Prezidentin Zəngilan görüşü: Humanizm və qətiyyətin nümunəsi - Tənzilə Rüstəmxanlı yazır

Prezident İlham Əliyevin işğaldan azad olunmuş bölgələrə hər səfəri tarixi hadisədir. Hər rayonun spesifik xüsusiyyətləri, burda aparılan abadlıq-quruculuq işləri və 44 günlük Vətən Müharibəsində həmin rayonda keçirilmiş döyüş əməliyyatları bu səfərləri məzmunca bir-birindən fərqləndirir. Bu səfərlər zamanı xüsusi diqqət çəkən məqam isə dövlət başçısının doğma yurd yuvalarına qayıdan insanlarla söhbəti və onların qarşısında etdiyi çıxışda yer alan mühüm mesajlardır.

media-whatsapp-image-2025-12-17-at-21-04-54

Zəngilan şəhərində keçirilən görüşdə Azərbaycan Prezidenti Vətən Müharibəsi şəhidi Samir Sarıyevin atasına qarşı jesti nə qədər humanist və kövrək idisə, Qalib Komandan kimi çıxışında yer alan məqamlar, konkret ünvanlara dövlətimizin mövqeyini ifadə edən fikirlər bir o qədər sərt və qətiyyətli idi.

Dövlət başçısı görüşdə çıxışı zamanı həm regiondakı mövcud geosiyasi vəziyyətə, həm də Azərbaycan-Ermənistan münasibətlərinə toxunaraq mühüm mesajlar verib. Prezident hər dəfə bu cür görüş və tədbirlərdə çox haqlı olaraq tez-tez tarixə ekskursiya edir, bir çox mühüm məqamları xatırladır, yaddaşı zəif olanların yaddaşını təzələyir.

Görünən odur ki, buna ciddi ehtiyac var. Çünki zaman keçdikcə, vaxtilə Azərbaycana təzyiq edən, ölkəmizi mövcud işğal faktı ilə barışmağa çağıran, reallıqları qəbul etdirməyə çalışan tərəflər bu gün də müxtəlif platformalarda yenidən aktivləşirlər. Onları hər dəfə yerində oturtmaq üçün Azərbaycan Prezidenti sərrast ifadələrlə, tarixi faktlara istinad etməklə məsələlərə bir daha aydınlıq gətirir.

Azərbaycan dəfələrlə bəyan edib ki, regionda xarici hərbi-siyasi müdaxilə sülhə deyil, qarşıdurmaya xidmət edir. Azərbaycan müharibə istəmir, lakin öz təhlükəsizliyini təmin etmək üçün bütün imkanlara malikdir. Ermənistan və onun havadarları anlamalıdır ki, revanşist qüvvələrin hakimiyyətə gəlməsi ilk növbədə erməni xalqının özü üçün faciəyə çevriləcək.

Cənab Prezident məsələlərə ətraflı münasibət bildirməklə bir daha onlara xatırlatdı ki, öz yerlərini bilsinlər. Yalandan guya Ermənistana və erməni xalqına dəstək nümayiş etdirməklə nəyəsə nail olmaq mümkün deyil. Bu regionda həyata keçiriləcək bütün layihələr birmənalı şəkildə Azərbaycanın razılığı və iştirakı ilə mümkündür. Bundan kənarda heç bir variant yoxdur.

Biz torpaqlarımızı işğaldan azad etməklə yanaşı, eyni zamanda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçiririk. İnsanlarımızın geri qayıdışını təmin edirik. Biz sivil qaydada öz dövlətimizi gücləndirir və regionda sülhə, sabitliyə xidmət edən siyasət yürüdürük.

Azərbaycan müharibəni bitirib və regionda davamlı sülhün tərəfdarıdır. Dövlət başçısının dediyi kimi, əgər Azərbaycan istəməsəydi, bölgədə sülhdən danışmaq mümkün olmazdı. Bu gün bəzi xarici dairələr, xüsusilə Fransa Prezidenti Emmanuel Makron populist bəyanatlarla Ermənistanı müdafiə etməyə çalışır. Halbuki 2020-ci ildə Ermənistan ağır məğlubiyyətə uğrayanda həmin dairələr heç nə edə bilmədilər.

Bu gün sərhəddə yerləşdirilən dırnaqarası Avropa müşahidəçiləri də vəziyyəti sabitləşdirmək yox, əksinə, gərginliyi artırmaq məqsədi daşıyır. “Binokl diplomatiyası” qəbuledilməzdir. Ermənistan və onun havadarları anlamalıdırlar ki, Azərbaycana qarşı istənilən təxribat çox sərt şəkildə cavablandırılacaq.

Prezident İlham Əliyevin Zəngilan sakinləri ilə görüşündə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan artıq yeni tarixi mərhələyə qədəm qoyub. Dövlətimizin gücü, xalqımızın birliyi və Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində ölkəmiz regionun əsas siyasi, iqtisadi və hərbi güc mərkəzinə çevrilib.

Bu gün azad edilmiş torpaqlarda aparılan quruculuq işləri Azərbaycanın gələcəyinin daha güclü, daha təhlükəsiz və daha firavan olacağının ən parlaq göstəricisidir.

Bənzər nəticələr

Daha çox