29 Mart 2024, Cümə - 13:55

Məşhur Hindistan aktyorunun şərəfinə ziyafət verildi – FOTOLAR

Hindistanın məşhur film aktyoru, Bollivud ulduzu Avinaş Saçdevin şərəfinə ziyafət verilib. Ziyafətdə xalq şairi, DAK-ın sədri Sabir Rüstəmxanlı, Azərbaycan – Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlı, iş xanımı Məlahət Qurbanova, Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana, ziyalılar, media və şou-biznes nümayəndələri iştirak edib.

Tədbirdə Bollivud ulduzu çıxış edərək tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib:

“Səmimi olaraq etiraf edim ki, 3-4 ay bundan əvvəl xəyal edirdim ki, Azərbaycana gəlim, bu xalqla tanış olum. Çox sevinirəm ki, artıq yaxından tanış oldum. Sevincim çox yüksək səviyyədədir. Və əlavə edərək qeyd edim ki, Sabir müəllim, Tənzilə xanım, mənə göstərdiyiniz qayğıya görə minnətdarlığımı bildirirəm”.

Azərbaycan – Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlı da çıxış edərək qonaqları salamlayıb:

“Avinash Saçdevi sizin simanızda gözəl Azərbaycan xalqını gördü. Bunun üçün də tədbirdə iştirak edən hər kəsə təşəkkür edirəm”.

Daha sonra Avinash Saçdeviyə Azərbaycan – Türkiyə Evinin adından mükafat və portret təqdim olunub. Təqdimatı DAK-ın sədri Sabir Rüstəmxanlı edib.
Ziyafət Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin çıxışları ilə davam edib.

Qeyd edək ki, bu gün Avinaş Saçdevinin gəlişi ilə bağlı mətbuat konfransı da keçirilib. Sabah isə, yəni iyunun 28-də “Nizami” sinema-klubda imza günü və fanatları ilə görüşü nəzərdə tutulub. Məqsəd Hindistanla Azərbaycan arasında mədəni əlaqələrin qurulması və Avinaşın fanatları olan ölkələrdə Azərbaycanın təbliğatını aparmaqdır. Aktyor Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlının dəvəti ilə 26-30 iyun tarixlərində ölkəmizdə səfərdə olacaq. Bu dəvət Azərbaycanın dünyada tanıdılmasına hesablanıb.
Xatırladaq ki, Avinaş Saçdevi Türkiyənin “Kanal 7” televiziyasında yayımlanan “Tatlı bəla” serialının qəhrəmanıdır. Hindistanlı aktyor Türkiyə, İran, Rusiya, Qafqaz, ərəb ölkələri və Latın Amerikasında daha çox tanınır. Bu ölkələrdən dəfələrlə dəvət olunsa da aktyor ilk olaraq Azərbaycana gəlməyi seçib.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı