Prezidentin Naxçıvan səfəri mühüm strateji mesajdır - Tənzilə Rüstəmxanlı yazır

Ölkəmizin bütün regionlarının inkişafı hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olmuşdur. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın Şanlı Qələbəsindən sonra işğaldan azad edilən ərazilərimizin bərpası, burada tam yeni infrastrukturun yaradılması, işğal illərində dağıdılmış şəhər, qəsəbə və kəndlərin yenidən inşası və illərlə döğma yurdlarından didərgin düşmüş soydaşlarımızın mərhələli şəkildə geri qayıdışı iləri ölkə başçısının rəhbərliyi ilə uğurla həyata keçirilir.

Ölkədəki inkişaf onun ayrılmaz hissəsi olan Naxçıvanda da davam etdirilir. Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində avqustun 11-də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində də bildirilib ki, son 23 il ərzində ilk növbədə Naxçıvanın müdafiə potensialının gücləndirilməsi məsələsi prioritet məsələlər sırasında olmuşdur.

Prezident İlham Əliyevin səfər çərçivəsində verdiyi bəyanatlar Naxçıvanın gələcək inkişaf proqramının aydın yol xəritəsidir. Hərbi qüdrət, enerjinin şaxələndirilməsi, sənayeləşmə və tarixi-mədəni irsin qorunması prinsiplərinə söykənən bu strategiya Azərbaycanın milli maraqlarının qorunmasına və regionun uzunmüddətli geosiyasi sabitliyinə birbaşa töhfə verir.

Cənab Prezident Naxçıvana səfəri çərçivəsində bir çox obyektlərin açılışında iştirak etdi və bir sıra müəssisələrin tikintisi ilə tanış oldu. Dövlət başçısının Naxçıvana növbəti səfəri təkcə muxtar respublikanın sosial-iqtisadi həyatındakı yenilikləri nümayiş etdirmədi, hücum və müdafiə imkanlarının ardıcıl olaraq möhkəmləndirilməsinin dövlətin prioritet siyasəti olaraq qaldığını növbəti dəfə təsdiqlədi.

Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi bu gün yüksək səviyyədə qorunur. Naxçıvan istehsal etdiyi məhsulları ilə demək olar ki, özünü təmin etməyə keçib.

Tikintisi davam etdirilən və açılışı edilən müəssisələr də Naxçıvanın gələcək təminatının təhlükəsizliyinə xidmət edəcək. Xüsusilə su elektrik stansiyasının inşası bu bölgəmizin enerji asılılıığını aradan qaldıracaq.

Naxçıvanda müasir innovasiyalara əsaslanmış iqtisadiyyat qurulur. Bütün bunlar deməyə əsas verir ki, Naxçıvan Muxtar Respublikasında Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf xətti Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.

Əminik ki, Naxçıvan Muxtar Respublikası bundan sonra da inkişaf edəcək və Azərbaycanın dilbər guşəsi olaraq daha da gözəlləşəcək.

Bənzər nəticələr

Daha çox