Milli Qurtuluş Günü: Dövlətçiliyi qoruyan tarixi dönüş nöqtəsi - Tənzilə Rüstəmxanlı yazır

1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, ölkənin inkişafının sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-i tarixi gün olmaqla yanaşı, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması ilə əlamətdardır.

media-whatsapp-image-2025-12-17-at-21-04-54-1

1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edərək Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəni ictimai-siyasi pərakəndəlikdən və anarxiyadan xilas etdi, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyənləşdirdi.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində müasir dövlət quruculuğu prosesinə başlanıldı, hüquqi və demokratik təsisatların formalaşdırılması istiqamətində mühüm addımlar atıldı.

1995-ci il noyabrın 12-də referendum (ümumxalq səsverməsi) nəticəsində qəbul olunan Konstitusiya müstəqil dövlətçiliyin hüquqi əsaslarını möhkəmləndirdi, insan hüquq və azadlıqlarının təminatı, demokratik idarəetmə prinsipləri və qanunun aliliyi təsbit edildi.

Eyni zamanda, həyata keçirilən iqtisadi islahatlar və 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” neft sazişi ölkənin iqtisadi inkişafında yeni mərhələnin əsasını qoyaraq xarici investisiyaların cəlb edilməsinə, enerji sektorunun sürətli inkişafına və sosial rifahın yüksəlməsinə şərait yaratdı.

Bununla yanaşı, ordu quruculuğu və milli təhlükəsizlik sahəsində görülən işlər nəticəsində nizami Silahlı Qüvvələr formalaşdırıldı, müdafiə potensialı gücləndirildi və dövlətin təhlükəsizlik sistemi möhkəmləndirildi. Beləliklə, siyasi sabitliyin təmin olunması, hüquqi dövlət quruculuğu, iqtisadi yüksəliş və güclü ordu yaradılması istiqamətində həyata keçirilən ardıcıl siyasət müasir dövlətimizin hərtərəfli inkişafının möhkəm təməlini formalaşdırdı.

Məhz uzun illər ərzində həyata keçirilən uğurlu dövlət quruculuğu, güclü iqtisadi potensialın yaradılması və müasir ordu quruculuğu siyasəti 2020-ci ildə Vətən müharibəsində qazanılan möhtəşəm Qələbənin əsasını təşkil etmişdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı nəticəsində 44 gün ərzində işğal altında olan torpaqlarımız azad edilmiş, tarixi ədalət bərpa olunmuşdur.

Şuşanın azad edilməsi Vətən müharibəsinin kulminasiya nöqtəsinə çevrilmiş və düşmən kapitulyasiya aktını imzalamağa məcbur olmuşdur. Bununla xalqımızın 30 ilə yaxın davam edən həsrətinə son qoyulmuşdur.

2023-cü ilin sentyabr ayında həyata keçirilən bir günlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində dövlət suverenliyi tam bərpa edilmiş, qanunsuz silahlı birləşmələr tərksilah olunmuş və separatizmə son qoyulmuşdur.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdış Proqramının uğurla icrası və azad edilmiş torpaqlarda həyatın yenidən canlandırılması Milli Qurtuluşdan başlanan yolun tarixi Zəfərə və tam suverenliyə aparan uğurlu inkişaf xətti olduğunu bir daha təsdiqləyir.

Bənzər nəticələr

Daha çox