giriş sözü ilə Samir Adıgözəlli açaraq, tədbirin millət vəkili Sabir Rüstəmxanlının qızı Aydan Rüstəmxanlıya verdi. Atasının bütün şeirlərinə bəstələnmiş mahnıları bir araya toplayaraq, S.Rüstəmxanlıya doğum günü sürprizi edən Aydan Rüstəmxanlı bu proyekti davam etdirəcəyini bildirdi: “Sabir bəyin ad günü, əslində, sabahdır. Amma o sabah səfərdə olduğu üçün bu gün qeyd edirik ad gününü. Bu gün həm də Atatürkün ad günüdür, həm də gənclər günü kimi qeyd edilir. Deməli, atamın ruhu gəncdir. Mən Sabir Rüstəmxanlı haqqında iki tərəfdən danışa bilərəm. Həm atam, valideynim kimi, həm də xalq şairi, millət vəkili kimi. Atamla fəxr edirəm. Çox xoşbəxtəm ki, belə atam var. Millət vəkili, xalq şairi kimi isə etdikləri göz qabağındadır. Xalq onu, yazdıqlarını sevir. Bir daha atamı təbrik edirəm. Sağ ol ki, varsan ata”. Daha sonra isə Aydan Rüstəmxanlı atasının sözlərinə yazılmış mahnıları toplanmış diski təqdim edib. Diskdə Aydan atasının “Ana” şeirini səsləndirib. Sonra çıxış edən tanınmış ziyalı Sona Vəliyeva şair haqqında xatirələrini bölüşüb: “Kaş həmişə aydın işığına toplaşaq. Sabir bəyi təbrik edirəm. Çağdaş ədəbiyyatımızın ən önəmli insanlarımızdan biridir. Məmməd Arazın, Xəlil Rzanın və Sabir Rüstəmxanlının ruhu yaşadığı sərhəd adamı olmasından irəli gəlir. Millətin ikiyə bölünməsi daim bu şairlərin taleyində mühüm rol oynamaqdadır. O ruh onların yolunu müəyyənləşdirdi”. Sona xanım çıxışını bu fikirlərlə yekunlaşdırdı: “Harda Azərbaycan dili səslənirsə, dilin özü vətəndir. Sabir bəyin ruhu da sərhədsizdir. Onun ruhu həmişə türkçülüklə bağlı olub. Sabir bəy hələ sovet dönəmində “Şəhər sovetinə məktub” və “Sağ ol ana dilim” kimi şeirləri oxuyardı. SSRİ zamanında da belə cəsarətli idi. Hər könüldə ev tikmək, sevilmək hər şairə müəssər olmur. Həm də Sabir bəy fəxr edə bilər ki, belə övladları var. Aydan bu layihəni etməklə atasının yaradıcılığına nə qədər önəm verdiyini göstərdi “. Türkiyənin milli sənətçisi və fikir adamı Əhməd Şəfəq Sabir Rüstəmxanlının əsərlərindən sitatlar gətirərək, “Sabir Rüstəmxanlı bir işığın prizmaya dönüşməsidir. Bütövlüyün yolçusudur. Sabir bəyin kitablarında bütövlük yolunda necə mübarizə aparılmalı, bu öyrədilir. Sabir Rüstəmxanlı bizə yol göstəricisidir.” söylədi. Əhməd Şəfəq sözünü bu cümlə ilə bitirdi:”Sabir Rüstəmxanlı tarixi ayağa qaldıran kişilərdəndir. O, tarixlə milləti barışdırmaq yolundadır”. Cahandar Bayoğlu isə bunları söylədi: “Sabir Rüstəmxanlı millətin həm dərdini deyib, həm onu müalicə edən aydınlarımızdandır. Sabir bəyin keçirdiyi bütün görüşlərində hər zaman milli mövqe sərgiləmişdir. Mən Xətai yurdundan göy Tanrıya uzanan yolda uğurlar arzulayıram”. Şairin həyat yoldaşı, türk dünyasının mənəvi anası Tənzilə Rüstəmxanlıya da söz verilib: “Övladlar o vaxt dəyərli olur ki, valideynləri onlara baxanda utanmır. Mən Aydana təşəkkür edirəm. Bİlirəm ki, o bizi utandırmayacaq heç vaxt. Sabir bəyin qızı təkcə atasına deyil, bütün türk dünyasının ziyalılarına həsr edəcək bu layihəni. Mən Aydana dəstək olan bütün insalara təşəkkür edirəm. Xüsusilə, Sona Vəliyeva və Əhməd Şəfəqə”.

Sonda iştirakçılara təşəkkür edən xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı qızı Aydanın təşkil etdiyi bu tədbirin onu kövrəltdiyini deyib: “Mənim bu işlərdən xəbərim yox idi. Hətta içəri girənə kimi mənə demədi. Təşəkkür edirəm. Gənclərin çıxışı məni fərəhləndirdi. Aydanın özünə çox sağ ol deyirəm. Mən meydan hərəkatında milyonlarla insanın qarşısında çıxış etmişəm. 20 Yanvarda üstümüzə ordu gəlib, amma təşviş keçirməmişəm”. Daha sonra incəsənət xadimlərinin ifasında Sabir Rüstəmxanlının şerləri və mahnıları səsləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı